22 Dekabr 2024, Bazar

Şahbuz rayonunda kompleks quruculuq tədbirləri davam etdirilir

Şahbuz rayonu da muxtar respublikanın digər bölgələri kimi, bu gün inkişaf və tərəqqinin yeni müstəvisinə qədəm qoyub. Son illər bu rayonda həyata keçirilən kompleks quruculuq tədbirləri mövcud problemlərin aradan qaldırılmasını təmin etməklə yanaşı, bölgə sakinlərinin məşğulluq probleminin də həllinə müsbət təsirini göstərib. “Muxtariyyət ili”ndə isə quruculuq tədbirlərinin həcmi bir qədər də artıb. Bu gün bölgənin müxtəlif ünvanlarında geniş vüsətilə diqqəti çəkən kompleks quruculuq tədbirlərini davamlı dövlət qayğısı kimi dəyərləndirən şahbuzluların sevinc hisslərini duymaq çətin deyil.

Kompleks quruculuq tədbirləri həyata keçirilən ünvanlardan biri Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Xalq şairi Məmməd Arazın doğulub boya-başa çatdığı Nursu kəndidir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nəbi Əmişovla həmin obyektlərdə olduq.

Öyrəndik ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin bir qrup inşaatçısı kənddə mövcud məktəb binasının yenidən qurulması ilə məşğuldur. Onlar yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərir, keyfiyyət amilini diqqət mərkəzində saxlayırlar. Müasir layihəyə əsasən, binaya idman zalı, iki laboratoriya, iki elektron lövhəli sinif əlavə edilir. 234 şagird yerlik məktəb binasının yenidən qurulmasında yerli inşaat materiallarından istifadəyə üstünlük verilir.
Kənd məktəbinin müəllimi Qəzənfər Məmmədovla elə tikinti gedən obyektin yaxınlığında həmsöhbət oluruq:
– Nursu kəndi qədim tarixə malikdir. Bu yaşayış məntəqəsində fəaliyyət göstərən məktəbi bitirən məzunlar sırasında çoxlu fəlsəfə və elmlər doktorları, müxtəlif peşə sahibləri var. Məktəb binasının yenidən qurulması pedaqoji kollektivin məsuliyyətini daha da artıracaq, kollektiv uzun illər boyunca əldə edilmiş təhsil ənənələrini qoruyub saxlamaqla göstərilən qayğıya əməli işlə cavab verəcək.
Kənddə həm də nursuluların sağlamlığı keşiyində dayanacaq həkim ambulatoriyası üçün yeni binanın inşa edildiyini bildirən kənd sakini, təqaüdçü Mehdixan Əhmədov həmyerliləri adından minnətdarlıq hisslərini dilə gətirdi. İki mərtəbədən ibarət olacaq ambu­latoriya binasının yaxınlığında isə daha bir obyektin inşası aparılır. Bu bina isə kənd mərkəzi üçün nəzərdə tutulub. Kənd mərkəzində bu yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatlar üçün hərtərəfli şərait yaradılacaq. Nursuluların böyük sevincinə səbəb olan yeni obyektlərdən biri də bu yaşayış məntəqəsini doğma Azərbaycanımızın hüdudlarından kənarda belə tanıdan Xalq şairi Məmməd Arazın bir vaxtlar yaşadığı evin sökülüb yenidən inşa olunmasıdır. Burada şairin ev-muzeyi yerləşəcək.
Kənddə inşa olunan obyektlərdən biri isə xidmət mərkəzi üçün nəzərdə tutulub.

Rayonun daha bir ucqar dağ kəndi Gömür quruculuq tədbirləri həyata keçirilən yaşayış məntəqələrindən biridir. Bu kənddə də bir neçə ünvanda yeni obyektlər inşa olunur, məktəb binası yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları kənddə xidmət və kənd mərkəzləri üçün yeni binaların inşası və məktəb binasının yenidən qurulması ilə məşğuldurlar. Görülən işlərə kənd camaatının münasibətini öyrənmək üçün bir neçə gömürlü ilə həmsöhbət olduq. Onların dediklərinə görə, bir neçə il əvvəl bu yaşayış məntəqəsində quruculuq tədbirlərinə start verilib. Öz dədə-baba yurdlarından didərgin düşüb buraya üz tutanlara dövlətimiz tərəfindən 19 ev tikilib. Kənd sakini Məmmədəli Ağayev belə qayğı üçün dövlətimizə minnətdar­lığını bildirdi.
Bir neçə il əvvəl aparılan kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevrilmiş Badamlı qəsəbəsində inşası sürətlə davam etdirilən körpü bu yaşayış məntəqəsi sakinlərinə dövlətimizin növbəti qayğısı kimi dəyərləndirilir.
Rayon mərkəzi Şahbuz şəhərində də bir neçə ünvanda quruculuq işi həyata keçirilir. Onlardan biri 216 şagird yerlik Şahbuz şəhər 2 nömrəli tam orta məktəb üçün inşa edilən binadır. Bu tədbir rayonda təhsilin inkişafına göstərilən qayğının parlaq ifadəsidir. Gələcəyimiz olan məktəbəqədəryaşlı uşaqlar da unudulmayıb. Rayon mərkəzinin ən gözəl ünvanlarından birində inşa edilən bağça binası 220 yerlikdir. Qeyd edək ki, Şahbuz şəhərində inşa olunan binalardan biri də Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün nəzərdə tutulub. Bu tədbirləri isə “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Daha bir quruculuq tədbiri isə Şahbuz şəhərinin ən gözəl ünvanlarından biri olan Heydər Əliyev prospektinin genişləndirilməsidir. Bu məqsədlə prospekt boyunca yol kənarları yenidən işlənir, həyətlərə dövlət hesabına hasar çəkilir.
Bəli, bir vaxtlar gözdənuzaq, könüldəniraq olan bu yurd yeri yenidən qurulmaqdadır. Dövlətimizin daimi qayğısı Şahbuzu artıq müasir rayona çevirib. Bu da rayon sakinlərinin doğma yurd yerlərinə bağlılıq hisslərini daha da gücləndirib.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR