İyulun 4-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilmişdir. Fəaliyyət göstərən istehsalçı, topdan və pərakəndə satış sahibkarlarının birgə görüşündə muxtar respublikada yaradılmış istehsal müəssisələrinin tam gücü ilə fəaliyyət göstərə bilməməsi səbəbləri, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov açaraq region iqtisadiyyatında özəl bölmənin inkişafına göstərilən dövlət qayğısından danışmış, müasir dövrdə qarşıya qoyulmuş vəzifələrin aktuallığından bəhs etmişdir. Qeyd edilmişdir ki, muxtar respublika iqtisadiyyatının dinamik inkişaf etdirildiyi bir dövrdə hər bir sahibkarın qarşısında bu dinamikanın qorunub saxlanılması, regionda yeni iş yerlərinin yaradılması və yerli istehsal məhsullarının satışına üstünlük verilməsi, ixracyönümlü fəaliyyətə keçilməsi vəzifəsi qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında istehsal olunan yerli məhsullara analoq olan idxal məhsullarının satışına daha çox üstünlük verən bir sıra ticarət xidməti sahibkarlarının bu məsələdə məsuliyyətli olmaları diqqətə çatdırılmışdır.
Vurğulanmışdır ki, artıq hər bir sahibkar öz işini günün tələbləri səviyyəsində qurmağı bacarmalı, aldığı kreditlərin düzgün istifadəsinə çalışmalı, ticarət obyektlərində yerli məhsulların satışına diqqət artırılmalıdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov muxtar respublikada daxili bazarın qorunması istiqamətində gömrük orqanları qarşısında qoyulmuş vəzifələrdan bəhs edərək qeyd etmişdir ki, bu gün regionun iqtisadi təhlükəsizliyinin təmin edilməsi dövlətimizin əsas qayğılarından biridir. Vurğulanmışdır ki, bazar iqtisadiyyatı şəraitində bu məsələnin həlli iqtisadi mexanizmlər və tənzimləmə tədbirləri əsasında aparılır. Bununla yanaşı, bu məsələdə hər kəs öz sosial məsuliyyətini əvvəlcədən duymalı və bu işdə vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Belə ki, lazım oldu-olmadı bazara idxal məhsulların alınıb gətirilməsi yerli istehsalçıların bazar payının azalmasına səbəb olur ki, bu da onların işinin zəifləməsinə gətirib çıxarır. Bu məsələdə gömrük orqanları ilə digər dövlət orqanlarının müştərək fəaliyyət göstərməsi muxtar respublikadakı bütün sahibkarların mənafelərinin qorunmasına xidmət edir.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı Zaur Bağırovun yerli istehsalın qorunmasında gömrük orqanlarının gördüyü işlər, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Anar Cəfərovun istehsal müəssisələrinin fəaliyyətində mövcud çətinliklərlə bağlı aparılmış təhlillərin nəticələri, Namiq Əhmədovun yerli istehsalın satışının stimullaşdırılması istiqamətində mövcud vəziyyət və Emin Zeynalovun “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis olunması və müəssisələrdə marketinq işinin təşkili mövzularında çıxışları olmuş, qarşılıqlı müzakirələr aparılmış, sahibkarların fikirləri dinlənilmişdir.
Tədbirə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov yekun vurmuşdur.
Əli CABBAROV