22 Dekabr 2024, Bazar

“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ateroskleroz, ürək, xərçəng, diabet, mədə yarası, bronxial-astma, pnevmoniya xəstəlikləri, eyni zamanda immunitetin zəifləməsi, infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabı zamanı müalicə məqsədilə istifadə edilir.

Məlumat üçün qeyd edək ki, “Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmış­dır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü daha da artırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkə­mizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Burada ikimərtəbəli inzibati bina tikilmiş, yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yaradılmışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir.
Müəssisəyə iki boru xətti çəkilmişdir. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir. Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və hər birinin tutumu 250 ton olan qapalı hovuzlara yığılır. Hovuzlarda su 2 gün saxlanılır, sonra filtrdən keçirilərək istehsal sexinə verilir. Suyu boşaldıqdan sonra hovuzlar xüsusi maddələrlə yuyulur, dezinfeksiya edilir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 10 çeşiddə mineral su istehsal olunur.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Zavodda tələbata uyğun olaraq, 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, cari ilin ilk 4 ayında 1 milyon 100 min ədəd su istehsal edilmiş, 36 min 600 ədədi muxtar respublika ərazisində, 75 min 500 ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılmışdır. “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə Almaniya istehsalı olan “Mercedes-Benz Axor” markalı yük avtomobilləri alınmışdır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000-2005 və İSO-9001-2008 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Badamlı” mineral süfrə suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin təminatıdır. “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti “Biznesdə Uğur-2013” mükafatının ilin ixracatçısı nominasiyası üzrə qalibi olmuşdur. Cari ilin ötən dövründə bağlanmış müqaviləyə əsasən, 21 min 200 ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir. Qeyd edək ki, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin iqtisadi əlaqələri daha da genişləndirilmiş, cari ilin ilk 4 ayında istehsal edilən “Badamlı” mineral süfrə suyunun 30 faizi muxtar respublika ərazisində satışa çıxarılmış, 68 faizi Bakı şəhərinə və müxtəlif regionlara, 2 faizi isə Rusiya Federasiyasına ixrac olunmuşdur. Zavodda istehsal edilən məhsulun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR