Dövlətin yüksək qayğısı sayəsində Şərur rayonunun inkişaf tempi daha da artır. 2014-cü ilin ötən ayları ərzində həyata keçirilən tədbirlər, qazanılan uğurlar bunu bir daha sübut edir. Mayın 30-da daha bir obyekt – Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Həyata keçirilən tikinti-quruculuq işlərinin sırasına Şərur şəhərinin və rayon mərkəzinə yaxın bütün kəndlərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması da daxildir. Böyük həcmdə dövlət vəsaiti hesabına başa gələcək bu layihə icra olunduqdan sonra əhali fasiləsiz və ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcək, çirkab sularının axıdılmasında heç bir problem yaranmayacaqdır.
Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərinin bir istiqamətini də yaşayış binalarının təmir olunması və yenidən qurulması təşkil edir. Bu tədbirlərin davamı olaraq, Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli, 18 mənzilli binada əsaslı təmir işləri aparılır.
Tikinti-quruculuq işləri Şərurun kəndlərində də geniş vüsət almışdır. Belə obyektlərdən biri yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddəki fəaliyyətini özündə əks etdirən muzey üçün yeni binanın inşa olunmasıdır. Məlumat üçün bildirək ki, mövcud muzey binası sökülərək müasir arxitektura üslubunda tikilmiş yeni binada əsas inşaat işləri başa çatdırılıb. Muzey binasına yaxın ərazidə isə mədəniyyət evi yenidən qurulur və tarixi abidə – Buzxana əsaslı təmir olunur.
Cəlilkənddə əhalinin məişət problemlərinin həlli üçün nəzərdə tutulmuş xidmət mərkəzinin tikintisində də işlər sürətlə gedir. Dəmir-beton işlərinin başa çatdığı obyektdə hazırda arakəsmələr hörülür, binanın daxilində və fasad hissəsində suvaq işləri aparılır, dam örtüyü vurulur. Xidmət mərkəzində ət satışı dükanı, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Kürkənddə üç mərtəbədən ibarət 216 şagird yerlik məktəb binası, xidmət və kənd mərkəzləri, Diyadində üçmərtəbəli, 88 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri tikilir, Püsyanda 630 şagird yerlik məktəb binası, həkim ambulatoriyası və kənd mərkəzi, Dizədə 198 şagird yerlik məktəb binası yenidən qurulur, həmin yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binalar inşa olunur, Axurada 198 şagird yerlik məktəb binası əsaslı təmir edilir.
Tikintilərdə, əsasən, yerli inşaat materiallarından istifadə olunur. İnşaatçılar öhdələrinə götürdükləri obyektlərin tikintisini nəzərdə tutulmuş vaxtda başa çatdırmağa çalışırlar.
Beləcə, Şərur rayonu özünün tarixi-mədəni ənənələrini qoruyub saxlamaqla hərtərəfli sosial-iqtisadi inkişaf mərhələsini yaşamaqdadır. Gündən-günə müasirləşən, aparılan quruculuq işləri nəticəsində yeni görkəm alan, gözəlləşən Şərur daha uca zirvələr yolundadır.
Xəbərlər şöbəsi