Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, nazirliyin strukturuna daxil olan təşkilatların mütəxəssisləri və Babək rayonundan olan bir sıra torpaq mülkiyyətçilərinin iştirakı ilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında “Kartofun mexaniki üsulla becərilməsinin əhəmiyyəti” mövzusunda tarla seminar müşavirəsi keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd kənd təsərrüfatında bitkiçiliyin inkişaf etdirilməsində elmin son nailiyyətləri əsasında tətbiq olunan mütərəqqi texnologiyaların istehsalçılara çatdırılması, əkin sahələrinin becərilməsində əl əməyindən istifadənin azaldılması, mütərəqqi suvarma üsullarının tətbiq edilməsi işinin yerinə yetirilməsi vəziyyətini öyrənmək idi.
Seminar-müşavirəni “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramov açaraq “Kartofun mexaniki üsulla becərilməsinin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Sonra nazirliyin mütəxəssisləri Ədalət Hüseynovun, Zərrab Əfəndiyevin, Nüsrət Əliyevin, Bitki Mühafizə Stansiyasının rəisi İlqar İbrahimovun, Naxçıvan Muxtar Respublikası Dövlət Toxum Müfəttişliyinin əməkdaşı Xaliq Abbasovun, Layihə Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Məhəmməd Qaybalıyevin məruzə ətrafında çıxışları olmuşdur. Çıxışlarda bildirilmişdir ki, əkin keçirilməzdən öncə torpağın analizi aparılmalı, keyfiyyətli toxum sortlarından və texnikalardan səmərəli istifadə edilməli, vaxtında suvarma, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalıdır.
Sonda kartofa aqrotexniki qulluq qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması haqqında hazırlanmış informasiya kitabçaları sahibkarlara təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti