Bu günlərdə “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb. Ümummilli lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” fikirlərinin işığında nəşr olunan jurnalda bu dəfə də oxuculara maraqlı materiallar və məqalələr təqdim edilib.
Jurnalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ölkə Prezidentinə 7 yanvar 2014-cü il tarixli müraciəti, “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı və həmin Sərəncamla təsdiq olunmuş Tədbirlər Planı oxuculara təqdim olunur. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ölkə Prezidenti cənab İlham Əliyevə 7 yanvar 2014-cü il tarixli müraciətini Naxçıvan tarixinin böyük proqramı hesab etmək olar. Milli dövlətçilik nöqteyi-nəzərindən Naxçıvanın əhəmiyyətini, sözün tam mənasında, ortaya qoyan müraciətdə muxtariyyət dövrü tarixinin dövrləşdirilməsi ilə bağlı son söz deyilmişdir.