Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Təminat Xidməti, Dövlət Məşğulluq Xidməti, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi əməkdaşlarının iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev açaraq seminarın mahiyyətindən danışıb.
Komissiyanın şöbə müdiri Rafiq Nəcəfov çıxış edərək bildirib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Vurğulanıb ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
Qeyd edilib ki, dövlət qulluqçusu bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrini yerinə yetirməsinə təsir etməsinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalı, qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Şöbə müdirinin sözlərinə görə, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
Seminara Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev yekun vurub.
Xəbərlər şöbəsi