Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda 1 avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Ana Dili Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və inkişafı istiqamətində misilsiz xidmətlərindən danışan nazir bildirib ki, dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlayıb. Hələ sovetlər dönəmində Moskvanın təzyiqlərinə baxmayaraq, xalqımızın böyük oğlu Heydər Əliyev misilsiz cəsarət göstərərək 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail olub.
Dahi rəhbərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması öz əksini tapıb. Ulu öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı Ana dilimizin inkişafında, ədəbi dil normalarının tətbiqində mühüm rol oynayıb. Bundan sonra “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun qəbul edilib.
Nazir bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaradıb.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev “Azərbaycan dilinin tarixi və yayım arealı” mövzusunda məruzə ilə çıxış edib. Alim qeyd edib ki, qədim və zəngin tarixə malik Ana dilimiz tarixin sərt sınaqlarından çıxaraq milli-mənəvi dəyərlərimizi yaşadan ən böyük milli dəyər və sərvətimizdir. Bu gün Azərbaycan əlifbası və dili dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon azərbaycanlının doğma əlifbası, doğma dili, ünsiyyət vasitəsi olmaqla bərabər, onları bir-birinə qırılmaz tellərlə bağlayan çox güclü amildir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edərək Ana dilimizin zənginliyindən söhbət açıb. Bildirilib ki, dilimizin zənginliyini bu dildə yaranmış dastanlar, nağıllar, bayatılar, rəvayətlər, atalar sözləri və digər xalq yaradıcılığı nümunələri də sübut etməkdədir. İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyli, M.Ə.Sabir, M.Araz və başqa görkəmli söz sənətkarları bu dildə möhtəşəm əsərlər yaradıblar. Vurğulanıb ki, Ana dili unudulmazdır, o, ülvi məhəbbətə və ehtirama layiqdir. Bugünkü gəncliyin vəzifəsi babalarımızın bizə miras qoyduğu, əmanət etdiyi Ana dilimizin saflığını qorumaqdan ibarətdir.
Əli RZAYEV