Dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində valideynlərin hüquq və vəzifələrinə, həmçinin şəhərsalma məqsədilə abadlaşdırma məsələlərinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açmış, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Tədbirdə Naxçıvan şəhər prokurorunun müavini, birinci dərəcəli hüquqşünas Qalib İsmayılov “Valideynlərin hüquq və vəzifələri, valideyn hüququ” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, valideynlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci fəslində təsbit olunmuşdur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Onlar uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla, təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
Vurğulanmışdır ki, valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.
Sonra Naxçıvan şəhər prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas Əqil Əliyev çıxış edərək bildirmişdir ki, abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin, fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Abadlaşdırma tədbirləri əvvəlcədən mülkiyyətçilər və digər maraqlı şəxslərlə müzakirə edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxslərə lazımi məsləhətlər verir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi