Avqustun 24-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra əsgərlər əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov çıxış edərək hərbi andın əhəmiyyətindən danışıb, əsgərləri əlamətdar gün münasibəti ilə təbrik edib. Mərasimdə bölük komandirləri baş leytenant Dönməz Məmmədov, baş leytenant Aslan Əliyev, baş leytenant Ramil Quliyev, kiçik çavuş Vəli Rzayev, əsgər Əli Əhmədli, həmçinin Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, valideynlərdən Şahin Əkbərov çıxış edərək Vətənə sədaqət andı içən əsgərləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, polkovnik Hikmət Kərimov mərasimdə çıxış edərək Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolundan, eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin insanların təhlükəsizliyi naminə həyata keçirdiyi tədbirlərdən danışıb.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti