Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclası giriş sözü ilə agentliyin Baş direktoru Yasin Səfərov açaraq bildirmişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlər cari ildə də davam etdirilmiş, Şərur rayonu ərazisində gücü 20,5 meqavat olan “Arpaçay-1” və gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilmişdir.
Qeyd olunmuşdur ki, cari ilin ilk 7 ayında muxtar respublikanın elektrik şəbəkələrinə 363 milyon 659 min kilovat-saat elektrik enerjisi daxil olmuşdur. Bunun 40 milyon 877 min kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 262 milyon 818 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 343 min kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 27 milyon 587 min kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 28 milyon 232 min kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 410 min kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 3 milyon 390 min kilovat-saatı Heydər Əliyev Su Anbarındakı SES-də istehsal edilərək elektrik şəbəkələrinə verilmişdir. Ötən 7 ay ərzində Türkiyə Respublikasına 102 milyon 585 min kilovat-saat elektrik enerjisi verilmiş, İran İslam Respublikası ilə enerji mübadiləsi aparılmışdır.
Vurğulanmışdır ki, 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər davam etdirilmiş, əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınıb gətirilməsi diqqət mərkəzində saxlanılmış, Türkiyə Respublikasından yarımstansiyalar üçün eleqaz açarları, ayırıcılar, turbin yağları, işıqlandırma dirəkləri, kabellər, Ukrayna Respublikasından güc transformatorları, müxtəlif izolyatorlar alınmış, yeni avadanlıqların alınması üçün müqavilələr bağlanmışdır. Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılmasında operativliyi təmin etmək məqsədilə mütəxəssislərdən ibarət təmir-bərpa briqadalarının fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Enerji təsərrüfatında istismarda olan mövcud avadanlıqlara və xətt təsərrüfatlarına müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. Qəzalara səbəb olan və istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, naqillər bərkidilmişdir. Qış mövsümündə baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün maşın-mexanizmlər saz vəziyyətə gətirilmiş, kifayət qədər mal-material ehtiyatı yaradılmışdır. İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə olunması və sərf olunan elektrik enerjisinin dəyərinin sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir.
Yasin Səfərovun sözlərinə görə, 2014-cü ilin ilk 7 ayında Babək rayonunda yeni 1260 kilovolt-amper güclü 2 transformatorlu müasir avadanlıqlar, mühafizə və avtomat qurğular qoyulmuş, 35/10 kilovoltluq Kərimbəyli transformator yarımstansiyası tikilib istismara verilmişdir. Kəngərli rayonu ərazisində 110/35/10 kilovoltluq 35 meqavolt-amper güclü 2 transformatorlu müasir yarımstansiyanın, 10 kilometr uzunluqlu 110 kilovoltluq, 4 kilometr uzunluqlu 35 kilovoltluq, ikidövrəli elektrik verilişi xətlərinin tikintisinə başlanılmış, zəruri avadanlıqlar alınmış, 10 meqavolt-amper güclü transformator sifariş verilmişdir.
Muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində, ümumilikdə, 16 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 41,5 kilometr uzunluğunda yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş, 18 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 76 ədəd 35/6/10 və 10/0,4 kilovoltluq transformator təmir edilib şəbəkələrə qaytarılmışdır.
Qarşıda duran vəzifələrdən də danışan baş direktor Yasin Səfərov diqqətə çatdırmışdır ki, payız-qış mövsümündə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğuna nəzarət gücləndirilməli, istifadə müddəti başa çatmış elektrik dirəklərinin və elektrik xətlərinin yeniləri ilə əvəzlənməsi işi davam etdirilməlidir. İşçilərin payız-qış mövsümündə isti geyim və təhlükəsizlik avadanlıqları ilə təminatına ciddi diqqət yetirilməli, yaşayış məntəqələrində yerləşən transformator və yarımstansiyaların ətrafında təhlükəsizlik sədləri çəkilməlidir. Sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməli, istehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında və tam həcmdə yığılmasına nəzarət gücləndirilməli, enerji israfçılığının qarşısını almaq məqsədilə nasazlıqların operativ şəkildə aradan qaldırılmasına diqqət artırılmalıdır. Elektrik enerjisindən istifadə zamanı meydana çıxan texniki itkinin standartlara uyğun olaraq minimum səviyyəyə endirilməsi üçün əlavə tədbirlər görülməli, tələb olunan mal-materialın, avadanlıqların muxtar respublikaya alınıb gətirilməsi və ehtiyatının yaradılması istiqamətində görülən işlər davam etdirilməlidir. Eyni zamanda elektrik hava xətlərinin yeraltı xətlərlə əvəz olunması və kadrların hazırlanması işi diqqət mərkəzində saxlanılmalıdır.
Sonra Naxçıvan Modul Elektrik Stansiyasının direktoru Məhərrəm Abbasov, Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyev, Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin direktoru Yunis Əliyev, Kəngərli Rayon Elektrik Şəbəkəsinin direktoru İsmixan Nağıyev görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat vermişlər.
Kərəm HƏSƏNOV