Avqustun 16-da Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində ixtisas kursunu başa vurmuş gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edib. Bildirilib ki, ölkəmizdə milli ordu quruculuğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ordu quruculuğuna başlayan ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm addımlar atılıb. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun gücləndirilməsi prosesi xeyli sürətləndirilib.
Həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Qeyd olunub ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 2013-cü ilin dekabr ayında Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, bu ordunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr hazırlığı istiqamətində atılan uğurlu addımlar muxtar respublikanın etibarlı mühafizəsini təşkil etmək üçün daha geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hərbi hissələrdə xidmət üçün hərtərəfli şərait yaradılıb, onlarla yeni binalar – əsgəri-məişət kompleksləri, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilib. Bütün bu tədbirlər ordumuzu regionda ən güclü hərbi birliyə çevirib.
Vurğulanıb ki, bu gün ixtisas kursunu tam başa vurmuş gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kurs dövrü müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlara yiyələniblər. Onlar müxtəlif hərbi hissələrdə öz xidmətlərini layiqincə davam etdirəcəklər. Ordu komandanı məzunlara xidmətlərində uğurlar arzulayıb.
Məzunlar adından çıxış edən gizir Bəhruz Məmmədov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elnur Seyidov Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.
Valideyn Əyyar Əsgərov isə məzunlara xoş arzularını çatdırıb, övladının hərbçi olmasından böyük qürur hissi duyduğunu deyib.
Sonra məzunlara ixtisas hazırlığı kursu bitirmələri haqda sertifikatlar təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub.
Xəbərlər şöbəsi