23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 11-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib. Tədbiri cəmiyyətin sədri Mahir Əliyev açıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin rəisi Mərdan Hacıyev çıxış edərək bildirib ki, cəmiyyətin idarə strukturlarında təsərrüfatın 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlığına dair 1 avqust 2014-cü il tarixdə müvafiq qərargah yaradılıb, ötən mövsümdəki işlər təhlil edilərək aşkar olunan nöqsanlar nəzərə alınmaqla bir sıra tədbirlər həyata keçirilib. Belə ki, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə baş və stansiya yollarının vəziyyəti yoxlanılıb, kəskin ehtiyac duyulan sahələrdə 23 ədəd yarımyararlı ağac şpal, 240 ədəd təzə ağac şpal və 123 ədəd dəmir-beton şpal dəyişdirilərək 50 metr yararsız rels yenisi ilə əvəz edilib. Relslərdə olan qüsurların vaxtında aşkar edilməsi, yoldəyişdirici qurğuların və qaynaq calaqlarının yoxlanılması məqsədilə yollarda müvafiq ölçmələr aparılır.
Stansiyalarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 141 ədəd rele, 13 ədəd radio-rabitə bloku, 125 metr magistral kabel dəyişdirilib. Ordubad-Vəlidağ sahəsində yararsız vəziyyətdə olan 311 ədəd müxtəliftipli izolyator, 2 ədəd 10 kilovoltluq ayırıcı, 130 metr kabel, 350 metr alçaqgərginlikli elektrik ötürücü xətti dəyişdirilib, obyektlərə 11 ədəd elektron sayğac quraşdırılıb. Culfa, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarının dam örtükləri sinkləşdirilmiş şifer materialı ilə örtülüb.

Cəmiyyətin Yük və Sərnişin Daşımaları İdarəsinin rəis əvəzi Mübariz Allahverdiyev qeyd edib ki, Culfa lokomotiv deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onların cari və depo təmirləri diqqətdə saxlanılıb. Bildirilib ki, cari ildə elektrovozların normal və fasiləsiz işini təmin etmək məqsədilə 24 ədəd təkər cütündən 14 ədədi dəyişdirilib, 10 ədədi isə ehtiyatda saxlanılır. 2014-cü ilin ilk 7 ayında 76 ədəd müxtəliftipli vaqonda cari və ya depo təmiri işləri aparılıb. Lokomotivlərin və istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 10,7 ton sürtgü yağı tədarük edilib. Vaqonların qış mövsümündə qızdırılması üçün 53,3 ton daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq mövsüm ərəfəsində 20 ton daş kömürün alınıb gətirilməsi təmin ediləcəkdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin rəisi Ramazan Şıxəliyev və cəmiyyətin Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsinin rəis əvəzi İntizam Mustafayev çıxış edərək bildiriblər ki, texniki, inzibati və yardımçı binaların dam örtüklərinə, qapı və pəncərələrinə baxış keçirilib, nasos stansiyalarının xətləri, qurğu və avadanlıqları yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılıb. Təhlükəsizlik komandalarının gözətçi məntəqələrində təmir işləri aparılıb, geyim və yataq əşyalarının təmizliyi təmin edilib. Dəmiryol təsərrüfatında çalışan bütün aidiyyəti işçilər xüsusi geyim, ayaqqabı və fərdi mühafizə vasitələri ilə təchiz olunublar. Sahələrdə istifadə edilən və standartlara cavab verməyən bütün işçi alətləri yenilənib.
Qeyd olunub ki, son illər əsaslı təmir olunmuş və yenidən qurulmuş sərnişin vağzalı və inzibati binalarda 9 ədəd fərdi qazanxana quraşdırılıb. Təmir sexlərində və digər strukturlarda isə 6 ədəd “Kombi” markalı qızdırıcıdan istifadə olunur. İstismar edilən bütün qazanxana və qızdı­rıcı­lara texniki baxış keçirilərək onların saz vəziyyətdə olması təmin edilib.
Sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Tədbirə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Mahir Əliyev yekun vurub.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR