Şərurun hüsnünü daha da gözəlləşdirən budur
...Nə qədər cəld tərpənsəm də, operativ işləməyə səy göstərsəm də, Şərur haqqında hazırladığım bu yazının əl-ayağını mümkün qədər tez yığışdırmağa çalışsam da, əmin olduğum şəksiz bir həqiqət var: bu yazı qəzetdə çap olunana qədər Şərurda, necə deyərlər, az qala bir qəzetlik yenilik olacaq. Yox, elə çıxmasın ki, mən yazı üzərində həftələrlə işləmişəm. Qətiyyən. Məsələnin sirri, sehri, mahiyyəti ondadır ki, Şərurda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürəti, həyata keçirilən tədbirlərin dinamikası ilə ayaqlaşmaq, sadəcə olaraq, qeyri-mümkündür. Səbəbi isə çox sadədir: Şərurda sürət və dinamika aylarla, illərlə yox, həftələrlə, günlərlə, hətta saatlarla ölçülür.
Ola bilsin ki, bu dediklərimiz kimlər üçünsə inandırıcı görünməz, möcüzə, fantastika təsiri bağışlayar. Bax belə yerdə yaxşı deyiblər: həqiqət fakta söykənir. Elə isə buyurun, mən sizi fakt və həqiqətlərlə üz-üzə qoyuram.
Bir əlavəm də var: qoy həssas oxucu bizi fakt və rəqəmlərin çoxluğuna görə qınamasın. Son illər Şərurda həyatın bütün sahələrində əldə edilən görünməmiş inkişaf və irəliləyişi, rayonda tikilən sosial obyektləri, salınan parkları, xiyabanları, küçə, yol və körpüləri, əhalinin sosial ehtiyaclarının daha da dolğun ödənilməsi istiqamətində görülən genişmiqyaslı tədbirləri, müasir və yüksək zövqlə qurulmuş, yaradılmış əsrarəngiz gözəllikləri göstərməyin, təqdim etməyin başqa yolunu görmədik...
Hər sahədə yüksəliş, hər sahədə uğur var
7 aprel 2014-cü il. Şərurluların yaddaşına ən xoş xatirələrlə həkk olunmuş unudulmaz bir gün. Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində rayonda “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmiş və ictimaiyyət nümayəndələri ilə görüşdə demişdir: “Bu gün Naxçıvanda əlamətdar bir gündür. Biz “Arpaçay-1 və 2” su elektrik stansiyalarının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisə bir daha onu göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır”.
Təbii ki, ölkə başçısının görülüb başa çatdırılmış işlərə verdiyi yüksək qiymət şərurlulara qol-qanad verir, onları ikiqat-üçqat səy və fədakarlıqla çalışmağa ruhlandırır. Bütün bunlar isə özünü cari ilin birinci yarısında əldə edilmiş konkret nəticələrdə göstərir. Bu dövrdə “Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzinin binaları istifadəyə verilib. Şərur şəhərində əl topu oyunları idman meydançasının, Texniki Peşə-Təlim Mərkəzi binasının tikintisi, Şərur şəhər icra nümayəndəliyinin, Şərur bələdiyyəsinin və Məşğulluq Mərkəzinin yerləşəcəyi inzibati binanın yenidən qurulması davam etdirilir.
Həyata keçirilən tikinti-quruculuq işlərinin sırasına Şərur şəhərinin və rayon mərkəzinə yaxın bütün kəndlərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması da daxildir. Böyük həcmdə dövlət vəsaiti hesabına başa gələcək bu layihə icra olunduqdan sonra əhali fasiləsiz və ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcək.
Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərinin bir istiqamətini də yaşayış binalarının təmir olunması və yenidən qurulması təşkil edir. Bu tədbirlərin davamı olaraq, Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli, 18 mənzilli binada əsaslı təmir işləri aparılır.
Ümumiyyətlə, rayonda cari ilin ilk 6 ayında bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 35 milyon 882,3 min manat olub. Bunun sayəsində tikinti-quruculuq işləri Şərurun kəndlərində də geniş vüsət alıb. Belə obyektlərdən biri yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddəki fəaliyyətini özündə əks etdirən muzey üçün yeni binanın inşa olunmasıdır. Muzey binasına yaxın ərazidə isə mədəniyyət evi, xidmət mərkəzi yenidən qurulur və tarixi abidə – Buzxana əsaslı təmir olunur.
Kürkənddə 216, Diyadində 88, Püsyanda 630, Dizə və Axurada 198 şagird yerlik məktəb binaları yenidən qurulur, Kürkənd və Diyadində kənd və xidmət mərkəzləri, Püsyanda həkim ambulatoriyası və kənd mərkəzi, Dizədə həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, Çomaxturda iki məhdud fiziki imkanlı şəxs üçün fərdi ev inşa edilir, Dəmirçiyə içməli su xətti çəkilir.
Bir sözlə, Şərur bu gün dinamik inkişaf yolundadır. Rayon mərkəzində, yaxın və uzaq kəndlərdə də hər gün bir yenilik duyulur, yaşayış məntəqələri daha gözəl, daha yaraşıqlı görkəm alır.
Aqrar sahə: göstəricilər uğurludur
Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən bir az da bu sahə haqqında yazmaq istərdim. Rayonda aqrar sahədə qazanılan uğurlar ildən-ilə artmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara yardım və kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaradıb. Belə ki, 2014-cü ilin ilk 6 ayında 359 nəfər torpaq mülkiyyətçisinə 349 min 40 manat yardım edilib və 925 min 300 kiloqram mineral gübrə paylanıb. Bunlarla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası lizinq yolu ilə satılıb. Göründüyü kimi, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlərlə, toxum və gübrə ilə təminatı yaxşılaşdırılıb.
Görülən məqsədyönlü tədbirlər nəticəsində bu ilin məhsulu üçün 17 min 112 hektar sahədə əkin aparılıb ki, bunun da 9 min 184,1 hektarını taxıl zəmiləri təşkil edib. Biçin vaxtında başa çatdırılıb, 28249 ton taxıl istehsal olunub. Bu, hər hektardan 30,8 sentner məhsul deməkdir. 752 hektar sahədə kartof, 1569 hektar sahədə tərəvəz, 623 hektar sahədə qarğıdalı, 489 hektar sahədə paxlalı bitkilər, 30 hektarda günəbaxan, 471 hektar sahədə bostan bitkiləri də aqrotexniki qaydada becərildiyindən bol məhsul yetişdirilib. İndiyədək tarlalardan 8401 ton kartof, 13964 ton tərəvəz yığılıb, bağlardan 13 min 30 ton meyvə dərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu sahədə işlər davam etdirilib, yaz aylarında 6 hektar yeni bağ salınıb, 10 hektar meyvə bağında bərpa işləri aparılıb.
Faktlar, həqiqətlər
Yuxarıda qeyd etdiyim kimi, həqiqət fakta söykənir. Beləliklə, iqtisadi, sosial və mədəni sahələrdə əldə edilən yüksəlişi əks etdirən yüzlərlə fakt və rəqəmlərdən yalnız bir hissəsini oxucuların nəzərinə çatdırıram.
2014-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu 1,8 faiz artaraq 43 milyon 586,4 min manata, kənd təsərrüfatı məhsulları 5,2 faiz artaraq 38 milyon 862,2 min manata, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz artaraq 103 milyon 400,4 min manata, əhaliyə göstərilən pullu xidmətlər 4 faiz artaraq 16 milyon 503,4 min manata, nəqliyyatda yük daşınması 2,1 faiz artaraq 881,4 min tona çatıb. Tikinti işlərinin həcmi 2,5 faiz artaraq 33 milyon 492,1 min manat olub. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 364,4 manat təşkil edib. 2009-cu ildən bəri rayonda 2 min 913 yeni iş yeri açılıb ki, bunun da 351-i cari ilin ilk 6 ayının payına düşür.
İlin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən poçt və rabitə müəssisələri tərəfindən 1,8 faiz çox xidmət göstərilib. Cari ilin ilk 6 ayında pensiyaların vaxtında ödənilməsi təmin edilib, 3 milyon 331 min 846 manat məcburi dövlət sosial sığorta haqqı yığılıb. Bu, əvvəlki ilin müvafiq dövründən 573 min 79 manat çoxdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş 2 vətəndaşa, 1 nəfər müharibə əlilinə, 1 nəfər Çernobıl qəzası əlilinə, 3 nəfər hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxsə “NAZ-Lifan” markalı minik avtomobilləri verilib.
Heydər Parkı sakinlərin ən gözəl istirahət məkanıdır
Şərurluları xalqımızın ümummilli lideri Heydər Əliyevlə qırılmaz tellər bağlayır. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ulu öndər Heydər Əliyev Şərura da həmişə böyük qayğı göstərib. Buna görə də Şərur şəhərinin mərkəzində, Heydər Əliyev prospektində salınan parka xalqımızın böyük oğlu Heydər Əliyevin adının verilməsi ümummilli liderimizə şərurluların hörmət və ehtiramının daha bir ifadəsidir.
İsti, bürkülü yay günləri davam edir. Şərurlular dincəlməyə, istirahət etməyə parka gəlirlər. Bu günlərdə biz də yolumuzu həmin məkandan saldıq.
Xalqımızın ümummilli liderinin əziz xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsi olan Heydər Parkı bir sənət əsəri təsiri bağışlayır. Burada daş üstə qoyulan hər daşın, görkəmi ilə seçilən hər nadir ağacın, rənginə, ətrinə görə yerləşdirilən hər gülün-çiçəyin sözlə ifadə olunmayan öz mənası, öz anlamı var.
İstirahət edən, dincələn insanlara yaxınlaşıram. Bir nəfər uzaqdan diqqətimi cəlb edir. Dərhal tanıyıram. Bu, Azərbaycan Respublikasının əməkdar müəllimi, Muğanlı kənd tam orta məktəbinin direktoru İsa Hüseynovdur. İsa müəllim deyir:
– Yurdumuzun torpağı münbit, suyu bol, havası saf, adamları sadə, mehriban, zəhmətkeş və qədirbiləndirlər. Bu gün Şərurda elə bir insan tapmaq mümkün deyil ki, ürəyində ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət yaşatmasın. Hələ ötən əsrin 70-ci illərində Şərurdakı mənzərə indiki yaşlı nəslin yaddaşına pozulmaz şəkildə həkk olunub. O illərdə bölgə sakinlərinin həyat tərzi müqayisəedilməz dərəcədə dəyişdi. Rayon mərkəzində, kəndlərdə çox sayda yaraşıqlı evlər tikildi, yüzlərlə kəndli minik avtomobili aldı. Övladlarımızın SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün geniş imkanlar açıldı. Odur ki, indi mühüm dövlət postlarında, ölkə iqtisadiyyatının həlledici sahələrində çalışan yüzlərlə, minlərlə yüksəkixtisaslı kadrlar müdrik rəhbər Heydər Əliyevin qayğısını həmişə minnətdarlıqla xatırlayırlar.
Mən hər gün bu parka gəlirəm. Bizim kəndlə buranın arası 7-8 kilometr olar. Parkda yaradılan şərait, səliqə-sahman məni heyran edir. Bu uşaqlar nəvələrimdir. Bakıdan gəliblər. Deyirlər ki, sizin park Bakının parklarından heç də geri qalmır. Bu sözləri eşidəndə, əlbəttə, adamın ürəyi dağa dönür.
Parkı gəzirəm. Hər addımda qarşılaşdığım insanların gözlərində, çöhrəsində işıq, rahat, qayğısız həyat və yaşayışdan doğan xoşbəxt bir təbəssüm, sabaha olan böyük inam və ümid qığılcımları görürəm...
Regional inkişafın aydın üfüqləri
Bəli, Şərurda həyat qaynayır. Bu gün çəkilən zəhmət, axıdılan alın təri tezliklə öz fərəhli bəhrələrini verəcək, daş üstə qoyulan hər daş gözoxşayan binaya çevriləcək, əkilən hər ağac, hər gül kolu, abadlaşan hər küçə, yenidən qurulan hər park Şərurun gözəlliyinə yeni naxışlar vuracaq. Görülən işlərin miqyası və dinamizmi, adamların yüksək əhval-ruhiyyəsi, ümumi yüksəliş ab-havası onu göstərir ki, sosial-iqtisadi inkişafımıza xidmət edən proqramlar uğurla həyata keçiriləcəkdir: yetər ki, məqsədin aydın, niyyətin xoş olsun.
Sonda yadıma son vaxtlar Şərurda tez-tez eşitdiyim sözlər düşür: belə getsə, bir-iki ilə Şəruru nəinki qonaqlar, heç özümüz də tanımayacağıq. Regional inkişafın üfüqləri aydın görünür.
Cəfər ƏLİYEV