23 Dekabr 2024, Bazar ertəsi

Bu yaxınlarda Ermənistan mətbuatında “Gələcəyi olmayan kənd” adlı yazı dərc olunmuşdur. Düşmən ölkədə yaşayışın çətinliyi və əhalinin köçüb getməsindən bəhs edən həmin yazı ilə oxucuları tanış edirik.
Ermənistanın Ararat rayonunun Yerasx kəndi Yerevandan cəmisi 60 kilometrlikdə yerləşir. Lakin onun mövqeyi və sərhədyanı yaşayış məskəni statusu, ilk növbədə, Naxçıvanla qonşu olması ilə müəyyənləşir. Bu qonşuluq çox şərtidir, çünki o, tökmə torpaq, qum doldurulmuş çəllək və kisələr, bir də nə vaxtlarsa qardaş olmuş xalqları ayıran tikanlı məftillərlə bitir. Avtomobil trasının Yerasxdan Kərkiyəcən olan hissəsi boyunca tökmə torpaq qurğusunu Naxçıvan tərəfdən açılan atəşlərin qarşısını almaq məqsədilə bir neçə il əvvəl qonşuların bir sıra sərrast atəşindən sonra yaratmışlar. Qum doldurulmuş çəllək və kisələr isə Ermənistan silahlı qüvvələrinin mövqeyinin sonuncu dəfə gözlənilmədən atəşə tutulmasından və iki hərbi qulluqçunun ölümündən sonra meydana çıxdı. Kəndin 127 təsərrüfatında rəsmən minə yaxın sakin yaşayır. Əslində isə yerasxlıların sayı 750 nəfəri keçmir. Kənd Araz çayı vadisində münbit Ararat düzənliyinin ən aşağı nöqtəsində yerləşir və əkilən torpaqlar və bağlarla əhatə olunur. Bununla belə, əhalinin bir hissəsi daha yaxşı yaşayış axtarışı ilə doğma kəndini tərk etmiş və əsasən, Rusiya olmaqla digər daimi yaşayış yerlərinə köçmüşlər. Kənddə qalan sakinlər bu cür qonşuluq şəraitində yaşamağa alışmışlar. Bəziləri isə bütün sosial-iqtisadi problemlərini şərtləndirən Yerasxı sərhədyanı kənd olması ucbatından tərk edirlər.

Kənddən müvəqqəti və daimi miqrasiyaya dair 42 yaşlı Vardanın (nədənsə o, familiyasını söyləmək istəmədi) öz versiyası vardır. Onun əqidəsinə görə, hər şeyin günahkarı kəndliləri kreditin qarmağına keçirən banklardır. Dırnaqarası güzəştli kreditlər, əsasən, kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə dövlət proqramları çərçivəsində ayrılır. Lakin bu kreditlər ildə 24 faizə çatan, kəndlilər üçün çox yüksək olan dərəcələrlə verilir. Nəticədə, onu yazda götürənlər ilin axırında ən yaxşı halda bütün məbləği faizləri ilə bir yerdə banklara qaytarır, özləri isə heç nəsiz qalırlar. Pis halda isə məhsulu hesabına banklarla hesablaşma qabiliyyətində olmayanlar pul qazanmaq ümidi ilə çıxıb Rusiyaya gedirlər. “Bununla yanaşı, kəndlilərin özləri də az etmirlər. Bir çoxları kənd təsərrüfatı kreditini götürür, torpaq əkmək əvəzinə özlərinə, məsələn, plazmalı televizor alır. Məntiq, təqribən, belə olur: odur ey, qonşunun varıdı, mənim ondan nəyim kəsirdi ki? Gedir, özünə qonşununkundan da böyük televizor alır. Krediti necə ödəyəcəkdir? Bu haqda artıq Rusiyada fikirləşməli olur”, – deyən Yerasx sakini gülümsəyir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR