23 Dekabr 2024, Bazar ertəsi

Bu gün tikinti meydançasını xatırladan Nursu kəndi həmin kiçik yaşayış məntəqələrindən biridir

Şahbuz rayonunun Nursu kəndinə getdiyimiz avtomobildə radioda dinlədiyim şerin bir misrası bu yazıya giriş oldu: böyük şəhərlərə gedən yol kiçik kəndlərdən başlayır. Həmin misra yol boyu düşüncələrimə hakim kəsildi. Yazını hazırlayarkən də bu misranın ifadə etdiyi məna məni, necə deyərlər, öz orbitindən buraxmadı. Ustad şairimiz Məmməd Arazın da bu kiçik kənddən böyük şəhərə yol aldığını təsəvvürümdə canlandırmağa çalışdım. O anda yadıma şairin bir qədər nisgillik duyulan “Kəndim, balacasan, çox balacasan” şeri düşdü:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq,
Çaylı, baldırğanlı dağ dərəsində.

O kənd ki, Məmməd Araz hələ Məmməd Araz olmamışdan rayondan kənarda tanınmırdı. Məmməd İnfil oğlu Məmməd Araz olandan sonra bu yurd yerini bütün Azərbaycanda tanıtdı. Bu gün o kənd gözlərdən uzaqda deyil. Bu barədə kəndə çatdıqdan sonra danışacağıq. Hələlik isə yol gedirik. Yol yoldaşlarımın hamısı Şahbuz rayonundandır. İlk tanışlıqdan onların səmimi, mehriban və maraqlı müsahib olduqlarını hiss etdim. Yol yoldaşlarımdan biri – rayon İcra Hakimiyyətinin əməkdaşı Söhrab müəllim məni xəyallardan ayırır:
– Məmməd Araza görə bu kənd həmişə qonaqlı-qaralı olub. Ölkəmizin paytaxtından, sovet dönəmində hətta digər müttəfiq respublikalardan Nursuya çoxlu qonaqlar gəlib. Şairin boya-başa çatdığı bu yurd yerinin füsunkar gözəllikləri onları da əfsununa alıb. Bu gün tikinti meydançasını xatırladan kənddə bir vaxtlar şairin yaşadığı evin yerində Məmməd Araza böyük hörmət əlaməti olaraq inşa edilən muzey binası başa çatdıqdan sonra kəndə gələnlərin sayı daha da çox olacaq.
Bir qədər sonra əlavə edir:
– Bu gün Məmməd Arazın çoxlarının dilinin əzbəri olan şeirlərindən hansısa bu yollarda misralanıb. Bu yolların sığındığı və möhtəşəmlik, ucalıq rəmzi kimi baş-başa verən Toğluqaya, Səngərtəpə, Motalqaya, Çadırlıdaş dağları, bu dağların otu, gülü-çiçəyi, dumanı, leysanı, küləyi, Şahbulaq, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq, Novlu, Kəklikli çeşmələri onun ilk ilham mənbəyi olub. “Mən uca dağlara babam demişəm”, – deyən şairin ömrünün sonuna qədər ilham mənbəyi bu təbii gözəlliklər olub. Onun şeirlərindən qəlbimizə süzülən xoş duyğuların təməli elə bu mənbədən qaynaqlanıb. Bu mənbədən qaynaqlanan hansı şerini yada salsaq, şair qəlbinin vətəndaşlıq poeziyası öz qollarını şeirsevərlərə açacaq.
Budur, yol kənarında bizi şairin böyük portreti qarşılayır. Bu zaman şairin aşağıdakı misralarını xatırlayıram:
Kəndim, balacasan, çox balacasan,
Kəklik fərəsinin sayına görə,
Bulud nərəsinin sayına görə,
Aylı gecələrin sayına görə,
Tozlu küçələrin sayına görə
Bəlkə də, dünyada birinci kəndsən.
Bir az qarşıda yola asfalt salan texnikaları görüb söhbətə avtomobilin sürücüsü Zahid də qarışır:
– Baxın, şəhər yollarından seçilmir. Kəndarası yollara da asfalt salınacaq.
Deməli, onda şairin nisgilliklə söylədiyi tozlu küçələr də olmayacaq. O gün isə uzaqda deyil. Ruhu şad olsun Məmməd Arazın, istəkləri gerçəyə çevrilir. Kəndə yaxınlaşırıq. Girəcəkdə xidmət mərkəzi tikilir. Kənd sakinləri tikintinin yaxınlığında ikibir, üçbir toplaşıb söhbət edirlər. Bir qədər aralıda həkim ambulatoriyası, sonra məktəb, yolun solunda isə kənd mərkəzi inşa olunur. Bizimsə, ilk olaraq, üz tutacağımız tikinti obyekti Məmməd Arazın ev-muzeyinin inşa edildiyi ünvandır. Burada kəndin yetirməsi, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarovla görüşürük. Hal-əhval tuturuq. Doğma kəndində dincəlməyə gəlib. Zarafatla deyir ki, şəhərin hay-küylü səsindən qaçmışam. Dövlətimizin gözəl şairimizin xatirəsinə göstərdiyi diqqətdən onun da sevindiyini hiss etmək çətin deyil. Elə digər nursulular da böyük fərəh içindədirlər. Arif müəllim belə qayğı üçün kənd adamları adından minnətdarlığını bildirir:
– Muxtar respublikamızda sənət adamlarına göstərilən qayğı hamımızı sevindirir. “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncam Məmməd Arazın şəxsiyyətinə və yaradıcılığına böyük diqqət və ehtiramın ifadəsidir. 80 illik yubileyin yüksək səviyyədə təşkili Məmməd Arazsevərlərin yaddaşında daim yaşayacaq. Bunun ardınca Ali Məclis Sədrinin “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” Sərəncamı bu sevincimizə daha bir sevinc qatdı. Ustad şairin dağların ətəyinə sığınan öz kəndində ev-muzeyinin tikintisi sənətkara verilən ən böyük qiymətdir. Vətənpərvər şairimizin ruhuna böyük hədiyyə olan muzey kəndin müqəddəs ünvanlarından birinə çevriləcək.
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Adil Bağırov da bu kəndin yetirməsidir. Onunla kəndin adının etimologiyası barədə söhbət edirik. Alimin gəldiyi elmi qənaət belədir ki, “Nursu” qədim toponimdir və bu adın ilkin variantı “Nurs” şəklində olub. Çoxmənalı “nur” sözü “aydınlıq”, “işıq”, “parlaqlıq”, “şərəf”, “şan” , “dağ silsiləsi”, “sıra dağlar”, həm də “göl” anlamında işlənir. Adın ikinci tərəfi isə “su” sözündən ibarətdir. Demək, “Nursu” sözü “dağ silsilələri”, “sıldırım dağlarda yerləşən göl, su” mənasına uyğun gəlir və bu fikir kəndin relyef quruluşu, ərazisində çoxlu su mənbələrinin olması faktı ilə təsdiqlənir. Elə bunun nəticəsidir ki, kəndin adı “Nursu” kimi rəsmiləşdirilib.
Onlarla muzey üçün tikilən binaya daxil oluruq. Sürətli iş ahəngi hakim kəsilən tikintidə keyfiyyət amilinə ciddi diqqət yetirilir. İnşaatçılar çalışırlar ki, öhdələrinə götürdükləri iş ustad sənətkarın adına layiq olsun. İş icraçısı Rasim Səfərov bildirir ki, muzey, ümumilikdə, 5 otaqdan ibarətdir. Binada hörgü işləri əsasən başa çatdırılıb. Çardaq hissə qurulub, daimi su xətti çəkilib. İstilik sisteminin qurulmasına hazırlıq işləri aparılır.
Kəndin mərkəzindəki tikinti obyektlərinə yaxınlaşırıq. Həmin obyektlərdən biri kənd məktəbinin binasının yenidən qurulmasıdır. İki mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəb binasına əlavə bir korpus artırılıb. Burada idman zalı, 2 laboratoriya, 2 elektron lövhəli sinif yerləşəcək. İnşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib.
Bir qədər Nursu kəndində yaradılmış təhsil ənənələrindən bəhs etmək istəyirik. Bu barədə kənd məktəbinin müəllimi Rəqsanə Məhərrəmova danışır. Deyir ki, bu qədim yaşayış məntəqəsi ilə öyünməyə hər bir nursulunun mənəvi haqqı var. Nursu kənd tam orta məktəbində ilk təhsillərini alan alimlərdən Firudin Hüseynov, Adil Bağırov, Arif Ağalarov, İbrahim Kazımbəyli, Zülfəli İbrahimov və başqaları bu kəndin yetirmələridir. Sözsüz ki, Nursuya böyük şöhrət qazandıran belə insanların fövqündə Məmməd Araz dayanır. Bu haqqı o, hələ sağlığında qazanıb. Düşünürəm ki, əbədi olaraq bu haqqı yaşadacaq. Yeni məktəb binasının tikintisi imkan verəcək ki, uzun illərdən bəri qazanılmış və qorunub saxlanılmış maarifçilik ənənələri yeni müstəvidə davam etdirilsin.
Ötən dərs ilinin uğurlarından da söhbət açan Rəqsanə müəllimə bildirdi ki, 2013-2014-cü tədris ilində məktəbi bitirən 8 məzundan 5-i və əvvəlki illərin 1 məzunu olmaqla, 6 məzun yüksək ballarla ali məktəblərə qəbul olunublar. Bu, məktəbin pedaqoji kollektivini sevindirsə də, arxayın salmır. Çünki dövlətimizin bizə göstərdiyi qayğı böyükdür. Böyük qayğıya isə böyük əməli nəticələrlə cavab verməyə çalışacağıq.
Digər bir obyektdə də sürətli iş ahəngi diqqətimizi çəkir. Bu, kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin mərkəzdə rabitə evi və poçt bölməsi də yerləşəcəkdir.
Nursululara göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə kənddə inşa olunan həkim ambulatoriyası da 2 mərtəbədən ibarətdir. Kənd sakinləri Nursuda tikilən xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Hazırda obyektdə son tamamlama işləri aparılır.

Məmməd Arazın qürurla qələmə aldığı göyü papaq kimi başına geyən, üstündən qartallar ötüşə bilməyən, qayalarına, daşlarına yağışlar, dumanlar yetişə bilməyən doğma kəndinə gəlişimizdən iki saata yaxın vaxt ötüb. Ancaq vaxtın necə ötdüyündən xəbərimiz olmayıb. İki saatın yaratdığı təəssürat isə bir qəzet yazısına sığası deyil. Nursunun yurd qədri bilən insanları ilə, kəndin yetirmələri, dövlətimizin Nursuya və nursululara göstərdiyi qayğı barədə söhbətlər qəlbimizdə yüksək duyğular yaratdı. Bunun başlıca səbəbi ustad Məmməd Arazın arzularının dövlətimiz tərəfindən reallaşdırıldığını görməyimiz idi. Yadıma şairin öz şeirlərində nisgilliklə qələmə aldığı məqamlar düşdü. Artıq Nursu gözlərdən uzaqda deyil, yenidən qurulmaqda, bu kiçik kənddən böyük şəhərlərə gedən yol daha da genişlənməkdədir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR