Muxtar respublikada аvtоmоbillərin sаyı ildən-ilə аrtmаqdаdır. Təbii ki, аvtоmоbillərin sаyının аrtmаsı yоllаrdаkı hərəkətin intеnsivliyinə də öz təsirini göstərir. Yol infrastrukturunun tamamilə yenidən qurulması, magistral yollarda sürətölçən radar sisteminin və nəzarət-izləmə kameralarının quraşdırılması, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının nəqliyyat və müasir texniki avadanlıqlarla təmin olunması hərəkətin təhlükəsizliyinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Həmçinin son illər müasir avadanlıqlarla təmin olunmuş avtomobillərin müayinə mərkəzinin istifadəyə verilməsi avtomobillərin yüksək səviyyədə texniki müayinədən keçirilməsinə əlverişli şərait yaratmışdır. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin müayinə mərkəzinin baş inspektoru, polis polkovnik-leytenantı Faiq Məmmədov bizimlə söhbətində qeyd etdi ki, muxtar respublikamızda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, avtomobillərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər muxtar respublikada bir müayinə mərkəzi fəaliyyət göstərirdi. Lakin avtomobillərin sayının artması yeni müayinə mərkəzlərinin yaradılmasını zəruri etmişdir. Şərur Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi sakinlərin rahatlığının təmin olunmasına, onların büdcələrinə və vaxtlarına qənaət etmələrinə imkan verir. Artıq bu ərazidə yaşayan insanlar Naxçıvan şəhərinə gəlmədən müayinə mərkəzində öz nəqliyyat vasitələrini texniki baxışdan və sığorta qeydiyyatından keçirə bilirlər.
Avtomobillərin texniki baxış və sığorta qeydiyyatının vaxtlı-vaxtında aparılması, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mərkəzdə hər cür şərait yaradılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 312 kvadratmetrdir. Müayinə mərkəzinin birinci mərtəbəsində avtomobillərin texniki baxışa hazırlığı, texniki baxışın keçirilməsi, qeydiyyat aparılması üçün zal, ikinci mərtəbədə isə bufet və iş otağı yerləşir.
Müayinə mərkəzində nəqliyyat vasitələrinin dövlət texniki baxışı və baxışlararası müddətdə texniki vəziyyətinin yoxlanılması üçün hərtərəfli şərait mövcuddur. Binada 1 ədəd kompüter, 3 ədəd monitor, minik və yük avtomobillərinin əyləc sisteminin, mühərrikdən çıxan qazların, sükanın idarəetmə qollarının yoxlanılması, işıqların tənzimlənməsi, şinlərin protektor naxışlarının ölçülməsi üçün Türkiyə, İtaliya və Cənubi Koreya istehsalı olan avadanlıqlar quraşdırılmışdır.
Texniki baxış zonasında bütün zəruri mühəndis-kommunikasiya sistemləri quraşdırılmışdır. Baxış zonasında 5 duracaq vardır. Nəqliyyat vasitələri həmin duracaqlarda yoxlanılır, texniki vəziyyət barədə göstəricilər birbaşa mərkəzi kompüterə ötürülür.
Müsahibim onu da qeyd etdi ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri, avtobuslar, təhlükəli yüklərin daşınması üçün xüsusitəyinatlı nəqliyyat vasitələri ildə bir dəfə, kütləsi 3,5 tondan aşağı olan yük və minik avtomobilləri istehsal olunduğu tarixdən 4 il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə isə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır. Qanunvericiliyə uyğun olaraq, rеspublikа ərаzisində dаimi və yа müvəqqəti qеydiyyаtdа оlаn nəqliyyаt vаsitələrinə və qоşqulаrа dövlət tехniki bахışı ildə bir dəfə – yаnvаr аyının 1-dən оktyаbr аyının 31-dək оlаn müddətdə həyаtа kеçirilir. Məlumat üçün qeyd edək ki, “VAZ”, “QAZ”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan avtomobillər üçün yanvar ayının 1-dən may ayının 1-dək, xarici ölkələrdə və onların baza modelləri əsasında MDB ölkələrində istehsal olunan minik avtomobilləri üçün may ayının 1-dən avqust ayının 1-dək, yük avtomobilləri və avtobuslar üçün avqustun 1-dən oktyabrın 31-dək texniki baxış keçirilməsi müddəti müəyyənləşdirilmişdir.
Nəqliyyat vasitələrinin sahibləri, sərəncam vermək hüququ olan səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitələrini qanunvericilikdə nəzərdə tutulmuş vaxtdan gec olmayaraq dövlət texniki baxışına saz vəziyyətdə təqdim etməlidirlər. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd (sürücülük vəsiqəsi), nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş yol vergisinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədlər, nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi təqdim edildikdən sonra həyata keçirilir.
Nəqliyyat vasitəsi müayinə mərkəzinə daxil olarkən qabaq, orta və arxa oxlardakı təkərlərdə əyləc qüvvəsinin qeyri-bərabər paylanması əmsalı, ümumi əyləc qüvvəsi, dayanacaq əyləcinin effektivliyi, işlənmiş qazların tərkibində zərərli maddələrin normadan artıq olması (CO), xarici işıq cihazlarının standarta uyğunluğu və işığın düzgün paylanması, sükan idarəsi hissəsinin mexaniki zədələnməsi və ya etibarsız birləşdirilməsi, şinlərin naxışlarının normadan artıq yeyilməsi xüsusi avadanlıqlar vasitəsilə ölçülür. Bununla yanaşı, ötürücü valın etibarlı bərkidilməsi, sürətölçənin işləməsi, arxa görünüş güzgüsü, təhlükəsizlik kəməri, palçıqdanqoruyan rezinin, qəzadayanma nişanın, yanğınsöndürən və dərman qutusunun olub-olmaması yoxlanılır.
Muxtar respublikamızda dаimi qеydiyyаtdа оlаn hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq texniki bахışdаn kеçirilməsi diqqət mərkəzində saxlanılmış, 2014-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin müayinə mərkəzində və Şərur Rayonlararası Müayinə Mərkəzində hüquqi və fiziki şəxslərə məxsus 28 min 370 nəqliyyat vasitəsindən 6984 nəqliyyat vasitəsi, 28 ədəd qoşqu və 10 ədəd motosiklet texniki baxışdan keçirilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Son illər muxtar respublikamızda digər sahələrdə olduğu kimi, yol infrastrukturunun yeniləşməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilmiş, avtomobillərin maneəsiz hərəkətinə əlverişli şərait yaradılmışdır.
Avtomobil yollarının keçdiyi ərazinin şəraitinə uyğun sürət həddi qoyulmuş, işıqforlar quraşdırılmış, piyada keçidləri müəyyənləşdirilmişdir. Yaddan çıxarmaq olmaz ki, avtomobillərin texniki müayinədən vaxtında keçirilməməsi, sürət həddini aşma, sürücülərin diqqətsizliyi və piyadaların keçidlərdən düzgün istifadə etməməsi avtomobil yollarında qəza halları yaradır, bəzən də ağır yol-nəqliyyat hadisəsi baş verir. Bu da insаnlаrın sаğlаmlığınа хəsаrət yеtirir və yа həyаtınа sоn qоyur. Gəlin özümüzü qorumaq və başqalarının həyatına təhlükə yaratmamaq üçün avtomobilləri daim saz vəziyyətdə saxlamaqla yol hərəkəti qaydalarına ciddi əməl edək!
Kərəm HƏSƏNOV