23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan sovet imperiyasının tərkibində olduğu müddətdə tariximizin yazılmasına müxtəlif əngəllər yaradılmış, onun obyektiv şəkildə işıqlandırılmasına imkan verilməmişdir. Lakin Azərbaycan öz müstəqilliyini qazandıqdan və ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra tariximizin yad təsirlərdən qorunması, faktlar əsasında yenidən yazılması üçün real imkanlar yaradılmışdır. Bu dövrdən etibarən Naxçıvan tarixinin öyrənilməsi sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumunun keçirilməsi Naxçıvan tarixinin milli ideologiya əsasında öyrənilməsinin əsasını qoymuşdur. Sonrakı dövrlərdə Ali Məclis Sədrinin imzaladığı sərəncamlara əsasən, Naxçıvan tarixinin elmi əsaslarla öyrənilməsinə başlanılmış, tədqiqat işləri aparılmış, yüzlərlə elmi əsərlər nəşr edilmişdir.

 “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” çərçivəsində tərcümə və nəşr edilən türkiyəli general Veysəl Ünüvarın “Naxçıvanda 8 ay bolşeviklərlə üz-üzə” kitabı Naxçıvan tarixinin obyektiv şəkildə işıqlandırılması baxımından mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan, xüsusilə Naxçıvan tarixinin 1918-1921-ci illər dövrünü əhatə edən olduqca maraqlı və obyektiv məlumatlar vardır. Bu illərdə həm Azərbaycan, həm də Türkiyə müstəqillik və milli dövlətin formalaşdırılması uğrunda mübarizə aparırdı. Türkiyə getdikcə daralan imperialist məngənəsində sıxılmaqda, Azərbaycan imperialist dövlətlərin təzyiqlərinə sinə gərməkdə, Naxçıvan isə hər tərəfdən erməni daşnaklarının hücumlarına məruz qalmaqda idi. Türkiyə istiqlal savaşının görkəmli nümayəndələrindən biri olan Kazım Qarabəkir Paşa o dövrdə yaranan siyasi vəziyyəti belə ifadə etmişdi: “Hər tərəfdən mühasirədəyik, yalnız Azərbaycana açıq olan Naxçıvan pəncərəsi var, onun qapanmamasını istəyirəm”.

Kitabda bolşevik inqilabından sonra rus dövlətinin adının dəyişməsinə baxmayaraq, imperialist siyasətinin dəyişmədiyi vurğulanır. Həmin dövrdə Sovet Rusiyası da imperialist dövlətlər tərəfindən blokadaya alındığından Rusiya ilə Türkiyə arasında diplomatik yaxınlaşma vəziyyətdən çıxış yolu axtarmaq məqsədinə xidmət edirdi. Kitabda general Veysəl Ünüvar Naxçıvanda olduğu zaman əhalidən gördüyü qonaqpərvərlikdən, ermənilərə qarşı igidliklə mübarizə aparan “Şərur türklərinin qəhrəmanı” Məşədi Hüseynin fədakarlığından fəxrlə söz açmış, Naxçıvanı türklərin ideal yurdu adlandırmışdır. Qeyd edilir ki, əhalisi türklərdən ibarət olan bu diyara 1829-cu ildən sonra ermənilər də yerləşdirilmişdir. Lakin ermənilərin yaşadığı kəndlərin hamısı türk adı daşıyırdı.
1917-ci il rus inqilabından sonra Ərzincandan Gəncəyədək olan əraziləri özlərinə birləşdirmək istəyən erməni silahlılarının darmadağın olunmasından, quldur Andranikin İranın Xoy və Urmiya bölgəsini nəzarətdə saxlamaq cəhdindən, Naxçıvanda yerli türk əhalisinin hadisələrə nəzarət etməsindən söz açan müəllif Doluxanovun rəhbərliyi ilə Şərur və Yengicəyə hücum edən ermənilərin yerli əhalinin müqaviməti nəticəsində məğlub edilərək Dəvəli stansiyasına və İrəvana qovulduğunu bilavasitə müşahidə etdiyi real faktlar əsasında yazmışdır. Kitabda həmçinin ingilislərin Naxçıvanı ermənilərə vermək, amerikalıların isə burada onlar tərəfindən idarə ediləcək bir qurum yaratmaq istəyindən bəhs edilmişdir. Qeyd olunur ki, ingilislərin hind əsgərlərinin köməyi ilə erməni silahlılarını Naxçıvanda yerləşdirib onları təşkilatlandırmaq cəhdinə baxmayaraq, yerli əhalinin hücumu ilə erməni qarnizonlarının hamısı bir gecədə dağıdılmışdı. Naxçıvanın erməni hücumlarından mühafizəsində qəhrəman vedililərin də böyük rolu olmuşdur.
Veysəl Ünüvar bolşeviklərin çətinlik içərisində olan insanları yalnız boş vədlərlə öz tərəfinə çəkmək istəyindən bəhs etmiş və fikirlərini bir aforizmlə tamamlamışdı: “Rənginə çox aldanma, fələk elə həmin fələkdi”. Rusiyanın xarici işlər naziri Çiçerinin Türkiyə ilə Moskva müqaviləsini bağlamaq üçün Van və Bitlisin ermənilərə verilməsi, burada yaşayan müsəlmanların isə Anadolunun içərilərinə köçürülməsi təklifi bu fikri bir daha təsdiq edir. Bolşevik təbliğatı Naxçıvanın yerli əhalisi içərisində müəyyən çaşqınlıq yaratmış, bəzi yerli silahlı qüvvələrdə türklərə inamsızlıq oyatmışdı. Veysəl Ünüvar bu hadisələrdən ürəkağrısı ilə danışır. Buna baxmayaraq, 1919-cu ildə Türkiyənin Naxçıvandakı hərbi rəhbərliyi ermənilərin atəşkəs şərtlərini müzakirə etmək üçün Milli Şuraya dəvət olunmuş, 1920-ci ilin yayında ermənilərin Naxçıvana hücumunun qarşısı məhz yerli silahlı qüvvələrin türk ordusuna köməkliyi sayəsində alınmışdı.
Bolşeviklər Naxçıvana gəldikdən sonra İrana çəkilən türk əsgərlərinin Naxçıvana getməsi, bolşevik ordusunda olan hərc-mərclik, onların yerli əhaliyə etinasızlığı Veysəl Ünüvar tərəfindən ürəkağrısı ilə qələmə alınmışdır. Bütün bunlar Sovet hakimiyyəti zamanı bolşeviklər haqqında uydurulan miflərin nə qədər yanlış olduğunu açıq-aydın göstərir. Üstəlik, Naxçıvana gələn bolşevik əsgərlərin əksəriyyəti erməni kommunistlərindən ibarət idi. Türk əsgərləri isə bolşeviklərin ermənilərə hücum edəcəklərini gözləyirmiş. Faktlar adını dəyişən rus imperiyasının ikiüzlü siyasətinin mahiyyətini bir daha sübut edir. Bolşevik ordularının Türkiyəyə kömək edəcəkləri haqqında vədlər elə vəd olaraq qaldı. Kitabda türk ordusunun komandanı Xəlil paşanın yeritdiyi siyasətin vətənpərvər türk zabitləri tərəfindən etirazla qarşılandığı bildirilir.
Veysəl Ünüvarın Naxçıvanda olduğu müddətdə şahidi olduğu hadisələr, xüsusilə Ordubadda bolşevik ordusunun qarşılanması ilə bağlı türk əsgərlərinin sərhəddə düşdükləri vəziyyət bolşeviklərin türklərə yardım haqqında verdiyi vədlərin qeyri-səmimi və boş xəyal olduğunu göstərir. Türk əsgərləri bu vədlərə hər nə qədər inansalar da, onların gözlədiyi qüvvə gəlmədi. Veysəl Ünüvar Cəhri kəndində olarkən bolşeviklərin saxta seçki siyasətinin şahidi olmuş, yerli kommunistlərə qarşı çıxan Kalba Kərəmin qəhrəmanlıqlarından iftixarla söz açmışdır. Müəllif bolşevikləri onların qərarlarını həyata keçirə biləcək zəif adamları hakimiyyətə gətirdiklərini Cəhrinin timsalında açıb göstərmişdir. Bolşeviklərin bir parça çörəyi yarı bölmək nəzəriyyəsi nəinki özünü doğrultmur, əksinə, xalqın əlindəkilər də alınaraq bolşeviklərə verilirdi. Bu isə xalqın müqavimətinə səbəb olurdu.
Türk generalının şahidi olduğu hadisələr göstərir ki, erməniləri Gümrü sülh müqaviləsini bağlamağa məcbur edən səbəb heç də türk ordusunun hücumları deyil, onların Naxçıvan cəbhəsində məğlubiyyəti və türklərə hüsn-rəğbət göstərən yerli əhalinin ayağaqalxma və intiqam təhlükəsi idi. Erməni hökuməti bu təhlükəni görmüş və atəşkəs şərtlərini qəbul etmişdi. Şübhəsiz ki, bu qələbələrin qazanılmasında Abbasqulu bəy Şad­linskinin rəhbərlik etdiyi, içərisində çoxlu naxçıvanlılar olan Qırmızı Taborun da müəyyən xidmətləri olmuşdu. Lakin müəllif nədənsə onların ermənilərə qarşı mübarizəsindən ötəri bəhs etmişdir.
Bolşeviklər isə türk döyüşçülərinin və Naxçıvan silahlılarının yardımı ilə İrəvana yiyələndikdən sonra türk ordusunu Naxçıvanda görmək istəmirdilər. Naxçıvanda bolşeviklərlə türk əsgərləri arasında gərgin vəziyyət yaransa da, onlar bu şəraitə səbirlə dözmüş, Moskva müqaviləsinin qərarlarını gözləmişlər. Türk ordusu ilə bolşeviklər arasında son münaqişə sanitar onbaşısı Mustafa Kamil bəyin həbsi ilə bağlı olmuşdu. O zaman Şahtaxtıda olan Behbud ağa Şahtaxtinski onun azad olunmasına köməklik etsə də, rusların onbaşını yenidən həbs etmək istəyi gərginlik yaratmış, lakin general Veysəl Ünüvarın cəsarəti sayəsində problem həll edilmişdi. Nəhayət, Moskva müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusunu təsdiq etdikdən sonra 1921-ci il aprelin 15-də türk ordusu geri qayıtmaq əmri almışdı.
Vətənpərvər türk generalı Veysəl Ünüvarın xatirə xarakterli kitabı bir daha təsdiq edir ki, Naxçıvanın taleyi öz doğma yurdu uğrunda qanını və canını əsirgəməyən Məşədi Hüseyn, Kalba Kərəm, Abbasqulu bəy Şadlinski və yüzlərlə digər xalq qəhrəmanlarının şücaəti sayəsində mümkün olmuşdur. 1918-1921-ci illərdəki hadisələrə obyektiv qiymət verən “Naxçıvanda 8 ay bolşeviklərlə üz-üzə” kitabında ermənilərə qarşı qəhrəmancasına mübarizə aparan insanlar iftixarla xatırlanır.

Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan bu kitabı muxtar respublikanın 90 illik yubileyinə qiymətli hədiyyə kimi dəyərləndiririk. Əminik ki, 1918-1921-ci illərdə Naxçıvanda baş verən prosesləri müşahidə edərək qələmə alan təcrübəli türk generalının “Naxçıvanda 8 ay bolşeviklərlə üz-üzə” başlığı altında toplanmış xatirələri muxtar respublikanın tarixi ilə maraqlananlar üçün faydalı ilkin mənbə olacaqdır.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR