“Biz bu məsələni Naxçıvan Muxtar Respublikasının Ali Məclisində müzakirə etdik. Məlum oldu ki, təkcə 1929-cu ildən sonra Naxçıvan Muxtar Respublikasının ərazisindən 625 kvadratkilometr torpaq sahəsi, yəni 9 kənd Ermənistana verilib. Bu isə 62 min hektar kənd təsərrüfatına yararlı torpaq deməkdir”.
Bu tarixi faktı yeni tariximizin ən qanlı-qadalı illərində – Azərbaycanın müstəqilliyini elan etməsindən daha əvvəl – 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasındakı çıxışında ulu öndər Heydər Əliyev cəsarətlə önə çəkmişdi. O zaman təkcə bu ciddi tarixi fakt haqqında nəinki danışmaq cəsarəti, heç faktın özü haqqında məlumat da çoxumuzda yox idi.
Tarixi Azərbaycan ərazilərinin hissə-hissə Ermənistana verilməsinin tərkib hissəsi olan bu fakt həm də qardaş Türkiyə ilə Azərbaycan arasında sərhəd xəttinin itirilməsinə xidmət etməli idi. 1929-cu ildə Naxçıvanın 9 kəndini Ermənistana verməyə nail olan imperiya idarəçiliyi az sonra daha böyük “cəsarət” nümunəsi göstərərək 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsini Ermənistana vermişdir. Tarixi yaddaşın təzələnməsi, əsrlərdən bəri bizə məxsus olan torpaqlarımıza sahiblik hissinin unudulmaması üçün bu kəndləri xatırlamaq da, xatırlatmaq da vacibdir.
Naxçıvanın muxtariyyətini rəsmi şəkildə əldə etməsindən 5 il 9 gün sonra – 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Bəs sadaladığımız bütün bu kəndlər hansı coğrafiyada yerləşirdi və onlar haqqında nə bilirik?
İndi Ermənistanın Yexeqnadzor rayonunun tərkibinə aid edilən Qurdqulaq kəndi həm 1918-1919-cu illərin qırğınlarının şahidi olmuş, həm də 1948-1953-cü illərin deportasiyasının acı nəticələrini yaşamışdır. Qurdqulaq adından da məlum olduğu kimi ora tarixən azərbaycanlılara məxsus bir kənd olmuşdur. Kənd haqqında bəhs edən H.Mirzəyev “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabında toponimin qədim türk dillərində olan iki sözün birləşməsindən yarandığını qeyd etmişdir. Qurd dərəsi adlanan dərədə yerləşən kənd Amağu, Qabaxlı, Zeytə və Xaçik kəndləri ilə həmsərhəd olmuşdur. Kəndin Ermənistana verilməsindən sonra burda azərbaycanlı əhali məqsədli şəkildə sıxışdırılmağa başlanmış və 1949-cu ildə, demək olar ki, kəndin yerli əhalisinin əksəriyyəti deportasiya edilmişdir.
O zaman Ermənistana birləşdirilən digər bir tarixi yurd yerimiz isə Şərur rayonu ilə tam sərhəddə yerləşən Xaçik və ya Xaçın kəndidir. Tarixən Kəngərlilər nəslindən çıxmış sultanlara və bəylərə məxsus olan bu kənd 1828-ci ildən sonra strateji əhəmiyyətinə görə məqsədli şəkildə erməniləşdirilməyə başlanmışdır. Eyni aqibəti yaşayan digər bir tarixi Azərbaycan kəndi Horadiz də məhz bəhs olunan dövrdə əsassız olaraq Ermənistana verilmiş və faktiki olaraq həyata keçirilən bu tədbir beynəlxalq Moskva və Qars razılaşmalarının müddəalarını pozmuşdu. 1727-ci ilə aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə kənddə müsəlman əhalisi ilə yanaşı yaşayan cəmi 3 qeyri-müsəlman ailə başçısının adı çəkilirdi.
XX əsrin 20-ci illərinə qədər Şərur-Dərələyəz mahalının Şahbuz nahiyəsinə daxil olan Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin Ermənistana verilməsi də səssiz işğalın acı nəticələrindəndir. 1918-ci ildə erməni hücumları nəticəsində dağıdılan, əhalisi kütləvi qırılan kəndlərdən biri olan Oğbində XX əsrin 30-cu illərinə qədər ağır şərtlər altında da olsa, azərbaycanlı əhali yaşamışdır.
1590-cı ilə aid “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə adı xatırlanan Sultanbəy kəndinə erməni əhalisinin köçürülməsi XIX əsrin 30-cu illərinə təsadüf edir. Əsasən, İran ərazisindən köçürülən ermənilər çar hökumətinin məqsədli siyasəti nəticəsində bu kənddə də yerləşdirilmiş, 1918-ci ildə azərbaycanlılara qarşı burada qanlı qırğınlar törədilmişdir. 1929-cu ildə kəndin Ermənistana verilməsindən daha da ilhamlanan Ermənistan hökuməti 3 yanvar 1935-ci ildə kəndin adını dəyişdirmişdir.
Horadiz kəndi ilə həmsərhəd olan Ağxaç (Ağxəç) kəndi də digər kəndlərin aqibətini yaşamışdır. 1929-ci ildən sonra bu türk yurdundan da onun gerçək sahibləri didərgin salınmışdır.
1946-cı ildə adı dəyişdirilən Almalı kəndinin sakinləri də məhz azərbaycanlılar olmuş və hətta kəndin Ermənistana verilməsindən sonra da burada azərbaycanlı ailələr yaşamışlar. Almalı ilə həmsərhəd olan İtqıran kəndinin azərbaycanlı əhalisinin buradan uzaqlaşdırılması, zorla qovulması 1918-ci ildə erməni quldur dəstələrinin əli ilə həyata keçirilmişdir.
1929-cu ildə Ordubad dairəsinin Qorçevan kəndinin, 1930-cu ilin əvvəllərində isə Manna və Midiya dövrü tarixinin izlərini özündə yaşadan Kilit kəndinin torpaqlarının bir hisəsinin Ermənistana faktiki olaraq sovet hökuməti tərəfindən “hədiyyə” edilməsi həm ərazilərimizə, həm də tariximizə təcavüz nümunəsidir.
Unutmamalı olduğumuz məqam isə ondan ibarətdir ki, XX əsrin 20-30-cu illərində beynəlxalq hüquqa zidd olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından qoparılaraq Ermənistana verilmiş bu torpaqlar bizimdir. Unutmamaq yenidən qayıdışın başlanğıcıdır.
Elnur KƏLBİZADƏ