23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikanın təhsil müəssisələrində payız-qış mövsümünə hazır­lığın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında təhsil naziri Piri Nağıyev məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2014-2015-ci tədris ilində muxtar respublikada payız-qış mövsümündə 182 təhsil müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaq.
Payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə verilən tapşırıqlara uyğun olaraq, təhsil müəssisələri ağ neft, maye qaz yanacağı və soba ilə təmin olunmuşdur. Verilən mal-material və yanacaq birbaşa mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünmüş, onlardan səmərəli istifadə olunması nəzarətə götürülmüş, mal-materialın təyinatı üzrə düzgün istifadə edilməsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilmiş və mövsüm ərzində yanacaq çənləri təhlükəsiz yerlərdə saxlanılmışdır.

Qış aylarının çox sərt və şaxtalı keçməsinə baxmayaraq, muxtar respublikada həyata keçirilən yüksək tədbirlər nəticəsində əvvəlki illərdə olduğu kimi, 2013-2014-cü tədris ilində də ümumtəhsil məktəbləri və digər təhsil müəssisələrində işin ahəngi pozulmamış, bütün tədris prosesi və təlim-tərbiyə işi mütəmadi olaraq həyata keçirilmişdir.
Qeyd olunmuşdur ki, 2014-2015-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 216 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 2 orta ixtisas məktəbi, 2 peşə liseyi və 3 texniki-peşə məktəbi fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhəri üzrə 32, Şərur rayonu üzrə 44, Ordubad rayonu üzrə 25, Culfa rayonu üzrə 28, Babək rayonu üzrə 30, Şahbuz rayonu üzrə 23, Kəngərli rayonu üzrə 16, Sədərək rayonunda isə 9 təhsil müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaqdır.
Şagird sayının gələcək perspektivləri nəzərə alınaraq həyata keçirilən məktəb tikintiləri müasir istilik sistemlərinə qoşulan təhsil müəssisələrinin sayının daha sürətlə artmasına şərait yaradır. 2014-cü ildə aparılan tikinti-quruculuq işləri nəticəsində muxtar respublikamızda daha 19 təhsil müəssisəsi payız-qış mövsümündə müasir istilik sistemlərinə qoşulacaq, nəticədə, cari tədris ilində rayon (şəhər) təhsil şöbələri də daxil olmaqla, müasir istilik sistemləri ilə işləyən müəssisələrin sayı 207-yə çatacaq. Yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olmuşdur. Belə ki, 2014-2015-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 216 ümumtəhsil məktəbindən 204-ü (94,44 faizi) beşgünlük, 12-si (5,56 faizi) isə 6 günlük iş həftəsi ilə işləyəcək. Bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradacaq.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

Avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 5 av­qust 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı yığıncaq olmuşdur.
Tədbiri Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirmişdir ki, payız-qış mövsümündə cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunması, məhkumların isti geyim və ərzaqla təminatı diqqətdə saxlanılmalı, zəruri ehtiyat yaradılmalıdır.
“Payız-qış mövsümünə hazırlıqla bağlı artıq neçə ildir, əldə edilən təcrübəmiz əsas verir deyək ki, bu il də qışa hazırlığı vaxtında yerinə yetirək, mövsümü təhlükəsiz, etibarlı şəkildə başa vuraq”, – deyən nazir vurğulamışdır ki, bunun üçün nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün istifadəyə verilən qazanxana və kombi sistemləri nəzarətdən keçirilməklə onların sazlığı yoxlanılmalıdır. Təhlükəsizlik tələblərinə riayət edilməli, qazdan və elektrik enerjisindən səmərəli istifadə olunmalıdır.
Sonra məruzə ətrafında Penitensiar Xidmətin mühafizə taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Rəşad Cəlilov, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Möhbalı Tağıyev, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə polkovniki Şahin Təhməzov, nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərov çıxış etmişlər.

*   *   *

Culfa Rayon İcra Hakimiyyətində də 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Culfa rayonunda 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır, payız-qış mövsümünə hazırlıqla bağlı qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu tədbirlər bütün sahələrdə, eləcə də enerji təminatı sahəsində mütəmadi olaraq davam etdirilir. Rayon mərkəzində və kəndlərdə elektrik naqillərinin standartlara uyğun çəkilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi, həmçinin qaz infrastrukturunun səmərəli fəaliyyət göstərməsi, qaz xətlərinin işlək vəziyyətdə saxlanılması istiqamətində məqsədyönlü işlər görülür.
“Əhalinin təbii qazla təminatı istiqamətində də tədbirlər həyata keçirilmişdir”, – deyən icra başçısı əlavə etmişdir ki, bu sahədə görülən işlər nəticəsində 100 paqonometr uzunluğunda yeni yeraltı qaz xətti çəkilmiş, 176 paqonometr uzunluğunda yeraltı qaz xətti yenisi ilə əvəzlənmiş, istismar müddəti bitmiş qaz sayğaclarının yeniləri ilə əvəzlənməsi davam etdirilmişdir.
Qarşıda duran vəzifələrdən də bəhs edən Şükür Babayevin sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar aidiyyəti orqanlar üzərlərinə düşən vəzifələrin icrası istiqamətində fəaliyyətlərini daha da gücləndirməli, mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün əməli tədbirlər həyata keçirməlidirlər. Bunun üçün lazımi mal-material ehtiyatı yaradılmalı, yerlərdə elektrik və qaz xətlərinin yararlı vəziyyətdə olub-olmamasına nəzarət gücləndirilməli, xətlərdəki nasazlıqların aradan qaldırılması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilməlidir.
Qeyd olunmuşdur ki, son illər rayonda aparılan tikinti-quruculuq tədbirləri nəticəsində əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri müasir istilik sistemləri ilə təmin edilmişdir. Lakin bəzi təşkilatlarda maye qaz və neft məhsullarından istifadə olunur. Bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə qaz və neft məhsulları ehtiyatı yaradılmalı, yenidən qurulan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin qazanxanalarına texniki baxış keçirilməli, daxili istilik sistemlərinin qış mövsümünə hazırlığı qısa müddətdə başa çatdırılmalı, istilik sistemləri işlək vəziyyətə gətirilməlidir.
İcra başçısı həmçinin qış aylarında ucqar kəndlərə fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi, dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyi üçün zəruri tədbirlərin görülməsi, kommunal xidmətlərin yüksək səviyyədə aparılması, dayanıqlı rabitənin təmin olunması istiqamətində görüləcək tədbirlərdən də bəhs etmişdir.
Sonra Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımovun, Qaz İstismarı İdarəsinin rəisi Elxan Behbudovun və Elektrik Şəbəkəsinin rəisi Səid Həşimovun çıxışları olmuşdur.
Müşavirəyə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR