Ordumuz qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirməyə hazırdır
Bu gün iqtisadi cəhətdən sürətlə inkişaf edən, beynəlxalq aləmdəki nüfuzu gündən-günə daha da artan, həyata keçirdiyi regional və qlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edən qüdrətli Azərbaycan Respublikası mütəşəkkil, nizami və peşəkar silahlı qüvvələrə malikdir. Ən müasir texnika və silahlarla tam təchiz olunmuş Silahlı Qüvvələrimiz qarşıda duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadir orduya çevrilib.
Tarixən güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edib. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğı həm də dövlətə, dövlətçiliyimizə, gələcəyimizə olan münasibətin nümunəvi göstəricisi hesab edilir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini böyük müvəffəqiyyətlə davam etdirən, onun arzularını, ideyalarını reallaşdıran ölkə Prezidenti cənab İlham Əliyev ordu quruculuğuna, Milli Ordumuzun daha da qüdrətlənməsinə daim xüsusi diqqət yetirir. Bu günədək Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılıb, hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti xeyli artırılıb.
Avqustun 6-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin Ağdam və Bərdə rayonlarına səfəri zamanı bunun bir daha şahidi olduq. Azərbaycan Prezidenti əvvəlcə Ağdamdakı “N” hərbi hissəyə gələrək təmas xəttində yerləşən bu hərbi hissədə əsgərlərin və zabitlərin xidməti üçün yaradılmış şəraitlə tanış oldu. Ali Baş Komandan cənab İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izlədi. Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi.
Dövlətimizin başçısı bildirdi ki, Müdafiə Nazirliyi vəziyyət barədə müntəzəm olaraq operativ məlumat verir. Silahlı Qüvvələrin Ali Baş Komandanı vəziyyətin tam nəzarət altında olduğunu diqqətə çatdırdı və dedi ki, bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan Ordusu tam üstünlüyü əldə edib.
Prezident İlham Əliyev Milli Ordunun peşəkarlığından, yüksək döyüş qabiliyyətinə malik olduğundan məmnun qaldığını bildirdi: “Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik”.
Dövlət başçısının Sərəncamı ilə 2005-ci il dekabrın 16-da yaradılan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müxtəlif hərbi təyinatlı məhsullar Milli Ordumuzun döyüş qabiliyyətini daha da gücləndirib. Qətiyyətlə deyə bilərik ki, bu gün ordumuzun təchizatı, əsasən, daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Artıq respublikamızda müxtəlif növ silah-sursat və hərbi texnika istehsal olunur. Onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan hərbi texnika daim beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymətə layiq görülür.
Azərbaycan hərbi sənayesinin istehsalı olan döyüş texnikası və müasir silah-sursatın beynəlxalq sərgilərdə, o cümlədən keçirilən hərbi paradlarda, genişmiqyaslı hərbi təlimlərdə nümayişi dünyanın diqqətini ölkəmizə yönəldir. Bundan başqa, ordumuzun təmas xəttində təxribat törətmək istəyən düşmənə vurduğu sarsıdıcı zərbələr silahlı qüvvələrimizin gücündən, qüdrətindən xəbər verir.
Bu gün ölkəmizin istehsalı olan raket komplekslərini, xüsusi zirehli maşınları, “Cardom” tipli minaatanları görən hər bir azərbaycanlı sonsuz qürur hissi keçirir. Hərbi sənayemizin istehsalı olan silah və texnika bununla bitmir. Müxtəlifçaplı, müasirtipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri böyük maraqla qarşılanır. Bu hərbi texnikalar sırasında olan “Dolu-1” 20,4, “Leysan” 45, “Şimşək” 150, “Qasırğa” isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.
Hərbi sənayemizin istehsalı olan yeni silah-sursatlarla yanaşı, ən geniş ərazidə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verən pilotsuz uçuş aparatları bu gün bütün dünyada böyük heyrət və maraqla qarşılanır. Həqiqətən də, qürur duymağa dəyər ki, Azərbaycan müstəqilliyinin 23-cü ildönümünədək özünün nəhəng hərbi sənayesini, hərbi potensialını formalaşdırmağı, gücləndirməyi bacarıb.
Cənubi Qafqaz regionunda özünün iqtisadi inkişafı, nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik çevikliyi ilə Azərbaycan bir daha sübut etdi ki, artıq o, dünya gücləri sırasına yüksəlməyə qadirdir.
Azərbaycan Silahlı Qüvvələri müasir zenit-raket komplekslərinə də malikdir. Ölkəmizdə yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində “Kaman” zenit-raket kompleksinin maksimal hədəfivurma qabiliyyəti 35 kilometrə çatdırılıb. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş “Qalxan” zenit-raket kompleksinin hədəfiməhvetmə imkanları üfüqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılıb.
“Favorit” zenit-raket sistemi isə eyni anda saniyədə 2800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş aça bilir və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. Ölkəmizdə modernləşdirilmiş “ARI-1T” mobil avtonom zenit-raket kompleksi 12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına malikdir. Özüyeriyən “Nərgiz” topları xüsusi mərmilərdən istifadə edilməklə dərinlikdə olan hərbi təyinatlı strateji obyektlərə zərbələr endirməyə qadirdir. Azərbaycanda aparılan modernləşdirilmə nəticəsində “T-72” tankları – “Aslanlar” ən müasir tələblərə uyğunlaşdırılıb, atəşaçma və döyüşüidarəetmə sistemləri təkmilləşdirilərək kompüterləşdirilib.
Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu “ 2C7 Pion”, “2A36 Giatsin”, “T-122 Sakarya”, “Lynx LAR” və “Lynx Extra” kimi artilleriya sistemləri işğal altındakı torpaqlarımızda yuvalanan Ermənistan ordusunu hər an məhv etmək gücündədir.
İqtisadi tənəzzüllə üz-üzə qalan Ermənistanda sosial-iqtisadi vəziyyət hər gün daha da ağırlaşır. Bu səbəbdən sosial partlayış həddinə çatan bu ölkənin ordusunda da özbaşınalıq hökm sürür. Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlərin zaman-zaman Azərbaycan tərəfinə keçməsi və öz orduları haqqında dedikləri fikirlər Ermənistanda vəziyyətin nə qədər acınacaqlı olduğunu və erməni əsgərlərinin bizim tərəfimizə keçmələrinin konkret səbəblərini bir daha üzə çıxarıb.
Bu gün Ermənistan nəinki öz ordusunu komplektləşdirmək, hətta təmas xəttinə belə, əsgər göndərməkdə kifayət qədər ciddi problemlərlə üzləşib. Ölkədə demoqrafik vəziyyət dözülməz həddə çatıb. İnsan resursları tükənmək üzrədir. Ermənistanın müvafiq yöndə üzləşdiyi problemi səfərbərliyə alınacaq şəxslərin yaş həddini artırmaqla aradan qaldırmaq cəhdləri, təbii ki, effektli nəticə verməyəcək. Ən azı ona görə ki, ölkə vətəndaşları yerlərdəki mövcud dözülməz vəziyyətə tab gətirməyərək məcburiyyət qarşısında qalıb xarici dövlətlərə üz tuturlar.
Azərbaycanda isə vəziyyət, bir qayda olaraq, yüksələn xətlə inkişaf edir. Əhalinin sayı gündən-günə artır. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialı artdıqca strateji əhəmiyyətli sahələrə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı da artır.
Dövlətimiz ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa edir. Bizim hərbi xərclərimiz ildən-ilə artır. Müqayisə üçün deyək ki, 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, 2011-ci ildə 3 milyard 413 milyon dollara, 2012-ci ildə 3 milyard 474 milyon dollara, 2013-cü ildə isə 3,7 milyard dollara çatıb.
Müqayisə üçün deyək ki, təcavüzkar Ermənistanın 2013-cü il üçün hərbi xərcləri, təxminən, 451 milyon ABŞ dolları həcmində nəzərdə tutulub. Onu da deyək ki, ölkənin ümumi büdcəsi, təxminən, 2,8 milyard dollara bərabərdir. Yəni Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən 50 faiz çoxdur.
Ölkəmizin müdafiə və təhlükəsizlik sahələrinə ayrılan xərcləri artırması təbiidir. Çünki artıq 20 ildir ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Beynəlxalq səylərə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri əraziləri azad etməyib.
Bu gün Ermənistan elə bir vəziyyətə düşüb ki, hərbçilərinin maaşlarını vaxtlı-vaxtında verməyə büdcəsində maliyyə vəsaiti tapa bilmir. Azərbaycanda isə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün, demək olar ki, hər il konkret addımlar atılır. Maaşlar artırılır, zabitlərimiz üçün yeni-yeni evlər inşa edilir.
Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına yiyələnməsində rol oynayan əsas amillərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Son illər müvafiq sahədə də ciddi irəliləyişlər əldə olunmuşdur. Hərbi qulluqçularımızın döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunələri buna ən yaxşı sübutdur. Ölkə ictimaiyyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin simasında bir daha bunun şahidi oldu. Bu gün ordumuzun sıralarında Mübariz İbrahimov kimi yüksək döyüş hazırlığına yiyələnmiş, Vətəninə və xalqına bağlı minlərlə hərbi qulluqçu xidmət edir. Son günlər təmas xəttində baş verən hadisələr fonunda biz bunu bariz şəkildə gördük.
Azərbaycan Ordusunda xidmət edənlərin böyük hissəsi gənclərdir. Gənclərin milli ruhda, hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Gənclik böyük qüvvədir. Bu qüvvənin düzgün istiqamətləndirilməsi dövlətçiliyimizin, müstəqilliyimizin qorunması, daha da möhkəmləndirilməsi deməkdir. Dövlətimizin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər, bu istiqamətdə qəbul olunan qərarlar öz bəhrəsini verir. Bu gün ərazi bütövlüyümüzü təmin etməyə qadir, sərhədlərimizi qoruyan, düşmənə layiqli cavab verə biləcək vətənpərvər gənclərimiz, yəni qüdrətli Azərbaycan Ordusu var.
Yazını Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük reallığı əks etdirən sözləri ilə bitirmək istəyirəm: “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir”.
Rauf Əliyev