Sədərək Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, rayon ərazisində payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq işlər görülmüş, bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Rayonda əhalinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün 2 ədəd müxtəlif gücdə yeni yarımstansiya quraşdırılmış, 1250 metr məsafədə 10 kilovoltluq, 2800 metr məsafədə isə 0,4 kilovoltluq yararsız hava xətləri dəyişdirilmiş, 70 köhnə elektrik dirəyi yenisi ilə əvəz edilmiş, transformatorların cari təmirinə diqqət artırılmışdır.
İcra başçısı bildirmişdir ki, rayon Qaz İstismarı Sahəsi payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün qaz təsərrüfatına mütəmadi olaraq texniki baxış keçirməli, yaradılmış mal-material ehtiyatından səmərəli istifadə olunmalıdır. Qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilməli və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda rabitə sahəsində də bir sıra işlər görüldüyünü deyən Həbib İbrahimovun sözlərinə görə, avtomobillərin hərəkətinin intensivliyini təmin etmək məqsədilə kəndarası və kənddaxili yollarda təmir-bərpa işləri aparılmışdır.
Vurğulanmışdır ki, rayondakı mövcud qazanxanalara texniki baxışın keçirilməsi, daxili istilik sistemlərinin qış mövsümünə hazırlığı qısa müddətdə başa çatdırılmalıdır. Bundan başqa, rayon Mərkəzi Xəstəxanasındakı təcili yardım maşınları qışa hazırlıqla əlaqədar texniki baxışdan keçirilməli, təmirə ehtiyacı olan maşınlar saz vəziyyətə gətirilməlidir.
Rayonda 100 ton tutumu olan soyuducu anbar fəaliyyət göstərir. Odur ki, əhalinin payız-qış mövsümündə ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbara tədarükü və onların standartlara uyğun şəkildə saxlanılması təmin edilməlidir.
Sonra rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Elektrik Şəbəkəsinin direktoru Nazim Hüseynov, Qaz İstismarı Sahəsinin rəisi Yəhya Zeynalov və başqaları çıxış edərək payız-qış mövsümünə hazırlıqla əlaqədar qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbirə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurmuşdur.
Xəbərlər şöbəsi