23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində yığıncaq keçirilib. Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov məruzə ilə çıxış edib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhərində əhalinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün bir sıra kompleks tədbirlər həyata keçirilib. 2013-2014-cü ilin qış mövsümü başa çatdıqdan sonra transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti başa çatmış elektrik dirəkləri yenisi ilə əvəz olunub. Cari ilin qış mövsümünə hazır­lıqla əlaqədar, ümumilikdə, 94 ədəd istismar müddəti başa çatmış elektrik dirəkləri yığışdırılıb, 14 min 334 metr uzunluğunda elektrik verilişi hava xətləri yeraltı kabellə əvəz olunub. Bundan əlavə, 0,4 kilovoltluq elektrik verilişi hava xətlərində qəza hallarının aradan qaldırılması üçün mühafizə zonası altında yerləşən ağaclarda budama işləri aparılıb, yararsız vəziyyətdə olan 7 min 600 metr uzunluğunda elektrik naqilləri yenilənib, 2014-cü ilin qış mövsümünə hazırlıqla bağlı 2 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 274 ədəd sıradan çıxmış elektrik hesablama sayğacları yeniləri ilə əvəzlənib.

Qeyd olunub ki, 2014-2015-ci ilin payız-qış mövsümünü Naxçıvan şəhərində mütəşəkkil keçirmək üçün Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsində daxili avtomobil və piyada yollarını qardan təmizləmək məqsədilə qumsəpən və qartəmizləyən maşınlar saz vəziyyətə salınıb, qum gətirilərək tədarük edilib, fəhlələr üçün xüsusi isti geyim formaları sifariş verilib. Bəhs olunan mövsümi dövr üçün Naxçıvan şəhərində 8 marşrut üzrə əhaliyə xidmət göstərəcək 56 avtobus tam saz vəziyyətə salınıb, qış mövsümü üçün avtobusların hərəkət qrafiki tərtib olunub.
Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərdən bəhs edən məruzəçi bildirib ki, 1 avqust 2014-cü il tarixə olan məlumata görə, Naxçıvan şəhərində 212,2 kilometr uzunluğunda kanalizasiya, 222,5 kilometr uzunluğunda isə içməli su xətti çəkilib.
Bildirilib ki, bu mövsümdə Naxçıvan şəhərində 15 məktəb, 9 uşaq bağçası fərdi, 1 uşaq bağçası mərkəzləşdirilmiş qazanxana, 1 məktəb isə neft sobası ilə qızdırılacaqdır.
Tədbirdə Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Vəli Həsən­ovun və Qaz İstismarı İdarəsinin müdiri Rasim Seyidovun çıxışları olub.
Sonra qarşıya qoyulmuş tapşırıqların vaxtında yerinə yetirilməsi üçün müzakirələr aparılıb.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR