XX əsrin doxsanıncı illərinin əvvəllərində görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan bu qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi Bakıdakı və Naxçıvandakı fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar Azərbaycan parlament tarixinin də nadir hadisələridir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Dünyanın iki nəhəng super dövlətindən biri kimi tanınan Sovetlər İttifaqının əsas başçılarından biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyev üçün, ilk baxışda, muxtar respublika səviyyəsində dövlət qurumunun Sədri seçilmək çox da mühüm bir vəzifə olaraq nəzərə çarpmır. Sovet Sosialist Respublikaları İttifaqının rəhbərliyindən, Kremlin zirvəsini fəth etdikdən sonra muxtar respublikanın başçısı vəzifəsinə gəlmək geriyə dönüş kimi də dəyərləndirilə bilərdi.
Zamanında yanlış olaraq bəzən belə düşünənlər də olmuşdu. Əslində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilmək Vətənə və xalqa xidmət etmək baxımından mənalı olduğu qədər də kəşməkəşli ömür yaşamış Heydər Əliyevin zəngin tərcümeyi-halının ən əhəmiyyətli hadisələrindən biri sayılmağa layiqdir.
Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, XX əsrin doxsanıncı illərinin başlanğıcında Heydər Əliyev kimi zəngin təcrübə və səriştə sahibi olan görkəmli bir dövlət xadiminin yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı Azərbaycan xalqının taleyi ilə bağlı olan tarixi hadisə kimi mühüm əhəmiyyət kəsb edir. Hadisəyə keçən əsrin səksəninci illərinin sonu və doxsanıncı illərinin başlanğıcı dövrünün ictimai-siyasi proseslərinin müstəvisindən baxsaq, xalqımızın və ölkəmizin taleyi üçün təcrübəli və səriştəli siyasi liderin nə dərəcədə əhəmiyyətli olduğu qabarıq nəzərə çarpar. Keçən əsrin səksəninci illərinin ortalarından sonuna qədərki dövrün bir-birini tez-tez əvəz edən kommunist rəhbərləri Heydər Əliyevin siyasi hakimiyyətindən sonrakı dövrün boşluğunu doldurmaq gücündə ola bilmədilər. Onlar nə iş yerini dəyişən Siyasi Liderin səviyyəsinə yaxınlaşa biləcək, nə də mövcud mürəkkəb zamanın gedişatına təsir göstərəcək qüvvələr deyildilər. Doxsanıncı illərin əvvəllərində zamanın dalğasında yeni simalar kimi görünən AXCP-Müsavat hakimiyyətinin nümayəndələrinin isə nə siyasi təcrübəsi və səriştəsi, nə də normal idarəçilik qabiliyyətləri var idi. Sözün böyük mənasında, Azərbaycan ölkəsinin geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan güclü dövlət xadiminə ciddi ehtiyacı var idi. Nə kommunist rəhbərlərin arasında, nə də cəbhəçi bəylərin sıralarında yeni tarixi şəraitdə ölkəyə rəhbərlik edə biləcək, sovetlər ittifaqının dağılması ilə əlaqədar xalqı düşdüyü ağır vəziyyətdən çıxaracaq, ölkəni irəli apara biləcək əhəmiyyətli siyasi fiqur görünmürdü. Vəziyyət isə çox mürəkkəb idi. XX əsrin səksəninci illərinin ikinci yarısından sonra başlanan hakimiyyət böhranı zaman-zaman ölkəni zəiflətmişdi. Sovet dövlətinin dağılması nəticəsində isə digər keçmiş müttəfiq respublikalar kimi, bəzilərindən isə daha çox, Azərbaycan Respublikası çoxcəhətli böhranın dərinləşməsi dövrünü yaşamaqda davam edirdi. Xalqda ölkənin gələcəyinə böyük ümidsizlik yaranmışdı. Ara-sıra Azərbaycanın parçalanacağı, regionların müxtəlif ölkələr arasında bölüşdürüləcəyi barədə mülahizələr səslənməkdə idi. Belə fikirlər Naxçıvan Muxtar Respublikası ətrafında da mövcud idi. Üstəlik də blokada şəraiti ölkənin bu regionunda vəziyyəti daha da çətinləşdirmişdi. Bütün bunlar az imiş kimi, keçən əsrin səksəninci illərinin axırlarından etibarən Azərbaycan iqtidarındakı sol və sağ təmayüllü rəhbərlərin, demək olar ki, hamısı Naxçıvan Muxtar Respublikasına ögey münasibət bəsləmişdilər. Onlardan bəziləri Naxçıvanı “acı bağırsaq kimi kəsib atmaq”, bəziləri isə muxtariyyət statusunu ləğv etmək barədə bəyanatlarla çıxış edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan tərəfdən də siyasi-hərbi təzyiqlər qüvvətlənməkdə davam edirdi. Ölkədə hakimiyyət böhranı, ictimai-siyasi mühitdə dərin bir boşluq var idi.
Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, ərazi bütövlüyünü qorumaq üçün əsl mərdliklə fədakarlıqlar nümayiş etdirirdi. Hətta xalq kütlələrinin tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 19 yanvar 1990-cı il tarixdə “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələ müzakirə edərək muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə dair radikal addım atmalı olmuşdu. Bu, sovetlər ittifaqının monolitliyi, dağılmazlığı haqqında mifi sındıran ilk böyük hadisə kimi beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdu. Bundan əvvəl isə 1989-cu il dekabrın 30-31-də muxtar respublikanın əhalisi Ordubaddan Sədərək kəndinədək olan 150 kilometrdən çox ərazidə sovet-İran sərhədindəki dirəkləri sökmək və tikanlı məftilləri dağıtmaqla sovetlər ittifaqı adlanan dövlətə gözlənilməz ağır zərbə vurmuşdu.
Bunların əvəzində həm mərkəzi hökumət, həm də mərkəzin diktəsi ilə Azərbaycanın yerli hakimiyyət orqanları Naxçıvan camaatına və muxtar respublikanın hakimiyyət orqanlarına təzyiq göstərirdi. Kreml rəhbərliyi Ermənistan ordusuna dəstək verməklə Naxçıvana qarşı həmlələri genişləndirirdi. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş, təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə və M.F.Axundov adına Naxçıvan seçki dairəsindən muxtar respublikanın Ali Sovetinə deputat seçilməsi, geniş mənada, xalq arasında ölkənin gələcəyinə ümid qığılcımları yaratmışdı. Azərbaycanın hər tərəfindən Heydər Əliyevin Naxçıvan şəhərindəki ortabab səviyyəyə malik, təmirsiz ata ocağına ölkə vətəndaşlarının axını, bu böyük tarixi şəxsiyyətlə olan qeyri-adi isti, doğma münasibəti ifadə edən görüşlər, ünvanına ölkənin müxtəlif regionlarından göndərilən ümid dolu məktublar və teleqramlar ulu öndərə bəslənilən ümumxalq sevgisini və inamını qabarıq şəkildə ifadə edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevlə Naxçıvan şəhərində keçirilən izdihamlı görüşlərdə və mitinqlərdə ölkəmizin dörd bir yanından gəlmiş sadə, zəhmətkeş, sədaqətli insanların iştirakı bütövlüyün, milli-mənəvi birliyin, sarsılmaz inamın əyani göstəricisi idi.
Bu mənada dahi rəhbər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi, ümumiyyətlə, Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Bu, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi, gələcəyə inamının artması baxımından da böyük dönüş idi. Xalqımız əmin idi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Bu hadisə Dağlıq Qarabağ ətrafında torpaqların itirilməsi prosesinin tez-tez müşahidə olunduğu ağır bir vaxtda xalqda, bütövlükdə, ölkənin ərazi bütövlüyünün bərpa olunacağına da ümid işartıları yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclaslarında ölkənin müxtəlif bölgələrindən gəlmiş rəsmi qurumların nümayəndələrinin, haqları tapdanmış sadə, zəhmətkeş insanların iştirak edib, özlərinin mövcud vəziyyətləri barəsində dəqiq məlumatları verərək çıxış yolları barədə məsləhətlər almaları, dəstək görmələri Ali Məclisi Azərbaycan xalqının ümid qapısına çevirmişdi. Ümumiyyətlə, görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın ümid çırağı idi. Naxçıvanda yaşayıb-işlədiyi illərdə Heydər Əliyevin iş otağında yanan sadə çıraqdan bütün Azərbaycana işıq düşürdü.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali dövlət orqanının Sədri vəzifəsinə seçilmişdi. Fövqəladə sessiyanın çağırılması zərurəti haradan, nədən doğmuşdu? Əvvəla, 1991-ci ilin avqust ayında SSRİ hökumətində Mixail Qorbaçov iqtidarına qarşı dövlət çevrilişi cəhdi baş vermişdi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi sovetlər ittifaqında özünü müvəqqəti, yaxud keçid hökuməti kimi elan etmiş qısamüddətli Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin fəaliyyətinə müsbət münasibət ifadə etdikdən az sonra həmin qurumun dağılması ilə mürəkkəb vəziyyətə düşmüşdü. Bundan başqa, Sovet İttifaqı Kommunist Partiyasının dağılmasına baxmayaraq, Azərbaycanda hələ də bu partiyanı saxlamaq üçün edilən cəhdlər, atılan addımlar ölkə miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında birmənalı qarşılanmırdı. Çünki Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hələ 1991-ci ilin 14 yanvarında keçirilən sessiyasında Azərbaycan rəhbərliyinin iradəsindən kənarda və ondan asılı olmayaraq, Mixail Qorbaçov tərəfindən elan olunmuş yeni ittifaq müqaviləsinin qəbul edilməsinin yolverilməzliyi haqqında qərar qəbul etmişdi. Bundan başqa, xalq deputatı Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Ali Məclisin 1991-ci il 26 avqust tarixli sessiyasında Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Təşkilatını buraxmaq məsələləri də müzakirəyə çıxarılaraq müsbət rəy qazanmışdı. Faktiki olaraq Naxçıvan Muxtar Respublikasında Sovet hakimiyyəti yox idi. Bir qədər əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək bundan sonra Naxçıvan Muxtar Respublikası adlandırılmasını qərarlaşdırmışdı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün olmuşdu. Eyni zamanda həmin sessiyada ulu öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da, sadəcə, redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada sovet ittifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Soveti formatında “Soveti” ifadəsinin “Məclisi” sözü ilə əvəz edilməsi, əslində, tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq, ən azı isə bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət bayrağı Ali Məclisə gətirilmişdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək Azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilə bilmişdi. SSRİ adlanan dövlətin bütün müttəfiq qurumlarında demokratik islahatlar adı altında dağılma prosesi getsə də, o dövrə qədər sovetlər ittifaqının heç bir respublikasında Naxçıvanda atılan addımlara yaxın bir hadisə baş verməmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli sessiyası sovet dövlətinin dağılmasının birinci paroludur.
Bu, otuz beş il dövlət hakimiyyətində olmuş böyük siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı böyük tarixi xidmətidir. Ulu öndər Heydər Əliyev Azərbaycan milli dövlətçiliyinin əfsanəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli sessiyasına sədrlik etmək Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizəyə rəhbərlik etmək demək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın milli istiqlalının rəhbəri missiyasını şərəflə həyata keçirmiş tarixi şəxsiyyətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 3 sentyabr tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb fövqəladə vəziyyətin tələblərindən irəli gəlmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasının gündəliyinə, geniş mənada, həmin tarixi mərhələnin aktual məsələləri, xüsusən də ölkə miqyaslı, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə əlaqədar zəruri məsələlər daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Çünki həmin dövrdəki şəraitdə antidemokratik şəkildə alternativsiz əsasda prezident seçkilərinin keçirilməsi mərkəzin diktəsi ilə ölkədə gedən demokratik proseslərin ləngidilməsinə, müstəqillik uğrunda azadlıq mübarizəsinin boğulmasına hesablanmış tədbir idi. Bu, doğrudan da, münasibət tələb edən məsələ idi. Eyni zamanda gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası Təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Hətta gündəlikdə öz əksini tapmış vilayət partiya təşkilatının əmlakının inventarizasiyasının aparılması üçün komissiyanın yaradılması məsələsinin həllini arzu etməyən bəzi qüvvələr də var idi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısı fövqəladə zamanın meydana çıxardığı aktual problemlər idi, Azərbaycan üçün taleyüklü məsələləri əhatə edirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının Sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi. Naxçıvan Muxtar Respublikasının bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə görkəmli dövlət xadimi, böyük siyasətçi, xalqının sədaqətli rəhbəri Heydər Əliyevin seçilməsini qətiyyətlə tələb edirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, muxtar respublika Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə öz sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün xalqın birliyinə nail olmuş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da O, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdir.
3 sentyabr 1991-ci il tarixli çıxışı göstərdi ki, o zaman Heydər Əliyevin hakimiyyətə gəlmək üçün Azərbaycana qayıtdığını düşünən qüvvələr nə qədər böyük səhv edirmişlər. Vaxtilə Heydər Əliyev bu məsələyə aydınlıq gətirmək üçün çıxışlarından birində demişdi: “Mən hələ keçən il (yəni 1990-cı ildə – İ.H.) Moskvadan Azərbaycana gələrkən jurnalistlərə verdiyim müsahibələrdə və görüşlərdə, bu ilin əvvəlində Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərkən və nəhayət, son sessiyada bildirmişdim ki, Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, mən xalqımın hər bir tapşırığını yerinə yetirməyə hazıram”.
Xalqın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verməli olmuşdu. Bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün tarixi ərzində keçirilmiş ən uzunmüddətli sessiya idi. Belə ki, Naxçıvan şəhərində 3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 5 gün ərzində davam etdirilmiş, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik, ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda 3 sentyabr 1991-ci il sessiyasında “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə olunaraq Azərbaycan Respublikasının Ali Sovetindən xahiş edilmişdir ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bundan başqa, sessiyada Naxçıvanda partiya təşkilatlarının əmlakının milliləşdirilməsini təmin etmək üçün deputat komissiyasının yaradılmasına da qərar verilmişdir. Bunlar Azərbaycanda tarixi gedişatın axarının, istiqamətinin dəyişdirilməsinə, müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlardır. Bu qərarların mətninin sonunda görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin imzasının olması, sadəcə, həmin tarixi günün faktı olaraq qalmır. Heç şübhəsiz, əgər Heydər Əliyev xalqın təkidi və tələbi ilə 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsəydi, Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən proseslərin məcrası, kim bilir, hansı səmtə yönəldiləcək, neçə böyük və qanlı labirintlərdən keçməli olacaqdı.
Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Bu, Azərbaycanda tarixi gedişatın əsaslı dönüş məqamı idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməmişdən 46 gün əvvəl, yəni 1991-ci ilin iyununda rəsmi müraciəti əsasında Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmış Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq bitərəf, partiyasız, müstəqil deputat kimi ali hakimiyyət orqanının rəhbəri vəzifəsinə seçilmişdi. Və yenə də görkəmli dövlət xadimi Heydər Əliyevin Sədri olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin timsalında Azərbaycanın o vaxta qədərki tarixində birinci dəfə idi ki, üzərində Kommunist Partiyasının nəzarəti olmayan ali dövlət qurumu fəaliyyətə başlamışdı. Siyasi gedişatın dönüşünü şərtləndirən bu tarixi məqamlar ölkəmizi müstəqil dövlətçiliyə aparan çətin və kəşməkəşli yollara işıq salan, ümummilli prosesin hərəkətverici qüvvəsinə çevrilən hadisələrdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü hərbi-siyasi tədbirlər sayəsində sovet ordusu hissələri dinc yolla muxtar respublikanın ərazisindən çıxarıldı. Ölkənin bu regionunun xarici ölkələrlə olan sərhədlərini Naxçıvanda yaradılmış milli ordunun əsgərləri qorumaq şərəfi qazandılar. Həmin dövrdə düşünülmüş genişmiqyaslı müdafiə tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikası kənardan böyük dəstək alan Ermənistanın işğalından xilas olmuşdur. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət səviyyəsində qeyd edilməsi haqqındakı 1991-ci il 16 dekabr tarixli dərin məzmunlu qərara da Heydər Əliyev imza atmışdır. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına tarixi səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılmasında, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynamışdır. Azərbaycanda ilk dəfə olaraq sosialist təsərrüfat sistemi ləğv edilmiş, torpaq islahatları və özəlləşdirmə tədbirləri həyata keçirilmişdir. Azərbaycanla Türkiyə Cümhuriyyətini əlaqələndirən Naxçıvan Muxtar Respublikası ərazisindəki Sədərək-Dilucu – “Ümid körpüsü”nün 1992-ci il mayın 28-də istifadəyə verilməsi ilə ölkələr arasında çoxcəhətli əlaqələrin yeni mərhələsi başlanmışdır. Ulu öndər Heydər Əliyev Naxçıvanda ikən, 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin sonrakı inkişafında mühüm rol oynamışdır. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyət göstərdiyi tarixi mahiyyət daşıyan mərhələ (1993-2003) ölkəmizdə müstəqil dövlətçiliyin yaradılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrüdür. Bu, çətin, mürəkkəb, məsuliyyətli və tarixi epoxada müstəqil Azərbaycan dövlətinin böyük qurucusu olmuş Heydər Əliyev özünün adı və yorulmaz mübarizəsi ilə bağlı olan yeni bir epoxa yaratmışdır. Heydər Əliyev epoxası Azərbaycanın xilası və inkişafı dövrünün epoxasıdır. Heydər Əliyev epoxası Azərbaycanda müstəqil dövlətçiliyin böyük təməllərinin, möhkəm əsaslarının yaradıldığı epoxadır. Dünya birliyində Azərbaycan ölkəsinin layiq olduğu şərəfli yerin qazanılması da Heydər Əliyev təliminin bəhrəsidir. Heydər Əliyev yolu Azərbaycanı böyük gələcəyə aparan möhtəşəm magistraldır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə Heydər Əliyev milli dövlətçilik təliminin dönməzliyini, davamlılığını, yaradıcı şəkildə inkişaf etdirilməsini təmin etməklə xalqımızın və dövlətimizin tarixində yeni bir epoxa yaratmağa nail olmuşdur. Möhkəm dövlətçilik, üstəgəl geniş miqyaslı quruculuq, müasirləşdirmə və modernləşdirmə, üstəgəl tarazlaşdırılmış siyasət və analitik təhlil, bərabərdir İlham Əliyev demək mümkündür. Yenidən qurulmuş və modern inkişaf səviyyəsinə çatdırılmış müasir Azərbaycan tam mənası ilə Prezident İlham Əliyevin möhtəşəm əsəridir. Aparılan böyük siyasətin sayəsində regionların inkişafı proqramının düşünülmüş və məqsədyönlü həlli ilə Azərbaycanda bütün bölgələrin bərabər və yüksək inkişafına nail olunmuşdur. Nəticədə, qısa müddətdə dünyanı heyran qoyan yeni, modern və möhtəşəm Azərbaycan yaradılmışdır. Yeni tarixi epoxada Naxçıvan Muxtar Respublikasında da böyük inkişafa nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin digər regionları kimi, Naxçıvan Muxtar Respublikasına olan səfərləri hər dəfə qədim diyarın müstəqil dövlətimiz qarşısında böyük hesabatına çevrilir. Ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin sınaq məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişafının proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası hazırda ulu öndərin adına və arzularına layiq şəkildə, böyük sürətlə inkişaf edir. Naxçıvan Şərqin qapısından Qərbin modern inkişafının yüksək səviyyəsinə doğru inamla addımlayır. Naxçıvan milli tarixi ənənələri yaradıcılıqla inkişaf etdirib saxlayan və qərbyönlü inkişafın əsas meyillərini özündə cəmləşdirən günəşli diyardır. Bu gün Naxçıvan inkişaf etmiş şərqyönlü Qərb şəhəri kimi dünyaya açılır. Naxçıvan ölkəmizin qərb sərhədlərində ucalan Şərq tipli Azərbaycan qalasıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövrdən sonrakı iyirmiillik dövr ərzində Naxçıvan Muxtar Respublikasının əldə etdiyi böyük nailiyyətlər müstəqil ölkəmizdə ulu öndərin adı ilə bağlı olan siyasətin real təntənəsini əks etdirən böyük bir hesabatdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndər, ustad rəhbər qarşısında Böyük Anddan yoğrulmuş dövlətçiliyə sədaqətlə xidməti və yorulmaz, çoxcəhətli fəaliyyəti Azərbaycanda müstəqillik dövrü milli dövlətçilik məktəbinin əsas göstəricilərindən, mühüm nəticələrindən biridir. Ötən hər il Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə özünün sanballı töhfələrini bəxş etməklə müstəqil dövlətimizin müasir mərhələdəki sürətli yüksəlişinə bir daha qüvvət və təkan verir.
Göründüyü kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin iyirmi üç il bundan qabaq, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan tarixinin mühüm və əlamətdar hadisəsidir. Məhz bu böyük siyasi hadisə ilə ölkəmizdə tarixi gedişatın istiqaməti qəti şəkildə müəyyən olunmuş, müstəqil dövlətçilik uğrunda mübarizənin möhkəm və əsaslı təməlləri atılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin böyük siyasətdə və möhtəşəm quruculuq proseslərində atdığı ciddi və əhəmiyyətli addımlar vaxtilə etibarlı bünövrəsi qoyulmuş müdrik siyasətin yeni tarixi şəraitdə yaradıcılıqla və sürətlə inkişaf etdirilən uğurlu davamının parlaq və əyani göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkə qarşısında bu diyarda gedən möhtəşəm quruculuq işlərinin böyük hesabatı idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtariyyətin keçdiyi çətin və şərəfli yolu beş tarixi mərhələ üzrə dövrləşdirib təqdim etməsi və hər mərhələnin özünəməxsusluqlarının ictimai-siyasi qiymətini verməsi bu böyük dövrü tam, bütöv şəkildə ümumiləşdirməyə əsas verir. Fikrimizcə, Naxçıvanın muxtariyyət tarixinin müstəqillik illərinə aid olan dövründə baş verən inkişaf son bir əsrə yaxın dövrdə əldə edilənlərdən qat-qat üstündür. Blokada şəraitinə baxmayaraq, Naxçıvan 1991-ci ildən sonrakı 23 illik müddətdə bir neçə əsrin inkişaf yolunu keçmişdir.
Naxçıvan Muxtar Respublikasının görkəmli dövlət xadimi Heydər Əliyev siyasətinin işığında qazandığı nailiyyətlər Azərbaycan miqyasında regional inkişafın ümumi səviyyəsindən yuxarı olub, paytaxt göstəriciləri ilə müqayisə oluna bilər. Geniş mənada, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı Avropanın inkişaf etmiş dövlətlərinin regionları səviyyəsindədir, hətta bəzi parametrlərinə görə üstündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 90 illik yubiley günlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada baş vermiş böyük dəyişikliklərə, aparılan möhtəşəm quruculuq işlərinə verdiyi qiymət intibahın yeni mərhələsinin dövlət səviyyəsində yüksək şəkildə qiymətləndirilməsini nümayiş etdirir. Bütün bunlar Azərbaycanın inkişafı strategiyasının əsasını təşkil edən Heydər Əliyev yolunun Naxçıvan reallıqlarıdır. Heydər Əliyev Günəşi, bütövlükdə, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sabahlara gedən yollarına gur işıq salır.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Milli Məclisin deputatı, akademik