23 Dekabr 2024, Bazar ertəsi

Uzun illər bundan əvvəlin söhbəti indiki kimi yadımdadır. Yeri-göyü su aparırdı. Mənim üçün əziz olan, hər dəfə Sədərəyə gələndə görüşdüyüm, hamının ağsaqqal kimi tanıdığı Teymur Quliyevlə söhbət edirdik. “Bilirsən, bu yağışın nə qədər xeyri var? – deyə Teymur müəllim dilləndi. Kənd adamı quraqlığın nə olduğunu yaxşı bilir. Sən görməmisən, hər 10-15 ildən bir buralarda elə istilər, elə bürkülər olur ki, sözlə ifadəsi mümkün deyil. Ağaclar ayaq üstdə qovrulur...
...Bu ilin avqust ayında sərhəd bölgəsi Sədərək rayonunda şahidi olduğum isti və bürkülü hava mənə neçə il əvvəl Teymur müəllimin dediyi sözləri xatırlatdı. Bir qədər kövrək, dözümsüz ağacların yarpaqları, sözün həqiqi mənasında, qovrulurdu.
Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əyyub Mehdiyevlə ərazini gəzə-gəzə söhbət edirdik. Bilirdim ki, təkcə bu il sədərəklilər 8 minə yaxın müxtəlif növ meyvə tingləri əkib, 15 hektar yeni meyvə bağı salıblar. Birdən gözüm yolun kənarında bu ilin yazında əkilən ağaclardan birinin saralmış yarpaqlarına sataşdı. Əyyub müəllim bunu o dəqiqə hiss etdi. Yaxınlıqdakı qol-budaqlı bir çinar ağacının kölgəsinə çəkilib kiməsə zəng vurdu...

Başımı qaldırıb qol-budaqlı, sıx yarpaqlı çinara baxdım. “Bizim təkcə bu il əkdiyimiz ağacların əksəriyyəti gələcəkdə Sədərəyin qonaqlarına bax beləcə sərinlik bəxş edəcək”, – Əyyub müəllimin bu sözləri məni ağac kölgəsi barədə olan ötəri xəyallardan ayırdı.
Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudovla söhbətimizdə o, Sədərəyin bu günündən, bu torpağın müqəddəsliyindən söhbət açır. Deyir ki, Azərbaycanın hər qarışı, daşı, havası, suyu mənim üçün əzizdir; Sədərəyin də öz yeri var. Mən burada doğulmuşam, burada böyümüşəm və onun keçmişi, bu günü mənim üçün çox doğmadır.
Bəxtiyar müəllim danışır. Mən isə son vaxtlar Sədərəkdə görülən işləri gözümün qarşısına gətirirəm. Düşünürsən: “Az vaxtda bu qədər iş necə görülüb?” Cavab mənə elə gəlir ki, sadədir: muxtar respublika rəhbərinin qayğısı bütün sədərəkliləri qollarını çırmayıb işə girişməyə ruhlandırıb.
Bəxtiyar Mahmudov deyir ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın hər yerində möhtəşəm, əsaslı işlər görülür. Biz də məhz fəaliyyətimizi gündən-günə tərəqqi edən Azərbaycanın, eləcə də Naxçıvanın inkişaf tempinə uyğun qurmağa çalışırıq. Fərəhlə demək olar ki, bu ilin ötən ilk 7 ayı muxtar respublikamızın həyatında olduğu kimi, rayonumuzun sosial-iqtisadi və mədəni həyatında da yaddaqalan olub. Əsas cəhət odur ki, bütün sahələrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə irəliləyiş əldə edilib, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri daha sistemli və ardıcıl xarakter alıb.

Uğurları əks etdirən statistika

Bəri başdan deyək ki, Azərbaycan Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladıqları dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi Sədərəyin uğurlarını şərtləndirən başlıca amillərdəndir.
Yeddi ayda rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 1,1 faiz artaraq 1 milyon 678,9 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz artaraq 8 milyon 749,9 min manata yüksəlib.
Yeddi ayda pərakəndə əmtəə dövriyyəsinin həcmi 14 milyon 122,2 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 2,6 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü ilin müvafiq dövrünün səviyyəsini 5,5 faiz üstələyərək 1 milyon 896,6 min manat olub. 2014-cü ilin ilk 7 ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiya 10 milyon 597,2 min manata, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 9 milyon 492,3 min manata çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyaların məbləği 0,1 faiz, tikinti-quraşdırma işlərinin həcmi 0,2 faiz artıb.
Rayon üzrə orta aylıq əməkhaqqının artım dinamikası da qalmaqdadır. Hazırda 392,9 manat təşkil edən orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. Yeddi ayda 39 nəfər daimi işlə təmin edilib.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7 ayda 182 ailənin 692 nəfərinə 100 min 566 manat ünvanlı sosial yardım verilib, 14 nəfərə isə sosial pensiya təyin olunub. 16 nəfər Azərbaycan Vətən müharibəsi əlilinin hər birinə “NAZ-Lifan” markalı minik maşını verilib.
Rabitə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində də tədbirlər ardıcıl olaraq davam etdirilir. Yeddi ayda 67 mənzilə telefon xətti çəkilib. İnternet istifadəçilərinin sayı daha da artıb. Elektrik enerjisi, təbii qaz və su təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər əhalinin razılığı ilə qarşılanır.

Yeni quruculuq ünvanları

Bu gün muxtar respublikamızın hər yerində olduğu kimi, Sədərək rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Rayonda uşaqlara qayğı tükənməzdir. 2012-ci ildə Sədərək kəndində 65 yerlik uşaq bağçası istifadəyə verilib. Keçən il isə rayon mərkəzi Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 3 mərtəbəli, 144 yerlik uşaq bağçasının açılışı olub.
Bu ilin yanvar ayında isə əsaslı təmir olunan və yenidən qurulan Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası qapılarını müəllim və şagirdlərin üzünə açdı.
Rayonda tikinti-quruculuq işləri bununla məhdudlaşmır. Sözügedən dövrdə Şir arxından qidalanan 6,5 kilometr uzunluğunda 1500 hektar sahəni suvarmaq üçün yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası da cari ilin ərməğanlarındandır. Hazırda rayonda Təhsil və Torpaq şöbələri üçün inzibati binanın tikintisində işlər sürətlə aparılır. İçməli su və kanalizasiya xətlərinin çəkilişi, rayon ərazisində sahilbərkitmə işləri də davam etdirilir.
Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa edilib. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.

Aqrar sahə inkişaf yolundadır

Sədərəyin cari ilin ilk 7 ayında kənd təsərrüfatı sahəsində qazandığı uğurlar da ürəkaçandır. Dövlətin torpaq istifadəçilərinə göstərdiyi davamlı qayğı, xüsusilə taxıl istehsalçılarına dövlət büdcəsindən ayrılan vəsaitlər Sədərək kəndlisini torpağa daha möhkəm tellərlə bağlayır. Cari ilin məhsulu üçün rayonda 3574 hektar sahədə əkin aparılıb. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ölkə­nin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verməyə çalışan rayon əməkçiləri bu il 2130,2 hektar sahədən 6146 ton “sarı kəhrəba” tədarük ediblər. Hektarın məhsuldarlığı 28,9 sentnerə çatdırılıb. Qazanılan yüksək nəticə sədərəkliləri gələn ilin bol məhsulunun əsasını qoymağa ruhlandırıb, sahələrin şumlanmasına başlanılıb.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” Sədərək rayonunda da uğurla icra edilir. Mühüm elmi-nəzəri, sosial-iqtisadi əhəmiyyət kəsb edən dövlət proqramında qarşıya qoyulan tələblərin maksimum şəkildə icrası üçün münbit ərazi mövcuddur və əlverişli iqlim, eləcə də su təminatı baxımından rayonun potensialı və imkanları genişdir. Son iki ildə burada bağların yaradılması və ixtisaslaşdırılmasına, yerli şəraitə uyğunlaşdırılmış, məhsuldar meyvə-tərəvəz növlərinin çeşidlərinin bərpa edilməsinə xüsusi diqqət yetirilir. Barverən meyvə bağlarından ötən il 629 ton, bu ilin ilk 7 ayında isə 465 ton məhsul dərilib.

Bir sözlə, Sədərək bu gün, sözün həqiqi mənasında, inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Düşmənin, necə deyərlər, bir addımlığında, qənşərində olsalar da, bu sərhəd bölgəsinin adamları müzəffər ordumuza güvənir, heç nədən qorxub çəkinmirlər. Sədərəklilər ölkəmizin iqtisadi və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR