Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.
Azərbaycan dili dünyanın qədim və zəngin tarixə malik dillərindən biridir. Minillərin sərt sınaqlarından keçən Azərbaycan dili xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən biridir. Dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə seçilir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə arealına malik, yüksək yazı və nitq mədəniyyəti olan və daim zənginləşən dildir.
Əsrlər boyu analarımız həzin laylalarını bu dildə söyləmiş, nənələrimiz bizə bu dildə şirin nağıllar danışmışlar. Bu dildə zəngin xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranmış, minillərin dil çeşməsində durularaq və sınaqlardan keçərək XXI əsrə gəlib çıxmışdır. Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Məmməd Araz və başqa görkəmli söz ustaları bu dildə ölməz sənət nümunələri yaratmışlar.
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas hissəsi kimi həmişə diqqət mərkəzində saxlamışdır. Hələ sovet dövründə imperiya təzyiqlərinə baxmayaraq, ulu öndər böyük cəsarət göstərərək 1978-ci ildə Azərbaycan dilini Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur. Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan dahi şəxsiyyət deyirdi: “...Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı, olmayacaqdır”.
Ümummilli lider müstəqillik dövründə də dövlət dil siyasətini daim ön planda saxlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Belə ki, ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə kiril əlifbasından istifadəyə son qoyulmuş, latın qrafikasının tətbiqi ilə bağlı bir sıra işlər həyata keçirilmişdir.
Dövlət quruculuğunda dil məsələsinə dönə-dönə qayıdan ümummilli lider Heydər Əliyev deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları və başqa dövlət sənədləri ölkəmizdə bu işlərin davamlı və ardıcıl aparılmasının göstəricisidir. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuraların yaradılması qərara alınmışdır.
Bu gün muxtar respublikamızda dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyon nüsxədən çox kitab hədiyyə edilmişdir. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da Ana dilimizə ehtiramın ifadəsidir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması üçün həyata keçirilən tədbirlər də geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu gün dövlət dilimiz beynəlxalq tədbirlərdən, teatr səhnələrindən, konsert salonlarından, elmi müəssisələrdən, idman saraylarından, ordu hissələrindən əzəmətlə, məğrur səslə eşidilməkdədir. Bu gün həm də Azərbaycan dilində dünya elm və sənət xəzinəsinin ən qiymətli əsərlərini oxumaq mümkündür. Azərbaycan xalqı Aristoteli, Homeri, Firdovsini, Şekspiri, Puşkini, Tolstoyu, Höteni, Servantesi öz ana dilində mütaliə edir. Bütün bunlar həm də onu göstərir ki, doğma dilimiz dünya xalqlarının yaratdığı zəngin əsərləri aydın və hərtərəfli ifadə etmək zənginliyi və qüdrətinə malikdir. Başqa sözlə, bu gün Azərbaycan cəmiyyətində yaşayan hər kəs ana dilimizdən istifadə edir. Ona görə də hamımızdan Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidməti