1993-cü il avqustun 23-də Azərbaycan Respublikasının Füzuli və Cəbrayıl rayonları erməni hərbi birləşmələri tərəfindən işğal edilib.
Füzuli rayonunun əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olub. Rayon 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb.
Füzuli rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Rayon ərazisindəki Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə tədqiqatlar aparılıb, Azərbaycan xalqının qədim köklərə sahib olduğu sübut edilib. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu aşkarlamaqdadır.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), Məşədi Həbib hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurlu qədim abidələr (XVIII-XIX əsrlər) ermənilərin vəhşi vandalizminə məruz qalaraq məhv edilib və ya yandırılıb.
1993-cü ilin bu günü Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin salınıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi 105 min nəfərdən çoxdur, işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanserləri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 12 fermer təsərrüfatı və sair müəssisələr fəaliyyət göstərib.
Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından zəngin qədim Azərbaycan torpağıdır. Rayonda mişar daşı istehsalına yararlı 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı Kürdmahmudlu gil və qum-çınqıl qarışığı yataqları mövcuddur. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə – 1994-cü ilin yanvar ayında Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad olunmuşdur. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə bu yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınıb, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilib, Horadiz şəhərində yandırılmış və dağıdılmış 1565 yaşayış evinin əksəriyyəti bərpa olunaraq sakinlərin istifadəsinə verilib, qaz, elektrik xətləri çəkilib, Horadiz Şəhər Mədəniyyət Sarayı əsaslı şəkildə yenidən qurulub və digər mühüm infrastruktur layihələri həyata keçirilib. Nəticədə, ölkənin müxtəlif bölgələrində məskunlaşmış 120 min nəfər rayon sakinindən 70 min nəfəri, o cümlədən 6 min nəfərdən çox Horadiz şəhər sakini öz doğma torpaqlarına qayıdıb. Bu gün bu tədbirlər ölkə Prezidentinin rəhbərliyi ilə davam etdirilir.
Bu gün Cəbrayıl rayonunun da Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 21 il ötür. Cəbrayıl rayonu mərkəzi Cəbrayıl kəndi olmaqla, 1930-cu il avqustun 8-də təşkil edilib. Rayonun sahəsi indiki hüdudları daxilində 1050 kvadratkilometr, əhalisi 24 min nəfərdən çox olub.
Cəbrayılın təcavüzkar Ermənistan hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl rayonundan olan 61 mindən çox məcburi köçkün Azərbaycanın Beyləqan, İmişli, Sabirabad, Biləsuvar və digər rayonlarında məskunlaşıb.
İşğal zamanı Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Xalqımız əmindir ki, işğal olunmuş torpaqlarımız gec-tez erməni işğalından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaqdır.
Hazırladı: Sona MİRZƏYEVA