Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində avqustun 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət etmişdir. Burada səfirə ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilmiş, eksponatlara baxış olmuşdur. Məlumat verilmişdir ki, 1999-cu il mayın 10-da fəaliyyətə başlamış muzeyin fondunda ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən 4536 eksponat toplanmışdır.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfirə Duzdağın unikal müalicəvi əhəmiyyəti haqqında məlumat verilmişdir.
Avqustun 16-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser Naxçıvan Dövlət Universitetində olmuş, tədris korpuslarını, Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri muzeyini və onlayn mühazirə otaqlarını gəzmiş, ali təhsil ocağında xarici dillərin tədrisi vəziyyəti, kimya laboratoriyalarının müasir iş prinsipi ilə tanış olmuşdur.
Həmin gün pakistanlı diplomat Naxçıvan Biznes Mərkəzində də olmuşdur. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov muxtar respublikanın iqtisadi inkişafının müasir vəziyyəti haqqında səfirə məlumat vermiş, region iqtisadiyyatının müxtəlif sahələrində qazanılmış nailiyyətlərdən bəhs etmişdir.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir bir daha Naxçıvan Muxtar Respublikasına səfərindən məmnun qaldığını ifadə etmişdir.
Sonra səfir muxtar respublikanın iri sənaye müəssisələrindən olan “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesi ilə maraqlanmışdır.
Həmin gün səfir “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə gələrək burada istehsal olunan avtomobillərə baxmışdır. Bildirilmişdir ki, illik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodunda 9 modeldə avtomobil istehsal olunur.
Günün sonunda səfir Naxçıvan şəhərindəki Əyləncə və İstirahət Mərkəzi ilə tanış olmuşdur.
Avqustun 17-də Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət etmiş, Əlincəçay xanəgahı ilə tanış olmuşdur. Günün ikinci yarısında isə səfir Naxçıvan şəhərində Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xalça Muzeyi, “Came” məscidi, Açıq Səma Altında Muzey, Möminə xatın türbəsi və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində də olmuşdur.
Dünən səfir Xalid Usman Qayserin Naxçıvana səfəri başa çatmışdır.
Xəbərlər şöbəsi