Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Tədbiri fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Fövqəladə Hallar Nazirliyinin də qarşısına konkret vəzifələr qoyulub. Hər il olduğu kimi, bu il də nazirlik və onun struktur qurumları tərəfindən payız-qış mövsümünə hazırlıq işləri aparılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, avtomobil və xüsusi nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması diqqət mərkəzində saxlanılıb, nazirliyin cari ehtiyatında zəruri mal-material və əşya-əmlak ehtiyatı yaradılıb.
Qeyd olunub ki, ötən müddət ərzində Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər və rayon şöbələrinin inzibati binalarında və texniki qarajlarında, Mülki Müdafiə Alayının avtomobil parkında, əsgər yeməkxanası və yataqxanasında, qərargah binasında və digər qeyri-yaşayış sahələrində, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, eləcə də nazirliyin inzibati binasında cari təmir işləri aparılıb.
Mülki Müdafiə Alayının içməli və texniki su ilə təminatı diqqət mərkəzində saxlanılıb, yeni hidrofor sistemli su xətləri çəkilib, 3 aylıq ərzaq ehtiyatı, yanacaq-sürtgü materialları və əşya xidmətləri üzrə zəruri ehtiyatlar yaradılıb. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 3 ədəd “Zil” markalı və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 1 ədəd “Kamaz” markalı yanğın avtomobili və əməliyyat minik avtomobili təmir edilib.
Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması üçün zəruri tədbirlər həyata keçirilib, 1825 obyektdə əsaslı, 1480 obyektdə nəzəri yanğın texniki müayinələr aparılıb. 105 min 425 fərdi yaşayış evində, 324 dövlət yaşayış binasının 16 min 387 mənzilində reydlər keçirilərək 431 ədəd əlavə çəkilmiş elektrik xəttinin, qeyri-standart elektrik qızdırıcıları və yanğın cəhətdən qorxulu olan nasaz elektrik sahəsinin, 439 şlanqla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz sobalarının istismarı dayandırılıb, 71 ədəd yanğın ehtimalı baxımından təhlükəli olan ot-saman tayaları təhlükəsiz yerə köçürülüb. 284 min 870 nəfər təlimatlandırılıb və 20 min 290 ədəd yaddaş kitabçası paylanılıb.
Bildirilib ki, qış mövsümündə yanğın partlayışlarının və dəm qazından boğulma hallarının qarşısının alınması məqsədilə mənzillərdə və qazla iş rejiminə keçmiş 595 qazanxanada qazdan qeyri-qanuni istifadəyə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilib, ocaqçılara yanğın əleyhinə təlimatlar təqdim edilib, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azalıb.
2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması ilə bağlı müvafiq tədbirlər görülüb, muxtar respublika ərazisində fəaliyyət göstərən un dəyirmanlarındakı qurğulara texniki təhlükəsizlik sertifikatı verilib. Dövlət Taxıl Fondunun taxıl anbarlarına baxış keçirilib, rütubət və temperaturölçmə cihazlarının işlək vəziyyətdə olması və ildırımötürücülərin sazlığı yoxlanılıb. Duz istehsal olunan şaxtalara baxış keçirilib, ehtiyat çıxışın işıqlandırılması, yolun artıq əşya və tullantılardan təmizlənməsi təmin edilib, şaxtada iki yerdə bərkidilmə aparılması üçün tövsiyələr verilib.
Nazir deyib ki, elektrik qurğularından səmərəli istifadə, qurğuların qaydalara uyğun quraşdırılması, qışda havaların soyuması ilə əlaqədar elektrik enerjisinə olan tələbatın artması və müvafiq olaraq transformatorların və naqillərin qızmasının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib. Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində, Naxçıvan Beynəlxalq Hava Limanında və muxtar respublikada fəaliyyət göstərən 21 yanacaqdoldurma məntəqəsində çənlərə baxış keçirilib, Naxçıvan şəhərində inzibati və ictimai yaşayış binalarında olan liftlərin texniki təhlükəsizliyi yoxlanılıb.
Məruzə ətrafında fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənovun, nazirliyin texniki tənzimləmə sektorunun müdiri Aydın Quliyevin, Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şakir Ağalarovun və Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tural Sadiqovun çıxışları olub.
Müşavirəyə fövqəladə hallar naziri Şamı Abdullayev yekun vurub.
Səbuhi HƏSƏNOV