23 Dekabr 2024, Bazar ertəsi

    Ulu öndər Heydər Əliyеv: Zəfər bayramı türk xalqının… tarixində çox əlamətdar və tarixi gündür. Birinci Dünya müharibəsindən sonra…Türkiyəni hər tərəfdən dağıtmağa, parçalamağa çalışdılar. Ancaq türk xalqı bunların hamısına sinə gərdi, öz qəhrəmanlığını göstərdi və türk əsgəri nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.


 Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Türkiyənin və qəhrəman türk ordusunun tarixində 30 avqust zəfəri milli qurtuluş savaşının dönüş nöqtəsidir.

XX əsrin əvvəllərində baş verən siyasi proseslərin nəticəsi olaraq, Osmanlı dövləti də Birinci Dünya müharibəsinə cəlb edilmiş, bu müharibədə müttəfiqi Almaniya ilə birlikdə Antanta dövlətlərinə məğlub olmuşdu. Müharibədən sonra qalib dövlətlərlə Türkiyə arasında bağlanan Mudros müqaviləsi faktiki olaraq bu dövləti parçalamağa və tarix səhnəsindən silməyə xidmət edirdi. Həmin müqavilənin 7-ci maddəsi Antanta dövlətlərinə onların təhlükəsizliyinə təhdid yaranacağı halda istədikləri bölgəni işğal etmək hüququ verirdi. Müttəfiqlər bu maddəni əsas götürərək Türkiyə torpaqlarını işğal etməyə başladılar. Müqavilədə Şərqi Anadoludakı 6 vilayətin onlara vəd olunmasını əsas tutan və işğalçı himayədarlarına arxalanan ermənilər hərəkətə keçərək yerli türk əhalisinə qarşı qanlı qırğınlar törətməyə başladılar. Bundan başqa, yunanlar da Egey dənizi ətrafındakı bölgələri zəbt etmək üçün işğalçılıq hərəkatını genişləndirdilər və 1919-cu ilin 15 mayında İzmiri ələ keçirdilər. Artıq 1919-cu ilin sonlarına qədər Türkiyənin, demək olar ki, bütün ərazisi işğala məruz qalmışdı. 1920-ci ildə imzalanmış Sevr müqaviləsi isə Türkiyənin bir dövlət kimi mövcudluğunu faktiki olaraq sual altına alırdı.

Yaranmış vəziyyətlə barışmayan qəhrəman türk xalqı 1919-cu ildə öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə başladı. 1920-ci ilin 23 aprelində Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edildi, xalqın iradəsinə əsaslanan hökumət quruldu, bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliyyatlar başlandı. İlk qələbələr Şərq cəbhəsində erməni quldur dəstələri üzərində qazanıldı. 1921-ci ilin avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan qoşunlarının məğlub olmasıyla türk ordusu müdafiə mövqeyindən hücuma keçdi. Görkəmli dövlət xadimi, bacarıqlı təşkilatçı, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Bu qələbənin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir.
Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Respublikası bu gün bölgənin ən qüdrətli dövlətlərindəndir. Güclü orduya və dayanıqlı iqtisadiyyata malik olan Türkiyə beynəlxalq və regional münasibətlərdə söz sahibinə çevrilmiş, müxtəlif siyasi və iqtisadi layihələrin reallaşmasına öz töhfəsini vermişdir.
Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir. Bu əlaqələrin əsasında möhkəm dostluq və qardaşlıq münasibətləri dayanır. Qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamları Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən mükəmməl konsepsiyadır. Bu konsepsiya hər iki dövlətin rəsmi mövqeyinin əsasında dayanır, qarşılıqlı əlaqələrin qədim tarixi köklərini, eləcə də siyasi, iqtisadi və mədəni əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirir.
Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsi və hərtərəfli inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin ikinci dəfə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra Azərbaycan-Türkiyə əlaqələri daha dinamik xarakter almış, bu münasibətlər bütün sahələri əhatə etmişdir. İndi ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Birgə həyata keçirilən iqtisadi layihələr Azərbaycan və Türkiyəni bölgə ölkələrindən beynəlxalq ölkələrə çeviribdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər böyük layihələr həm ölkələrimizin beynəlxalq miqyasda nüfuzunu artırır, həm də xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Bu gün hər iki dövlət arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Türkiyə beynəlxalq və regional təşkilatlarda həmrəylik nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi və mədəni sahələrdəki münasibətlər ən yüksək səviyyədədir. Türk iş adamlarının Azərbaycan iqtisadiyyatına, Azərbaycan iş adamlarının isə Türkiyə iqtisadiyyatına qoyduqları sərmayənin həcmi ildən-ilə artmaqdadır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan və Türkiyə xalqları arasındakı əlaqələrə daim yüksək qiymət verərək deyirdi: “Türkiyə ilə Azərbaycan arasında əlaqələrin böyük tarixi var. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Əsrlər boyu xalqlarımız adət və ənənələrini, mədəniyyət və elmini qoruyub saxlamış və inkişaf etdirmişlər. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər, Azərbaycan ilə Türkiyə arasında əlaqələri dostluq, qardaşlıq əlaqələri adlandırmışlar. Bu əlaqələr bir kökdən gələn xalqların əlaqələridir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır”.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikası da mühüm rola malikdir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq beynəlxalq Qars müqaviləsinə əsasən, Türkiyə Respublikasının Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat vermişdir. Bundan başqa, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü – “Ümid” körpüsü istifadəyə verilmiş, 92 kilometrlik İqdır-Naxçıvan yüksəkgərginlikli elektrik xətti çəkilmişdir.
Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvana Türkiyə Cümhuriyyəti daim diqqətlə yanaşıb. 2008-ci ildə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər etmiş, 2009-cu ildə Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak üçün Naxçıvana gəlmişdir. 2012-ci ildə Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmişdir. Bu il isə Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmüş, ölkələrimiz arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Türkiyə ilə əlaqələri yalnız iqtisadi sahədə əməkdaşlıqla məhdudlaşmır. Ölkələrimiz arasında təhsil, səhiyyə və mədəniyyət sahəsində əlaqələr də durmadan inkişaf edir, universitetlərimiz arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirilir, beynəlxalq konfrans və mədəni tədbirlərdə hər iki tərəfdən nümayəndələr iştirak edirlər.
Türkiyənin sevincini öz sevinci kimi qarşılayan Azərbaycanda hər il qardaş ölkənin Cümhuriyyət bayramı yüksək səviyyədə qeyd olunur. 2011-ci il oktyabrın 29-da – Türkiyə Respublikasının Cümhuriyyət bayramı günündə Naxçıvan şəhərində Türkiyə dövlətinin qurucusu və memarı Mustafa Kamal Atatürkün abidəsinin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə toxunmuş, bu münasibətlərin ulu öndər Heydər Əliyev tərəfindən daha da inkişaf etdirildiyini bildirərək demişdir: “Ötən əsrin əvvəllərində milli lider Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulmuş Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı həmin əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən davam etdirilmişdir. Əgər müstəqil Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Türkiyə-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoymuşdursa, müstəqil Azərbaycanın qurucusu möhtərəm Heydər Əliyev Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərini “bir millətin iki dövləti” səviyyəsinə qaldırmışdır”.
Tarixin müxtəlif dövrlərində yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları qardaş xalqlar kimi hər zaman bir-birinin yanındadır. Hər gün daha da möhkəmlənən əlaqələrimiz davamlı olaraq inkişaf edir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, nəqliyyat, dəmir yolu layihələri, enerji, neft-qaz sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlıq xalqlarımızın ümumi mənafeyinə xidmət edir. Bu gün hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına təkan verməklə yanaşı, dünya birliyində Türkiyə və Azərbaycan qardaşlığının göstəricisinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil dövlətlər kimi bu gün Türkiyə və Azərbaycan uğurla əməkdaşlıq edir və bu əməkdaşlığın, demək olar ki, bütün sahələrdə çox gözəl nəticələri vardır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, möhkəm tarixi və mədəni köklər üzərində bu gün Türkiyə və Azərbaycan siyasi sahədə, iqtisadi sahədə, bütün başqa sahələrdə müttəfiqlər kimi çalışır, işləyir. Azərbaycan daim Türkiyənin dəstəyini, diqqətini hiss etmişdir, bu gün də hiss edir. Eyni zamanda bugünkü Azərbaycan, güclənən Azərbaycan Türkiyə üçün də bir dayaqdır. Azərbaycanın imkanları artır və beləliklə, ölkəmiz ikitərəfli əlaqələrin inkişafına, ortaq maraqlara öz töhfəsini verməkdədir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR