23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əlİyеv: 

Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.


 

Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında”
2014-cü il 22 avqust tarixli Sərəncamından



Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında Sərəncam imzalamışdır. Naxçıvanda belə bir müqəddəs ünvanın yaradılması haqqında sərəncam dövlətimizin milli suverenliyimizə olan sevgi və hörmətinin nəticəsidir.
Dünyada çoxsaylı cəhətləri ilə fərqlənən xeyli sayda xalqlar var. Yerləşdiyi coğrafi məkana, etnik-dini-mədəni köklərə görə bir-birindən fərqlənən bu xalqlar həm də özünəməxsus keyfiyyətləri özündə birləşdirən simvol və atributları ilə seçilir. Bu atributlardan məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz məhz bayraqdır. Bayraq hər bir xalqın milli mənsubiyyətini və düşüncə tərzini, daşıdığı idealların xarakterik məcmusunu özündə birləşdirir. Reallıq isə ondan ibarətdir ki, öz bayrağını dalğalandırmaq hər xalqa nəsib olmur. Bu gün Yer üzündə elə xalqlar var ki, toplum kimi mövcud olsalar da, müstəqillikləri yoxdur. Müstəqillik əldə olunmayıbsa, deməli, bayrağı da yoxdur. Bu baxımdan bayraq həm də azadlıq və müstəqillik rəmzidir. Azərbaycan xalqı milli bayrağını qaldırmaq üçün bir əsrdə iki dəfə mübarizə aparmalı olub və nəhayət, arzusuna qovuşub. Xalqımız ötən əsrin əvvəllərində dalğalandırdığı üçrəngli bayrağını elə həmin əsrin sonlarına yaxın yenidən yüksəklərə qaldırmağı bacarıb. Ancaq bunu etmək o qədər də asan olmayıb...

Üçrəngli bayrağımız hələ 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı kimi qəbul edilmişdi. Təcavüzkar XI Qırmızı Ordunun gəlişi ilə endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmağa çalışılsa da, xalqın yaddaşında unudulmadı, ürəklərdə və xatirələrdə yaşadıldı. Bu bayraq həm də Şərqdə ilk demokratik quruluşa malik bir dövlətin simvolu idi. Nəhayət, 1990-cı ilin noyabrında ilk dəfə Naxçıvanda ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı azadlığın astanasında olan Azərbaycanın Dövlət bayrağı kimi yenidən qaldırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Ali Sovetinin sessiyasında Naxçıvanda Dövlət bayrağı kimi rəsmən təsdiq edildi. Həmçinin Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı...
Az müddətdən sonra – 18 ok­tyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini elan etdi. İlk olaraq qardaş Türkiyə Respublikası ölkəmizin müstəqilliyini tanıdı. Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi “Azərbaycan bayrağının Türkiyə bayrağı yanında, Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır” sözləri artıq həqiqətə çevrildi. İndi dünyanın bir çox dövlətlərinin səmasında, ölkəmizin səfirlikləri qarşısında Azərbaycan bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi dalğalanır.
Qeyd edək ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür, üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, qüdrətimizi, gücümüzü bütün dünyaya nümayiş etdirir. Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı keçirilən təntənəli mərasimdəki çıxışında milli bayrağımızın çox böyük önəm daşıdığını qeyd edərək demişdir: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşdu, öz həqiqi yerini tapır”.
Bəli, müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza hər zaman böyük sevgi ilə yanaşılıb. Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılması isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin aparıcı istiqaməti olub. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə paytaxt Bakı şəhərində Bayraq Meydanının yaradılması ideyasının reallaşdırılmasına gətirib çıxardı. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq beşinci ildir ki, 9 noyabr tarixi Azərbaycanda rəsmi olaraq “Dövlət Bayrağı Günü” kimi qeyd ediləcək. “Dövlət Bayrağı Günü” kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Xalq Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da, Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi yaşarı bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində demişdir: “Bu bayraq bizim milli dəyərimizdir... Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir…”
Bir neçə gün bundan əvvəl, daha doğrusu, avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında Sərəncam imzaladı. Sərəncamda deyildiyi kimi “...Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir...” Məhz yaxın zamanlarda bu müqəddəs sevgi və hörmətin ünvanı Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi olacaqdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda belə bir müqəddəs ünvanın yaradılması həm də ona görə əhəmiyyətlidir ki, yetmiş ildən sonra üçrəngli bayrağımız məhz ilk dəfə bu torpaqda qaldırılıb. Müstəqil Azərbaycanın yoluna işıq salan milli qərarlar məhz bu bayrağın altında öz təsdiqini tapıb. Məsələnin digər əhəmiyyəti isə ondan ibarətdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında Sərəncam Naxçıvanın muxtariyyət tarixinin 90-cı il­dönümündə imzalandı.

Bəli, Naxçıvan şəhərinin qərb tərəfdən giriş hissəsində yüksək bir ərazidə yerləşən Dövlət Bayrağı Meydanı həm də şəhərimizə gələn qonaqların qarşılaşdığı ilk mənzərə olacaq. O yüksəklikdə ki, bayrağımız burada məcazi yox, həm də təbii olaraq dalğalanır. Azərbaycanın müstəqilliyinin carçısı, Naxçıvanın isə bu müstəqilliyə aparan yolun başlanğıcı kimi...

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR