5 avqust 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Biznes Mərkəzində yığıncaq olmuşdur.
Yığıncaqda məruzə ilə çıxış edən iqtisadiyyat və sənaye naziri Famil Seyidov bildirmişdir ki, müşavirədə nazirliyə qış aylarında əhalinin tələbatının keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün mövsüm ərzində istehsal olunmuş yerli kənd təsərrüfatı məhsullarının soyuducu anbarlar tərəfindən alınmasının və yeni istixanaların yaradılması istiqamətində tədbirlərin davam etdirilməsi, məhsulların spesifik xüsusiyyətləri nəzərə alınmaqla anbar şəraitində saxlanılması üçün əlavə tədbirlər görülməsi, mövcud istixanalardan səmərəli istifadəyə nəzarətin artırılması barədə tapşırıqlar verilmişdir.
Qeyd olunmuşdur ki, əhalinin payız-qış mövsümündə meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların mühüm əhəmiyyəti nəzərə alınaraq ötən müddət ərzində dövlət qayğısı ilə ümumi tutumu 12 min 150 ton olan 17 hüquqi və fiziki şəxsə məxsus 19 soyuducu anbar istifadəyə verilmişdir. Bu anbarlara mövsüm ərzində tədarük olunan məhsullar idxaldan asılılığın aradan qaldırılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və əhalinin tələbatının etibarlı təminatı istiqamətində mühüm əhəmiyyət daşıyır. 1 iyul 2013-cü il tarixdən 1 avqust 2014-cü il tarixədək muxtar respublika ərazisində fəaliyyət göstərən və meyvə-tərəvəz saxlanması üzrə ixtisaslaşmış 10 soyuducu anbara kartof, soğan, sarımsaq, alma, armud, şaftalı, ərik və nar olmaqla, ümumilikdə, 6228,75 ton məhsul tədarük olunmuşdur.
Anbarlara tədarük olunan və saxlanılan məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması da diqqətdə saxlanılmış, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən 141 halda kartof, soğan və alma məhsullarından nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilmiş, göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana komplekslərinin də rolu böyükdür. Bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində bu gün muxtar respublikada tərəvəz yetişdirən istixana komplekslərinin sayı 12-yə, ümumi sahəsi isə 52 min 316 kvadratmetrə çatdırılmışdır. 1 iyul 2013-cü il tarixdən 1 iyul 2014-cü il tarixədək istixana komplekslərində 48 min 928 kvadratmetr sahədə əkin aparılmış və 368,2 ton məhsul istehsal olunmuşdur.
Vurğulanmışdır ki, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin su ilə təchizatını təmin etmək məqsədilə müəssisələrə 550 ton su sifariş verilmiş və bu günə qədər 372,3 ton suyun verilməsi təmin edilmişdir.
Nazir qarşıda duran vəzifələrdən də danışaraq bildirmişdir ki, soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işlərinin aparılması, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi davam etdirilməlidir. Məhsulların spesifik xüsusiyyətləri nəzərə alınmaqla tədarük müddətində məhsulların saxlanması qaydalarına riayət olunmalıdır. Anbarlarda fəaliyyət göstərən işçilərə normativ-texniki qaydalar aşılanmalıdır. Tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsulların “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyasında analizləri aparılmalıdır.
Yığıncaqda nazirliyin aparat rəhbəri Anar Əhmədov payız-qış mövsümü ilə əlaqədar təsdiq olunmuş icra planı, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidov soyuducu anbarlara tədarük olunan məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğun saxlanılması qaydaları haqqında məlumat vermişlər.
Muxtar MƏMMƏDOV