23 Dekabr 2024, Bazar ertəsi

Abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilir. “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılovun verdiyi məlumata görə, muxtar respublikada, ümumilikdə, 1 avqust 2014-cü il tarixə 83 min 319 istehlakçı təbii qazdan istifadə edib ki, onlardan 629 abonent, 126 müəssisə cari ilin ilk 7 ayında təbii qazla təmin olunub.

 Muxtar respublikanın qaz təsərrüfatında istismar edilən 7522,7 kilometr uzunluqlu müxtəlif diametrli, müxtəliftəzyiqli qaz kəmərləri, ümumi yeraltı qaz kəmərlərini korroziyadan qorumaq məqsədilə quraşdırılan mühafizə qurğuları, katod stansiyaları mütəmadi olaraq ay ərzində qrafik üzrə yoxlanılır və nizamlanır. Həmçinin Naxçıvan-Sədərək magistral qaz kəməri üzərində istismarda olan 6 ədəd avtomat qazpaylayıcı stansiyalarda odarant qurğusu quraşdırılıb və işə salınıb. Culfa-Naxçıvan yeraltı yüksəktəzyiqli, diametri 530 millimetrlik magistral qaz kəmərinin 7-ci və 8-ci kilometrində borunun dayanıqlılığını və etibarlılığını saxlamaq məqsədilə selovda dayaq betonlaşdırılıb. Bu qaz kəmərləri üzərində qrafikə uyğun gəzinti-nəzarət işləri həyata keçirilib, dörd nöqtədə qaz sızması aşkar edilərək aradan qaldırılıb. Naxçıvan şəhər, Şahbuz və Babək rayonlarının daşıyıcı qaz kəmərlərinin ölçü qovşaqlarında ROK-407 tipli qaz sayğaclarında mövsümlə əlaqədar diafraqmalar dəyişdirilib. Qaz təsərrüfatında istismarda olan 131 ədəd qaz quyularına texniki xidmət göstərməklə yanaşı, köhnə avadanlıqlar dəyişdirilərək yenisi ilə əvəz olunub, müşahidə edilmiş bütün sızmalar aradan qaldırılıb.

Yeraltı və yerüstü qaz kəmərlərinin marşrut xəritələri tərtib edilib, gəzmə üsulu ilə, qaz analizatorları vasitəsilə sızmaların aşkar edilib aradan qaldırılması, qaz təsərrüfatında paylayıcı qaz kəmərlərinin istismarında qaz itkisinin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Muxtar respublikanın qaz təsərrüfatında 221 ədəd müxtəlifhəcmli yeni qaz tənzimləyicilər quraşdırılıb.
Qaz təsərrüfatında baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması və yeni obyektlərin, evlərin qısa müddətdə qazlaşdırılması məqsədilə birlik və ona tabe olan Qaz İstismarı idarələrində mal-materialların ehtiyat fondu yaradılıb.
Muxtar respublikanın qaz şəbəkəsində qaz sızmalarının vaxtında aşkarlanıb aradan qaldırılması məqsədilə şəhər-rayon Qaz İstismarı idarələrinə 36 ədəd dedektor qurğusu paylanıb.
Ordubad rayon Parağaçay qəsəbəsinin qazlaşdırılması məqsədilə diametri 63 millimetr, uzunluğu 8000 poqonometr olan qaz kəmərinin çəkilişi başa çatdırılıb, Sədərək gömrük-keçid məntəqəsi və “N” sərhəd məntəqəsinədək daşıyıcı qaz kəmərinin diametri 76 millimetr, uzunluğu 4500 poqonometr olan dəmir borunun diametri 63 millimetr polietilen boru ilə yeraltı çəkilişi davam etdirilir.
Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilib, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilib və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılıb. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülüb, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb.
Abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılıb, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismarı idarələrində qəza dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilib.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilib, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilib, cari təmirə ehtiyacı olan sayğaclar təmir olunub, 18 min 773 ədəd sayğac yenisi ilə əvəzlənib.
Məlumatda bildirilir ki, 2014-cü ilin 7 ayında enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 113 milyon 445 min 241 kubmetr qazın satışından 10 milyon 498 min 410 manat vəsait toplanıb, ödəmə 92,6 faiz olub. Əhali abunəçiləri üzrə istehlak olunan 66 milyon 981 min 130 kubmetr qazın satışından toplanan vəsait 6 milyon 71 min 302 manata çatıb ki, bu da 90,6 faiz ödəmə deməkdir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR