Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq 2014-cü il avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə nazirliyə verilmiş tapşırıqların icrası ilə əlaqədar tərtib edilmiş tədbirlər planının icrası haqqında məlumat verib.
Yığıncaqda nazirliyin şöbə müdirləri Əyyub Abdullayevin, Ədalət Hüseynovun çıxışları olub. Qeyd edilib ki, heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması məqsədilə müvafiq tədbirlərin yerinə yetirilməsi, mal-qara, quş və arı ailələri saxlanılacaq binaların təmir edilərək saz hala salınmasına və dezinfeksiya edilməsinə, yem ehtiyatının tədarükünün aparılmasına diqqət yetirilməlidir. Sentyabr və oktyabr aylarında taxıl əkinləri mütəşəkkil qaydada aparılmalı, taxıl əkinlərinin regionun kəskin kontinental iqlim şəraitində qış şaxtalarından qorunması üçün rayonlaşdırılma əsas götürülərək keyfiyyətli şum qaldırılmalı, şumdan əvvəl sahəyə üzvi və mineral gübrələr səpilməlidir. Həmçinin vurğulanıb ki, yazlıq əkinlər üçün öz istehsalından tədarük edilmiş tərəvəz, bostan, dənli bitkilər, yem bitkiləri və sair toxumların dərmanlanaraq anbar şəraitində saxlanılması toxumların keyfiyyətinə müsbət təsir edir. Bu məsələ diqqətdə saxlanılmalıdır.
Tədbirə kənd təsərrüfatı naziri Elşad Əliyev yekun vurub.
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti