10 Yanvar 2025, Cümə

Hələ ötən əsrin 70-ci illərində qışdan söhbət düşəndə tanışlarımdan biri danışırdı ki, babam bu fəsil üçün lazım olan ənənəvi hazırlıq işlərini başa çatdırandan sonra həmin işlərin üçdəbiri qədər də əlavə hazırlıq görür, xüsusən qış tədarükünün artırılması qayğısına qalırdı. Mən elə bilirdim ki, bu ehtiyat qışın sərt keçəcəyinə və ya yazın ləngiyəcəyinə görədir. Amma elə deyilmiş. Bir dəfə babamdan “qış qonaq-qarası üçün gördüyümüz tədarük ötən illərdəkindən yaxşı oldu” ifadəsini eşidəndə həmin ehtiyatın mənasını başa düşdüm. 

Yazının əvvəlində bir ağsaqqalın qış ehtiyatı toplayan zaman xüsusi bir məqama fikir verdiyini xatırlamağım və həmin məqamlarda “hələ ötən əsrin 70-ci illərində” ifadəsini işlətməyim təsadüfi deyil. Çünki rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Məmmədovla payız-qış mövsümünə hazırlıq haqqında söhbət edəndə ondan maraqlı fikirlər eşitdim:
– İndi Şərur 15-20 il əvvəlki Şərur deyil. Ona görə də payız-qış mövsümünə hazırlıq məsələsi elə şəkildə təşkil olunmalıdır ki, bu hazır­lıq muxtar respublikamızın və rayonumuzun ümumi inkişaf səviyyəsinə uyğun olsun. Rayonda o qədər tikinti-qurucu­luq, abadlıq işləri görülüb ki, indi kiminsə diqqətsizliyi üzündən hansısa işin yarımçıq şəkildə görülməsi Şərurun bugünkü nüfuzu ilə üst-üstə düşə biləcək hal deyil. Məlumdur ki, avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirildi. Müşavirədə yeni mövsümə hazırlıqla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi. Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda da bu məsələ geniş müzakirə olundu və tədbirlər planı təsdiqlənərək aidiyyəti üzrə bütün qurumlara göndərildi. Tədbirlər planı hazırlanarkən ötən illərin təcrübəsi xüsusilə diqqət mərkəzində olub.

İcra başçısının müavini “Şərur indi 15-20 il əvvəlki Şərur deyil” fikrini təsadüf işlətmədi. Çünki nə 35-40 il əvvəlki qonaq-qaramızla indiki qonaq-qaramızın sayı müqayisə edilə bilər, nə də qonaqların təmsil etdiyi coğrafiya ilə. Qərəz, Şərur, sözün həqiqi mənasında, qışa yüksək səviyyədə hazırlaşır və bu da hamıda məmnunluq hissi yaradır.
Kommunal Müəssisələri Kom­binatının direktor əvəzi Əsəd Rzayevlə söhbətimizdə məlum oldu ki, Şərurda payız-qış mövsümünə hazırlıq işlərinin böyük həcmi məhz bu qurum tərəfindən reallaşdırılır. Əsəd müəllim qeyd etdi ki, bizim bu sahədəki təcrübəmiz kimi, məsuliyyətimiz də ildən-ilə artır. Növbəti qış mövsümünə də xüsusi olaraq hazırlaşırıq. Çünki Şərurda heç zaman indiki kimi inkişaf da olmayıb, müasirləşmək də. İnkişaf və müasirləşmə olan yerdə isə sakinlərə göstərilən hərtərəfli xidmət də yüksək səviyyədə olmalıdır. 2014-2015-ci ilin payız-qış mövsümünə hazır­lıqla əlaqədar bizim müəssisəyə məxsus nasaz maşın və mexanizmlər təmir olunur, qışın sərt sınaqlarından problemsiz çıxmaq üçün lazım olan bütün addımlar atılır. Küçələri qardan və buzdan təmizləmək üçün 2 ədəd təkərli buldozer-traktor hazır vəziyyətə gətirilib. Müəssisəmizin məişət tullantılarının daşınması üçün 3 ədəd xüsusi təyinatlı maşını var. Şərur şəhərinə və rayonumuzun bütün kəndlərinə ayrılmış yerlərə 496 ədəd təmizləyici qutu qoymuşuq. Məişət tullantılarını daşımaq üçün 16 ədəd də əlavə lafet və avtomobil icarəyə götürmüşük. Küçə və səkiləri buz və qardan təmizləmək üçün lazımi qədər avadanlıq, alət, texniki duz və qum tədarük edilib. Şərur şəhərinin işıqlandırılmasında fasilələrə yol verilməməsi üçün işıq dirəkləri və elektrik xətləri yenidən nəzərdən keçirilir, ehtiyac olan bütün təmir işləri aparılır.
Qış aylarında rayon mərkəzinin və kənd əhalisinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətlərin və qurğuların yenidən qurulması, subartezian quyularının təmir olunması, yeni su xətlərinin çəkilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, qışda da içməli su sarıdan heç bir problem yaşanmasın.
Şərur şəhərində 17 çoxmərtəbəli yaşayış binası var. Bu yaşayış binaları biri mərkəzləşdirilmiş olmaqla, 15 qazanxana ilə qızdırılır. Ümumiyyətlə, rayondakı 64 inzibati bina, 41 təhsil, 41 tibb və 69 mədəniyyət müəssisəsi istilik sistemi ilə təchiz olunub. Bunun üçün 157 fərdi qazanxana mövcuddur. Odur ki, qış mövsümündə qazanxanaların fasiləsiz işini təmin etmək məqsədilə onların elektrik enerjisi, təbii qaz və su ilə təchizatı məsələlərinə xüsusi diqqət yetirilir, istilik sistemlərinin daya­nıqlılığına və qazanxanaların texniki normalar çərçivəsində istifadəsinə diqqət artırılır.
Bu il 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyalarının istifadəyə verilməsi ilə Şərurun enerji təminatı xeyli yaxşılaşıb. Mövsümə hazırlıqla əlaqədar elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğu yoxlanılıb, istifadə müddəti başa çatmış elektrik dirəkləri və elektrik xətləri yenilənib, sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınmasına nəzarət gücləndirilib. Həmçinin qış aylarında yarana biləcək hər hansı nasazlığın vaxtında aradan qaldırılması üçün lazımi mal-material ehtiyatı yaradılıb.
Elektrik enerjisinin verilməsi ilə yanaşı, rayon əhalisinin təbii qaza olan ehtiyacının ödənilməsi də günün vacib məsələlərindəndir. Payız-qış mövsümünə hazır­lıqla bağlı həyata keçirilən tədbirlər sırasında bu qurumun da xidməti kifayət qədərdir. Bölgənin soyuq aylarda təbii qaza gündəlik ehtiyacı 92-93 min kubmetrə çatır. Rayonun Qaz İstismarı İdarəsi bu tələbatın ödənilməsi üçün işə məsuliyyətlə yanaşaraq lazımi tədbirlər görür. Hazırda qazpaylayıcı şəbəkə sisteminin hazırlanması, korroziyaya uğramış qaz xətləri hissələrinin dəyişdirilməsi, təmir olunması, yeni qaz xətlərinin çəkilməsi istiqamətində müvafiq iş aparılır. Bütün bu tədbirlər qarşıdan gələn payız-qış mövsümündə hər hansı bir problemin yaranmasının qarşısının alınmasına xidmət edir.
Qışda fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi də mühüm məsələlərdən sayılır. Odur ki, əhalinin kəndlərə rahat gediş-gəlişini təmin etmək üçün marşrut avtobuslarının qrafikə uyğun hərəkəti indidən diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, cari ildə Kürkənddən keçən 4 kilometrlik daxili yol, 11 kilometrlik Dizə-Axura yolu, Püsyan kəndini Sədərək-Naxçıvan avtomagistralına birləşdirən 3 kilometrlik, həmçinin 6 kilometrlik Püsyan-Xanlıqlar yolları yenidən qurulur və bu, sözsüz ki, qışda həmin istiqamətlərdə gediş-gəlişi asanlaşdıracaqdır. Bundan əlavə, qış aylarında yollarda baş verə biləcək problemlərin qısa vaxtda aradan qaldırılması üçün rayon Yol İstismarı İdarəsinin mövcud maşın-mexanizmləri hazır vəziyyətə gətirilib və lazımi qədər qum ehtiyatı yaradılıb.
Rayonda əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin yüksəldilməsi məsələsi də diqqətdə saxlanılır, bu məqsədlə görülən işlər tədbirlər planına uyğun aparılır. Rayon Rabitə İdarəsi tərəfindən qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrin əldə edilməsi işinin bütün il boyu nəzarətdə olmasına baxmayaraq, mövsümdə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Qeyd edək ki, xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid, yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzində və kəndlərdə quruculuq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi, rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli uzanmasına, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi qeyri-peşəkar müdaxilənin qarşısını alır, nəticədə, avadanlıqlar daim saz olur, daha uzun müddət istismar edilə bilir.
Əhalinin payız-qış mövsümündə meyvə və tərəvəzlə təminatını yaxşılaşdırmaq, qiymətləri sabit saxlamaq üçün də lazımi tədbirlər görülür. Şərurdakı 840 ton tutumu olan 4 soyuducu anbarda tələbatdan artıq istehsal edilən məhsulların qəbuluna başlanması buna imkan verəcək. Hələlik həmin anbarlara 300 tona yaxın kartof tədarük edilib.

...Sentyabrın ilk günləri olmasına baxmayaraq, Şərurda havalar hələ ki, isti və yağmursuz keçir. Ona görə də Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Əsəd Rzayevə dedim ki, bu qədər hazırlıqdan sonra, deyəsən, bu il qış mülayim olacaq. Həmsöhbətim bu zarafatı bir qədər ciddi qəbul elədi: “Yox, yarısı aran, yarısı dağlıq zonada yerləşən Şərur elə bir rayondur ki, Allah buradan heç nəyi əsirgəməyib. Elə qışı da əsirgəməz. Qar da olacaq, soyuqlar da, küləklər də. Siz də şahidi olacaqsınız ki, biz o sınaqlardan necə üzüağ çıxacağıq”.
Təki belə olsun.

Cəfər ƏLİYEV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR