23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yığıncaq keçirilib. Yığıncaqda 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbiri əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatı diqqət mərkəzində saxlanılıb, dövlətimizin sosial sahəyə göstərdiyi diqqət və qayğının davamı olaraq, Əlillərin Bərpa Mərkəzi və Ahıllar evi əsaslı təmir edilərək istifadəyə verilib.
Nazirin sözlərinə görə, ötən il ahıl və fiziki imkanları məhdud şəxslərlə bağlanmış müqavilə əsasında 5 min cüt yun corab və 503 yun şərf toxunaraq hərbi hissəyə təhvil verilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “qazanxana maşinisti” peşəsi üzrə 5 kurs təşkil edilib.

Qarşıdan gələn payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərdən bəhs edən Cavid Səfərov qeyd edib ki, şəhər və rayon Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin, Məşğulluq mərkəzlərinin, Uşaq Bərpa Mərkəzinin, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin və Ahıllar evinin binalarının qızdırılması üçün qazanxana və istilik sistemləri işlək vəziyyətə gətirilib. Elektrik naqillərində, su xətti və kanalizasiya sistemlərində heç bir çatışmazlıq və nasazlıq yoxdur.
Qarşıda duran vəzifələrdən də danışan nazir vurğulayıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar aidiyyəti orqanlar üzərinə düşən vəzifələrin icrası istiqamətində fəaliyyətlərini gücləndirməli, mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün əməli tədbirlər həyata keçirməlidirlər. Belə ki, qazanxana işçilərinin təlimatlandırılması məqsədilə lazımi tədbirlər görülməli, müvafiq peşə kurslarının açılması təmin edilməli, hərbi hissələr üçün yun corabların toxunması işi davam etdirilməlidir. Həmçinin tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərin payız-qış mövsümündə ehtiyaclarına uyğun geyim və digər zəruri vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

*   *   *

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində də muxtar respublikanın mədəniyyət və turizm müəssisələrində payız-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2014-2015-ci ilin payız-qış mövsümündə mədəniyyət və turizm müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə həmin müəssisələrin yanacaq, maye qaz, soba və digər mal-materiallarla təminatına başlanılmalıdır. Qarşıdan gələn payız-qış mövsümündə 500-dən çox mədəniyyət və turizm obyektinin fasiləsiz və təhlükəsiz fəaliyyəti təmin edilməlidir. Bunun üçün mədəniyyət və turizm müəssisələrinin rəhbərləri indidən işlərini düzgün qurmalı, mal-materialın təyinatı üzrə düzgün bölünməsi işini təşkil etməlidirlər.
“Müəssisə rəhbərləri, kitabxana, klub müdirləri təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”, – deyən nazir qeyd edib ki, müəssisələrdə elektrik enerjisindən qanunsuz istifadəyə yol verilməməli, elektrik sayğacı olmayan müəssisələrdə sayğacların quraşdırılması nəzarətdə saxlanmalıdır.
Sonra şəhər və rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri çıxış edərək payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında məlumat veriblər.
Yığıncağa Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov yekun vurub.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açıb.
Bildirilib ki, avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də qarşısında konkret tapşırıqlar qoyulub. Artıq bir neçə ildir ki, payız-qış mövsümünə hazır­lıq işləri ilə bağlı əvvəlcədən müəyyən tədbirlər planı hazırlanaraq xüsusi işçi qrupunun nəzarəti ilə icra olunur.
Qeyd edilib ki, verilən tapşırıqların icrası ilə bağlı nazirlik qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını davam etdirməlidir. Qış aylarında muxtar respublikanın bitki və heyvanat aləminin qorunması üçün vaxtında müvafiq tədbirlər görülməlidir. Nazirliyin İstehsalın təşkili və planlaşdırılması şöbəsi meşə istehsalı müəssisələri ilə birlikdə 2014-cü ilin payız mövsümündə həyata keçiriləcək yaşıllaşdırma tədbirlərinin həcmini müəyyənləşdirəcək, əkin keçiriləcək ərazilərin seçilərək sxem-planlarının hazırlanması, həmçinin toxmacarlıqların və etibarlı ting ehtiyatlarının yaradılması işlərinin ardıcıl yerinə yetirilməsini təmin edəcəkdir. Xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlərə başlanılacaq, payız mövsümündə meşə və qeyri-meşə fondu ərazilərindən qaba yem ehtiyatı yaradılacaq, daşduz, quş yemi və meyvə-tərəvəz qalıqlarından ibarət ehtiyatın tədarük edilməsi və qabaqcadan müəyyənləşdirilmiş ərazilərdə yığılıb-saxlanılması təmin olunacaqdır.
Vurğulanıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnzibati-təsərrüfat şöbəsi və tabeli idarə rəhbərləri inzibati binalarda qışa hazır­lığın vəziyyətini yoxlamalı, qazanxana və qızdırıcı cihazların təhlükəsiz şəkildə işləməsini təmin etmək üçün cari təmirin yerinə yetirilməsini vaxtında yekunlaşdırmalı, tabeli idarələrdə ehtiyac olan şüşə, polietilen örtük, maye qaz və ağ neft ehtiyatı müəyyən edilərək sifariş verilməli və qış mövsümündə fasiləsiz iş rejimini qorumaq üçün digər zəruri tədbirlər icra olunmalıdır.
Sonra nazirliyin əməkdaşlarından Şövqi Əliyevin, Mayis Əliyevin, idarə rəhbərlərindən Aydın Hüseyn­ovun və Oruc Səfərovun çıxışları olub.
Tədbirə ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR