23 Dekabr 2024, Bazar ertəsi

1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Gənclər Günü” kimi qeyd olunması qərara alınmışdır. Həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur.
Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan etmişdir. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. Bu forumda gənclər təşkilatlarının və gənclərimizin qarşısında mühüm vəzifələr qoyulmuş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində təsirli tədbirlərin görülməsi aid dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir.

Ümummilli liderimiz bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlamış, ölkənin ictimai-siyasi həyatında gənc­lərin yaxından iştirakı üçün lazımi şərait yaratmışdır. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalanmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, müxtəlif illərdə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Sərəncam, habelə “Gənc ailə” proqramı qəbul edilmiş, bu sahədə əsas vəzifə və məqsədlər müəyyənləşdirilmişdir. Xalqımızın işıqlı gələcəyi naminə gənclərə böyük ümidlər bəsləyən, onların hərtərəfli yetişməsini ən ümdə amal hesab edən dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamları ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Pro­qramı”nın, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir.
Bu gün ölkəmizdə təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilir, orta və ali təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artırılır. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafına xidmət edir.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da vacib şərtdir. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə olimpiya idman komplekslərinin tikilməsi, idmanın kütləviliyinin təmin olunması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Ölkəmizin paytaxtı Bakı şəhərində Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər evləri”nin inşası da gənclərin asudə vaxtının səmərəli təşkili, onların potensialının üzə çıxarılması ilə yanaşı, gənclərə göstərilən dövlət qayğısını özündə təcəssüm etdirir. Prezident İlham Əliyev gənclərə göstərilən qayğının ölkənin gələcəyinə xidmət etdiyini bildirərək demişdir: “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”.
Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır. Muxtar respublikamızda gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, orta məktəb binaları və digər obyektlər gənc­lərin istifadəsinə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərin cəmiyyət həyatında mühüm rol oynadığını bildirərək demişdir: “Hər bir ölkənin gələcəyi cəmiyyətin ictimai-siyasi həyatında aparıcı rol oynayan gəncliyin əlindədir. Gənc nəslin sağlam ruhda böyüməsi, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması çox vacibdir”. Bu gün muxtar respublikamızda gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması regionumuzda gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu il ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi bu sahəyə olan diqqətin daha bir ifadəsinə çevrilmişdir. Bu sosial obyekt gənclərin müxtəlif layihələr vasitəsilə vahid bir məkanda toplanması və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Gənclər Mərkəzində ötən dövr ərzində gənclər tərəfindən irəli sürülmüş layihələrin icrası gənclərin yaradıcılıq, intellektual imkanlarının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyür.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR