Deyirlər ki, Naxçıvanda üç Şahtaxtı var. Biri nə zamansa Eldəgizlər taxtının və xəzinəsinin qorunaraq saxlanıldığı Əlincənin zirvəsindədir, ikincisi Cəhri kəndi ərazisində Nadir şahın bir vaxtlar qoşununa müraciət etdiyi məkandır, üçüncüsü isə Kəngərli rayonu ərazisində yerləşən Şahtaxtı kəndidir. Bu kənd Xətainin şahlığa gedən yolda son qüdrətli qələbəsini qazandığı yerdir. Başqa sözlə desək, Şərur döyüşündən sonra gələcək Səfəvi sarayının diplomatları da, sərkərdələri də, mədəniyyət xadimləri də, təbibləri də bura yığışmışdı. Bəlkə, elə bu səbəbdəndir ki, sonradan bu kiçik kənd Azərbaycana görkəmli diplomatlar, sərkərdələr, həkimlər, ədiblər bəxş etdi.
Deyilənə görə, Şahtaxtlılar nəslinin kökləri əfsanəvi Çingiz xana, Hülakü xana gedib çıxır. Onun şərəfli tarixi yüz illər boyu nəsildən nəslə ötürülməkdədir. Hər zaman ata-baba yurdları ilə öyünən şahtaxtlıların ağsaqqalı Hacı Vəli ağanın vaxtilə İrəvan qubernatoruna verdiyi cavab indi də hamının yadındadır: “Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtlı familiyasını daşıyırıq”. 1859-cu ildə aparılan siyahıyaalmada onlar bəy kimi qeyd olunmaqla ulu babalarının da zadəgan olduğu təsdiqlənir. Şahtaxtlıların Qazaxlar tayfasına mənsubluğunu və ulu babalarının Ağacir ağanın varisləri olduqları qeyd edilməklə o da bildirilir ki, bu nəsildən indiyədək heç kim bəylik hüququndan məhrum edilməyib.
Bu qədim nəslə, eləcə də bütün Azərbaycana şöhrət gətirən Şahtaxtlılar çoxdur: xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya, ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru Adilə Şahtaxtinskaya, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan diplomat, ictimai xadim Behbud ağa Şahtaxtinski, publisist, təbiətşünas alim, ictimai xadim İsasultan Şahtaxtinski (1851-1894), çar ordusunun polkovniki Əbülfət ağa Şahtaxtinski (1858-1913), tanınmış ziyalılardan Çingiz Yurtçu Şahtaxtinski (1898-1961), jurnalist, ensiklopedist-lüğətşünas, tərcüməçi, maarifpərvər Cəbrayıl Rzaquliyev (1910-1974), tanınmış ziyalılardan Baxşəli ağa Şahtaxtinski, akademik Toğrul Şahtaxtinski, xalq rəssamı Elmira Şahtaxtinskaya və daha kimlər, kimlər... Xalq rəssamı Oqtay Sadıqzadə həyat yoldaşı Elmira Şahtaxtinskaya haqqında xatirələrində yazır: “Hər ikimiz Bakıda doğulub-böyümüşdük. Mən 1921-ci ildə İçərişəhərdə dünyaya göz açmışam. Hər daşından, divarından qoca tariximizin boylandığı o əyri-üyrü küçələrdə yıxıla-dura yerimək öyrəndim. Elmiranın təvəllüd tarixi isə 1930-cu ildir. Onun uşaqlıq illəri Hökumət eviylə üzbəüz yerləşən, “Alimlər evi” adlanan binada keçib. Elmira əslən naxçıvanlıdır. Babalarının özlərinə soyad kimi götürdüyü doğma yurdları Şahtaxtı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Şahtaxtlılar nəsli Azərbaycana neçə-neçə məşhur övlad bəxş edib...”
Dövlət Dumasının üzvü
Belə bir yurdun və belə bir nəslin şərəfli davamçılarından olan Məhəmməd ağa Şahtaxtlı (Şahtaxtinski) ilk təhsilini Naxçıvan şəhər məktəbində aldıqdan sonra 1863-cü ildə Tiflis klassik kişi gimnaziyasına daxil olur. Daha sonra Peterburqa üz tutaraq orada alman dilini öyrənir, sonra Almaniyanın Leyspiq Universitetində fəlsəfə, tarix və hüquq elmlərinə yiyələnir. 1869-cu ildə həmin universiteti bitirib Parisə gələn Məhəmməd ağa burada Şərq dilləri məktəbinə daxil olur və elmi fəaliyyətə başlayır. Aldığı yüksək təhsil sayəsində 7 xarici dili mükəmməl bilən Məhəmməd ağa Parisdə yaşadığı dövrdə Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs deyir, eyni zamanda Sorbonna Universitetində fonetika sahəsində tədqiqat işləri ilə məşğul olurdu. O, bu fəaliyyətinə görə 1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinin, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinin, 1903-cü ildə isə Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilir. Məhəmməd ağanın “Qurani-Kərim”i orijinaldan fransız və rus dillərinə tərcüməsi o dövr üçün böyük bir hadisə idi.
1907-ci ildən etibarən Məhəmməd ağa Şahtaxtlının fəaliyyətində yeni bir mərhələ başlayır. Həmin il keçirilən seçkilər zamanı İrəvan quberniyasından Dövlət Dumasına deputat seçilən Məhəmməd ağa Azərbaycan tarixində ilk millət vəkillərindən biri kimi o dövrdə siyasi burulğanlar içərisində çapalayan Rusiyanın ictimai-siyasi həyatında yaxından iştirak etməklə bərabər, öz yurdunun haqlarını da cəsarətlə müdafiəyə qalxır. Bir faktı da qeyd edək ki, II Dövlət Dumasına seçkilərin keçirildiyi dövrdə ermənipərəst mətbuat deputatlığa namizəd Məhəmməd ağa Şahtaxtlının əleyhinə güclü təbliğat işləri aparırdı. “Faktı” qəzeti 1907-ci il 4 mart nömrəsində yazırdı: “...Şahtaxtinskiyə kor-koranə sitayiş edənlər hər şeydən əvvəl onu unutmasınlar ki, o, əmlak senzinə malik olmayıbdır. Onun istər şəhərdəki, istər qəzadakı mülkləri lap çoxdan qızı Balabəyimə satılıb və hətta onun adı şəhər seçkilərində iştirak etmək hüququ olan şəxslərin siyahısından çıxarılıb”.
Bütün bunlara baxmayaraq, bütövlükdə, Məhəmməd ağa Şahtaxtlının İrəvan quberniyasının Naxçıvan mahalından deputat seçilməsi o dövrdə regionda Azərbaycançılığın qələbəsi demək idi. II Dövlət Duması qısa müddətdə, yəni 1907-ci ilin fevral-iyun aylarında cəmi dörd-beş ay fəaliyyət göstərsə də, bu iclaslardakı çıxışları onun vətənpərvər ruhunu anlamaq baxımından xüsusi maraq doğurur. Müzakirələr zamanı Polşadan olan millət vəkili Dmovskinin: “Asiya dövlətçiliyi dövlətin hər cür daxili düşmənini məhv etmək əsasında qurulmuşdur” tezisinə etiraz əlaməti olaraq Məhəmməd ağa Şahtaxtlı: “Yalandır! Asiyalılar – yaponlar və iranlılar daha çox azaddırlar, nəinki burada biz!”
Millət vəkili, akademik, AMEA-nın vitse-prezidenti, Məhəmməd ağa irsinin yorulmaz tədqiqatçısı İsa Həbibbəyli yazır ki, “Məhəmməd ağa Şahtaxtlının deputatlıq fəaliyyəti və millət vəkili kimi ehtiva etdiyi xüsusiyyətlər hazırkı dövrdə milli parlamentarizm dünyagörüşünün formalaşması üçün dəyərli nümunə sayıla bilər”.
Məhəmməd ağa 1909-1912-ci illərdə Rusiya imperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist kimi çalışarkən Osmanlı imperiyasının bir sıra dövlət rəsmiləri ilə əlaqələr yarada bildi. Bu dövrdə bəzi hərbi-siyasi əsərlərin və sənədlərin tərcüməsi ilə də məşğul olan Məhəmməd ağa Şahtaxtlının ən ciddi tərcümələrindən biri Osmanlı ordusunun baş komandanı Muxtar Paşanın yazdığı “Anadoluda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin tarixi” əsəridir. Bu əsərdən tərcümələr 1913-1916-cı illərdə Rusiyanın “Hərbi tarix jurnalı”nda hissə-hissə çap edilib.
Məhəmməd ağa doğulduğu Şahtaxtı kəndini də unutmurdu: o, burda dövlət məktəbinin açılması üçün xeyli səy göstərir və nəhayət, Qarsda komendant işləyən Əbülfət ağa Şahtaxtinskinin köməyi ilə 1888-ci ilin oktyabrında ikisinifli zemstvo dövlət məktəbini açmağa nail olur. Böyük mütəfəkkir M.F.Axundzadənin layiqli davamçısı kimi Məhəmməd ağanın Azərbaycan dilçilik elminə verdiyi töhfələr də çox böyükdür. Onun əlifba islahatı sahəsində Şərq aləmində ilk tədqiqat əsəri olan “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabı 1879-cu ildə Tiflisdə nəşr edilib.
Xalq rəssamı Oqtay Sadıqzadənin xatirələrindən: “Söhbətlərimizdə arabir həyatımın çətin keçən günlərini – 15-16 yaşındaykən atamı xalq düşməni kimi həbsə atdıqlarını, bir il keçməmiş anamın da tutulub sürgünə göndərildiyini danışırdım ona... Atam 1937-ci ildə biryolluq getdi. Ondan sonra bizi çox incitdilər. Yeddi ilin ayrılığından dönən anam da yaralı qəlbimizi ovuda bilmədi. Sürgündən xəstə, üzgün qayıtmışdı. Üç ay sonra isə vəfat etdi. “Xalq düşməni”nin arvadı kimi... Elmiranın əmisi də Sovet hakimiyyətinin “təmizləmə” siyasətinin bəlasını çəkmişdi. Elmira kiçik yaşlarından evlərində “xalq düşməni”nin qohumu olmaq xofuyla yaşayan ata-anasını görüb. Yəqin, buna görə mənim dərdlərimə, ürəkağrılarıma nabələd deyildi”.
“Qeyrət” mətbəəsi, “Şərqi-Rus” qəzeti və “Molla Nəsrəddin” jurnalı
Məhəmməd ağa mətbuat tariximizdə də silinməz izlər qoyub. 1891-ci ildə yeganə anadilli mətbu orqan olan “Kəşkül” qəzetinin nəşri dayandırıldıqdan sonra dövrün ziyalıları yeni bir qəzet axtarışına çıxdılar. Onlardan Məhəmməd ağa Şahtaxtlı öz istəyinə çatan ilk ziyalı oldu. O, 1894-cü ildə “Tiflis” adlı qəzet buraxmaq üçün senzuraya müraciət etsə də, müsbət cavab ala bilmir. Daha sonra Naxçıvanda ata mülkünün bir hissəsini sataraq “Qeyrət” adlı mətbəə açır və xatırlamağa dəyər ki, dünyalarca məşhur “Molla Nəsrəddin” jurnalı bu mətbəədə çap olunurdu.
Məhəmməd ağanın nəşrinə başladığı “Şərqi-Rus” qəzeti ətrafında çox keçmir ki, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi dövrün tanınmış ziyalıları toplaşır. Qəzetdə ana dili ilə bağlı islahatlar, qadın azadlığı, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə təhsil sisteminin inkişaf predmetləri və sair məsələlərlə bağlı çoxlu sayda yazılar dərc olunur. Məşhur qələm sahiblərindən Ömər Faiq Nemanzadə yazırdı: “Sən, ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaqlı hala salan ərəb əlifbası və yazısından əvvəl sənin göyçək əlifban və yazın var idi. Bəsdir, bəsdir, ey türk! Bir az ayıl, əl-ayağını bir az tərpət, vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını qır at, qurtul! Vücuduna Günəş, hava dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığının, öz vücudunun qiymətini bil. İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl, özünə gəl, öz gününə çalış!”
“Şərqi-Rus” Azərbaycan mətbuat tarixində bir çox yenilikləri ilə yadda qaldı. Bu qəzet Azərbaycanda Qərb standartları ilə çap olunan anadilli ilk gündəlik qəzet idi. M.Ə.Rəsulzadənin ilk mətbu əsəri olan “Bakıdan məktub”, Mirzə Cəlilin “Poçt qutusu” hekayəsi məhz bu qəzetdə çap olundu. Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr də “Şərqi-Rus”un səhifələrində işıq üzü gördü. 1904-cü ilədək nəşrə Məhəmməd ağa Şahtaxtlı rəhbərlik edirdi. Sonrakı dövrdə – 1905-ci ilin yanvarınadək isə qəzetin redaktoru C.Məmmədquluzadə oldu.
Nəhənglərin davası
Azərbaycan mətbuat tarixində bir mərhələ olan “Kaspi” qəzetinin fəaliyyətindən danışarkən filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edir ki, o, “...milli ictimai fikrin formalaşmasında, milli istiqlal düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə beyin mərkəzi idi” və XIX əsrin sonu, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş xalq xadimlərinin böyük əksəriyyəti, o cümlədən Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Əhməd bəy Ağaoğlu, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Firidun bəy Köçərli, Soltan Məcid Qənizadə, Mirzə Cəlil, Eynəli bəy Sultanov, Mahmud Mahmudbəyov, Mehdi bəy Hacınski, Məhəmməd Tağı Sidqi, Teymur bəy Bayraməlibəyov kimi tariximizin silinməz simaları “Kaspi”də qələmlərini sınamışlar. O dövrdə “Kaspi” ilə paralel nəşrə başlayan “Şərqi-Rus” Azərbaycan həyatında həqiqi bir hadisəyə çevrildi. Lakin dövr ziddiyyətlərlə dolu idi və çox keçmədi ki, “Şərqi-Rus”la müəyyən ziyalılar arasında fikir ayrılıqları meydana gəldi, hətta bu, ciddi polemikaya səbəb oldu. Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu qəzetin nəşrini alqışlasalar da, sonradan “Şərqi-Rus”un qarşıya qoyduğu məqsəd və vəzifələrlə bağlı narazılıqlarını bildirdilər və bu fikir çaxnaşmaları dövrün ən böyük ziyalılarını üz-üzə qoydu. Professor Vilayət Quliyevin “üç aqilin davası” adlandırdığı bu qarşıdurmada yaranan narazılığın kökünü Əhməd bəy Ağaoğlu belə ifadə edirdi: “Şərqi-Rus” qarşıya qoyulan məqsədlər baxımından lazımi yüksəklikdə dayanmır. Qəzetin tonu etik və praktik baxımdan arzuedilməzdir, tutduğu istiqamət isə onu mütləq məhvə aparacaq”.
İlk işartılar özünü belə büruzə verdi: məşhur xeyriyyəçi H.Z.Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürüb sonradan kömək göstərməməsi barədə “Şərqi-Rus”da dərc olunan tənqidi yazı Məhəmməd ağanın qələm dostlarının kəskin etirazına səbəb oldu. Bu narazılığa “Şərqi-Rus” qəzeti “Hacı Zeynalabdinin qələm qoçuları” adlı yazı ilə cavab verdi. Beləcə, bu məqam “Kaspi” və “Şərqi-Rus” qəzetlərində qızğın mübahisələrə gətirib çıxardı. Dövrün tanınmış ziyalılarından Məhəmməd Tağı Sidqi “Şərqi-Rus”da nəşr olunan “Təəssüf, yenə də təəssüf” məqaləsində Azərbaycan mütəfəkkirlərindən xahiş edirdi ki, Azərbaycan türk millətinin çar Rusiyasının əsarəti altında olduğu bir durumda onlar bir-birlərinə qarşı cəbhə açmasınlar: “Məni lənət və söyüşə layiq bilib hər nə qədər ki, dilhaxınızdır söyün. Çünki mən dostların islahı və millətin səlahı üçün hər bir nifrin və narəba sözləri kəndi canıma nuş və guvara bilirəm. Mənim də qabaqca qəlbi nifrinim budur... Bundan sonra nə “Kaspi”də, nə də “Şərqi-Rus”da bu günə məlal gətirən və küdrət artıran bəndlər nəşr olunmasın, qonşularımızın hərəkətlərindən ibrət alayım. Qəzet yazan və qəzet oxuyan, xüsusən “Kaspi”də və “Şərqi-Rus”da nəşr olunan bəndləri oxuyan sair millətlərdən xəcalət çəkəlim. Dostları məhzun və düşmənləri məmnun etməyəlim”. Çox şükür ki, ömrünü millətinə xidmətə sərf edən bu üç aqilin davası xoşluqla – barışıqla nəticələndi.
Xalq Cümhuriyyəti dövründə daha çox qəzetçilik və təhsil sahələrində fəaliyyət göstərən Məhəmməd ağa Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun xüsusi işlər üzrə müşaviri kimi Bakıda Şərq xalqları qurultayının keçirilməsinin əsas təşkilatçılarından biri olur, Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak edir, bu ali məktəbdə Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur və sovet dövründə Azərbaycanda ilk professor adına layiq görülür.
Jurnalist, şərqşünas, dilçi, pedaqoq, ictimai xadim və daha nələr... Məhəmməd ağa Şahtaxtlının arzularla, təlatümlərlə, axtarışlarla dolu ömrü 1931-ci il dekabrın 12-də sona çatdı. O, dünyasını dəyişdi, təəssüf ki, dövrünün, özünün, nəslinin müəmmalı taleyi onu sonadək müşayiət etdi: bu böyük insanın məzarının yeri hələ də məlum deyil...
Xalq rəssamı Oqtay Sadıqzadənin xatirələrindən: “Elə gecə yoxdur ki, onu yuxuda görməyim. Müxtəlif yaşlarında gəlir röyalarıma. Həmişə, təxminən, belə olur. Yuxuda görürəm ki, yanımdadır, harasa gedirik. Xoşbəxtik. Çünki heç bilmirəm, ölüb. Qəflətən itirirəm onu. Təşviş içində oyanıram. 35 il Elmira xəstəliklə, mənsə onsuz qala biləcəyimin qorxusuyla yaşadım. Bəlkə də, bu yuxular o vaxtların xofunun, təlaşının davamıdır...”
(Ardı var)
Bəxtiyar QARACA,
“Azərbaycan” qəzeti,
31 avqust 2014-cü il