Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə, siyasət və hərb tarixinə bəxş etdiyi ilklərdən bəhs edən rubrikamızın budəfəki yazısında müasir dövrdə Naxçıvan Muxtar Respublikasında hərb sahəsində atılan ilk addımlardan bəhs olunacaq.
Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında mühüm rol oynamış qədim diyardır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizədə həmişə ön sırada yer almışdır.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında çoxsaylı xidmətləri sırasında müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət daşıyır. Milli Ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində ulu öndərimizin rəhbərliyi ilə Naxçıvanda başlanmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi dörd gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında milli ordu quruculuğunu şərtləndirən mühüm amillərdən biri də keçmiş Sovetlər Birliyinə məxsus hərbi hissələrin öz sərəncamlarında olan silah-sursatı, döyüş texnikasını və digər hərbi əmlakı yüz faiz burada saxlamaqla muxtar respublika ərazisini tərk etmələri oldu. 1992-ci il avqustun 18-də 75-ci diviziyanın əmlakının, silahlarının, hərbi texnikasının Azərbaycan Milli Ordusuna verilməsi haqqında sənədlərin imzalanması ilə Rusiya ordusunun hərbi hissələri Naxçıvan Muxtar Respublikasını tərk etmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil olunmuşdur.
İlk milli sərhəd qoşunlarının yaradılması da Naxçıvandan başlanmışdır. Sərhəd qoşunları dəstəsində Azərbaycanın milli bayrağı ilk dəfə Naxçıvanda qaldırılmışdır. Oktyabr ayının 9-da Naxçıvanda ilk hərbi parad keçirilmişdir.
Ümummilli lider Heydər Əliyev Naxçıvan Qarnizonunun əsgər və zabitləri ilə görüşdəki nitqində deyirdi: “1990-1991-ci illərdə burada çox gərgin vəziyyət vardı. Bir tərəfdən Ermənistan ərazisindən Naxçıvana, Azərbaycana vaxtaşırı hücumlar baş verir, ikinci tərəfdən də Naxçıvanda daxili ictimai-siyasi vəziyyət həddən artıq gərgin idi. O illərdə naxçıvanlılar çox gərgin bir dövr yaşadılar. O zaman Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da, biz Naxçıvanda mütəşəkkil silahlı qüvvələr yaratmaq prosesinə başladıq. O vaxt Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi olan Naxçıvan silahlı qüvvələri yaranmağa başladı”.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu quru qoşunlarından, hərbi hava qüvvələrindən və hava hücumundan müdafiə qoşunlarından, hərbi dəniz qüvvələrindən ibarətdir. Hər qayası, hər daşı Azərbaycan tarixinin müəyyən bir mərhələsindən xəbər verən Naxçıvan diyarı Azərbaycanın ayrılmaz parçasıdır. Naxçıvan əsrlər boyu bir çox əhəmiyyətli hadisənin şahidi olmuş, hərbi sahədə bu torpaqda atılan təməllər müasir hərb tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan hərb tarixində ən çox general yetişdirən nəslin məskəni olan bu torpaq əyilməz, yenilməz bir qala kimi tarixin sınaqlarından uğurla çıxmışdır. Son vaxtlar Naxçıvanda hərbi sahədə olan yeniliklər də Azərbaycan hərb tarixinin ilklərindəndir. Azərbaycanda ilk Əlahiddə Ümumqoşun Ordusu ötən il Naxçıvanda yaradılmışdır.
Sonda ümumiləşdirmə aparsaq, belə bir nəticə hasil olur ki, muxtar respublikamız hərb sahəsində aşağıdakı ilklərə imza atmışdır: Dövlət Müdafiə Komitəsi, Milli Ordu hissələri, ilk milli sərhəd qoşunları Naxçıvanda yaradılmışdır. Bütün keçmiş müttəfiq respublikalar içərisində ilk dəfə olaraq sovet imperiyasının ordu hissələrinin, bütünlüklə, Naxçıvandan çıxarılması, ilk hərbi parad, ilk dəfə azərbaycanca “Farağat” komandası və sair kimi ilklərin şahidi olan Naxçıvan torpağı Azərbaycan hərb tarixində əhəmiyyətli rola malikdir.
Nərgiz İSMAYILOVA