23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 13-də Babək Rayon İcra Hakimiyyətində 5 avqust 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tədbir keçirilib.
Tədbiri Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açıb. Bildirilib ki, Babək rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzində yerləşən 29 təşkilatdan 25-i və 5 mərtəbəli, 60 mənzilli yaşayış binası qazanxana ilə qızdırılacaq. Rayonda fəaliyyət göstərən 34 təhsil müəssisəsindən 23-ü, 72 mədəniyyət müəssisəsindən isə 43-ü, 33 səhiyyə müəssisəsindən isə 21-i qazanxana ilə, 6 təhsil, 24 mədəniyyət, 8 səhiyyə müəssisəsi ağ neftlə, 5 təhsil və mədəniyyət, 4 səhiyyə ocağı isə maye qazla qızdırılacaq. Qeyd olunub ki, Babək rayonunda 2014-2015-ci ilin payız-qış mövsümünü mütəşəkkil başa vurmaq üçün bir sıra məqsədyönlü işlər görülüb, Nehrəm, Cəhri, Şıxmahmud, Sirab, Zeynəddin, Məmmədrzadizə, Yuxarı və Aşağı Uzunoba, Nəzər­abad, Didivar, Kərimbəyli, Çeşməbasar və Şəkərabad kənd mərkəzlərinin müasirtipli qazanxanalarla təchiz edilməsi nəticəsində bu sahədə vəziyyət xeyli yaxşılaşıb.

Bundan əlavə, Babək rayonunda payız-qış mövsümündə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Nehrəm, Cəhri, Sirab, Qahab, Didivar, Nəzərabad, Çeşməbasar, Vayxır, Yarımca, Xəlilli və Badaşqan kəndlərində 19 ədəd 10/0,4 kilovoltluq yarımstansiya təmir edilib, Babək qəsəbəsi də daxil olmaqla, 26 kənddə 334 ədəd yeni dirək basdırılıb, 289 ədəd elektrik dirəyinə isə yeni dayaqlar bərkidilib, rayon mərkəzində və 9 kənddə 13 min 430 metr məsafədə yararsız məftillər yenisi ilə əvəz edilib.
“Payız-qış mövsümündə istehlakçıların təbii qaz təminatı da diqqət mərkəzində saxlanılıb, rayon Qaz İstismarı İdarəsi tərəfindən yeni tikilmiş 109 evə qaz xətti çəkilib, korroziyaya uğrayaraq sıradan çıxmış 1420 metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilib, 549 sızma hadisəsi aradan qaldırılıb, orta və aşağıtəzyiqli boru xətlərində isə nasazlıqlar təmir edilib”, – deyən icra başçısının sözlərinə görə, qaz itkisinin qarşısını almaq məqsədilə Qahab, Naxışnərgiz, Məzrə, Kalbaorucdizə, Qaraqala, Məmmədrzadizə, Kərimbəyli, Kültəpə, Sirab, Zeynəddin, Nəcəfalıdizə, Yarımca, Badaşqan, Hacıvar, Şəkərabad, Vayxır, Xalxal, Çeşməbasar və Güznüt kəndlərində istismar müddəti başa çatmış 3856 ədəd sayğac yenisi ilə əvəz edilib və hazırda bu iş davam etdirilir.
Rayonda rabitə sahəsində görülən işlərdən də danışan Elçin Hüseynəliyev bildirib ki, mövsümə hazırlıqla bağlı rabitə xətlərinə baxış keçirilib, 125 ədəd yeni dəmir dirək basdırılıb, 12,5 kilometr uzunluğunda müxtəliftutumlu kabel çəkilib, 3,5 kilometr məsafədə kabel yer altına salınıb, 760 metr məsafədə isə rabitə xətlərinin yerləri dəyişdirilib.
Tədbirdə Babək Rayon Elektrik Şəbəkəsinin direktoru vəzifəsini icra edən Elmar Əzimovun, Qaz İstismarı İdarəsinin rəisi Vüqar Quliyevin və Təhsil Şöbəsinin müdiri Kamil Kazımovun çıxışları olub.

*   *   *

Ordubad Rayon İcra Hakimiyyətində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq payız-qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış edib.
Bildirilib ki, 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar Ordubad rayonunda bir sıra işlər görülüb. Belə ki, payız-qış mövsümündə rayon sakinlərini elektrik enerjisi və təbii qazla fasiləsiz təmin etmək məqsədilə rayon Elektrik Şəbəkəsi və Qaz İstismarı İdarəsinə lazım olan hər cür mal-material verilib. Rayon üzrə bu ilin payız-qış mövsümündə yeni tikililərlə birlikdə 73 müasirtipli qazanxana fəaliyyət göstərəcək. O cümlədən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunacaq. Həmçinin təhsil müəssisələri üzrə 25, mədəniyyət sahəsi üzrə 5, idarə, müəssisə və təşkilatlar üzrə isə 34 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə, həmin qazanxanaların hamısı işlək vəziyyətdədir və qazanxanaların texniki təhlükəsizliyi təmin edilib.
Qeyd olunub ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar binalarda əsaslı və cari təmir işləri aparılıb. Bu il rayondakı 43 təhsil müəssisəsindən 25-i qazanxana, 17-si isə neft sobası ilə qızdırılacaq. Rayon Rabitə İdarəsində 2014-2015-ci ilin payız-qış mövsümü ilə əlaqədar akkumulyator batareyaları yenisi ilə əvəz edilib, xətt təsərrüfatına baxış keçirilib, müxtəliftutumlu kabellər və yararsız dayaqlar yeniləri ilə əvəz olunub. Bundan əlavə, ATS-lə­rin fasiləsiz fəaliyyəti üçün yanacaq ehtiyatı əldə edilib, generatorlara texniki baxış keçirilib, nasaz generatorlar təmir edilib, bir generator yenisi ilə əvəzlənib.
Sonra icra başçısı qarşıda duran vəzifələrdən danışıb.
Məruzə ətrafında Ordubad Rayon Elektrik Şəbəkəsinin direktoru Ramazan Rzayevin, Qaz İstismarı İdarəsinin rəisi Tural Əzimovun, Təhsil Şöbəsinin müdir əvəzi Elvin Məmmədovun, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyevin çıxışları olub.
Müşavirəyə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub.

*   *   *

Dünən Şahbuz Rayon İcra Hakimiyyətində də 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.
Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, həmçinin əhalinin payız-qış mövsümündə enerji və istiliklə fasiləsiz təmin olunması, inzibati binaların, kənd­lərarası yolların təmiri diqqət mərkəzində saxlanılıb, rayon mərkəzində və kənd yaşayış məntəqələrində müasir istilik sistemi ilə təmin edilmiş inzibati binaların qazanxanalarının mövsümə hazırlanması istiqamətində tədbirlər həyata keçirilib. Vurğulanıb ki, rayon mərkəzində fəaliyyət göstərən 42 idarə, təşkilat və müəssisənin yerləşdiyi inzibati binalardan 32-də müasir istilik sistemi qurulub. Şahbuz rayonunun 21 yaşayış məntəqəsində fəaliyyət göstərən xidmət müəssisələrinin yerləşdikləri binalar, həmçinin mövsümədək istifadəyə veriləcək Gömür və Nursu kəndlərindəki tam orta məktəb binaları, kənd və xidmət mərkəzlərinin yerləşdikləri binalar müasir istilik sistemləri ilə qızdırılacaq. Hazırda Gömür və Nursu kəndlərindəki obyektlərin tikintisinin vaxtında başa çatdırılması məqsədilə lazımi tədbirlər həyata keçirilir.
İcra başçısının sözlərinə görə, muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Şahbuz rayonuna da xeyli pay düşməsinin nəticəsidir ki, Şahbuz şəhərində bütün ictimai yaşayış binaları əsaslı surətdə təmir edilib, hər bir ictimai yaşayış binasının qış mövsümünə hazırlığı ilə bağlı kommunikasiya xətlərinə baxış keçirilib, nasazlıqlar aradan qaldırılıb.
2014-2015-ci ilin payız-qış mövsümündə nəqliyyatın normal hərəkəti üçün görülmüş işlərdən də danışan Nurəddin Quliyev qeyd edib ki, kəndlərarası avtomobil yolları təmir edilib. Uzunluğu 18 kilometrdən çox olan Şahbuz-Keçili avtomobil yolunun sıradan çıxmış hissələrinə asfalt-beton örtük salınaraq bərpa edilib. Avtomobil yollarının xüsusilə payız mövsümündə sel sularından qorunması məqsədilə Yuxarı Qışlaq kəndində uzunluğu 140, hündürlüyü 2 metr, Aşağı Qışlaq kəndində uzunluğu 43, hündürlüyü 2 metr olan istinad divarları çəkilib, Şahbuz şəhərində dərə selovunun üzərində iki yerdə uzunluğu 12 metr olan mənfəz tikilib.
Rayon sakinlərinin payız-qış mövsümündə də elektrik enerjisinə olan tələbatını tam ödəmək məqsədilə 2014-cü ilin ötən dövrü ərzində 8 ədəd transformator təmir olunaraq istismara qaytarılıb, 156 ədəd dayaq dəyişdirilib, istismar müddəti başa çatmış naqillər yeniləri ilə əvəz olunub.
“Əhalinin qış mövsümündə içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Batabat su xəttində lazımi təmir işləri aparılıb, Şahbuz şəhərinə yeni içməli su xəttinin çəkilməsi və kanalizasiya sisteminin ən müasir formada qurulması üçün tikinti işləri davam etdirilir”, – deyən mərizəçi qarşıda duran vəzifələrdən də danışıb. Bildirilib ki, payız-qış mövsümündə istehlakçıları normal elektrik enerjisi və təbii qazla təmin etmək məqsədilə köhnə, nasaz elektrik və qaz xətlərinin bərpasına, işçilərin payız-qış mövsümündə isti geyim və təhlükəsizlik avadanlıqları ilə təminatına ciddi diqqət yetirilməlidir. Bundan başqa, qarşıdan gələn payız-qış mövsümündə əhaliyə göstərilən nəqliyyat xidmətlərində fasilələrə yol verilməməsi üçün avtobus və mikroavtobusların texniki sazlığı nəzarətdə saxlanmalı, hərəkətin qrafikə uyğun olaraq fəaliyyəti təmin edilməli, bununla bağlı əməli tədbirlər həyata keçirilməlidir.
Sonra məruzə ətrafında Şahbuz Rayon Elektrik Şəbəkəsinin direktoru Tural Quliyevin, Qaz İstismarı İdarəsinin rəisi Anar Hüseynovun, Rabitə İdarəsinin rəisi Fazil Umud­ovun və Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Xanlar Səfərəliyevin çıxışları olub.
Tədbirə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR