“Naxçıvan” Sərhəd Diviziyası muxtar respublika sərhədlərini etibarlı müdafiə edir
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk milli sərhəd qurumları yaradılmışdır.
Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabr ayının 7-də Naxçıvanda Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdi. Bununla da, Azərbaycanda ilk peşəkar vahid komandanlığa tabe olan milli ordunun əsası qoyulmuşdu. Ulu öndərin rəhbərliyi ilə Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradılmış, fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdi. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah-sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olunmuşdu. Belə ki, SSRİ-nin Naxçıvandakı sərhədlərində 41-ci Sərhəd Qoşunları Dəstəsi dayanmışdı. Lakin birbaşa Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinə tabe olan bu qurum muxtar respublika ərazisindəki bütün sərhəd məntəqələrini əhatə etmirdi və sərhədin Ordubad və Sədərəkdən keçən hissələrinin mühafizəsini aparan 7 sərhəd zastavası Ermənistan ərazisindəki sərhəd dəstəsinin tabeçiliyində idi.
Ulu öndərimizin səyi nəticəsində 3 gün ərzində bu sərhəd zastavaları 41-ci Sərhəd Qoşunları Dəstəsinin tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Qoşunları Dəstəsi ləğv olundu, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verildi. 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli sərhəd qoşunları tərəfindən mühafizəyə qəbul edildi. 1992-ci il oktyabrın 18-də isə Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikası sərhədçilərinin birinci andiçmə mərasimi idi.
Azərbaycan xalqı əsrlər boyu müstəqillik uğrunda mübarizə aparmış, milli əraziyə və sərhədlərinə malik olmaq üçün cəhdlər göstərmiş, nəhayət, ümummilli lider Heydər Əliyevin gərgin dövlətçilik fəaliyyəti sayəsində bu arzusuna qovuşmuşdu. 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən hərbi paradda çıxış edən ulu öndərimiz demişdir: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın burada yerləşən 41-ci sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı. İndi artıq qonşu İran və Türkiyə ilə sərhədlərimizi Azərbaycan milli sərhəd qoşunlarının Naxçıvanda yerləşən dəstəsi mühafizə edir. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir”.
Ölkəmizdə sərhəd qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Ulu öndərimizin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü təsis edilmiş, 2002-ci il iyul ayının 31-də isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmış və ona mərkəzi icra hakimiyyəti orqanı statusu verilmişdir.
Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, sərhəd qoşunlarının da maddi-texniki bazasının təkmilləşdirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Göstərilən dövlət qayğısı nəticəsində sərhəd qoşunları günü-gündən daha da qüdrətlənir, möhkəmlənir. Son illər ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncam imzalanmış, normativ-hüquqi baza təkmilləşdirilmişdir. Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşlarının artırılması, xidmətdə fərqlənənlərin orden və medallarla təltif edilməsi sərhədçilərdə böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur. Azərbaycan Prezidentinin 2005-ci il dekabr ayının 27-də Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramını təsdiq etməsi sərhəd qoşunlarında quruculuq işlərinə böyük təkan vermişdir. Göstərilən qayğı nəticəsində dövlət sərhədlərimizin daha etibarlı şəkildə qorunması, hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatı sahəsində tədbirlər görülmüş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturları yaradılmışdır. Ali Baş Komandan cənab İlham Əliyev sərhədlərin qorunmasının əhəmiyyətini bildirərək demişdir: “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”.
Sərhəd qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikamızda uğurla davam etdirilir. “Naxçıvan” Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmışdır. Bundan sonra muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Sovet dövründən qalan sərhəd zastavalarının yerində çoxsaylı müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Muxtar respublikanın sərhəd zastavaları indi mərkəzləşdirilmiş istilik sisteminə, su və qaz təminatı olan müasir sərhəd strukturlarına malikdir. Sərhəd Diviziyası müasirləşdirilmiş, maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, müasir texniki avadanlıq və vasitələrlə təminat yüksək səviyyəyə çatdırılmışdır.
“Naxçıvan” Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Belə ki, 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Sərhəd Diviziyası qərargahının, əsgər xəstəxanasının və yeməkxanasının əsaslı təmiri, hamam-camaşırxana kompleksinin, çörək sexinin tikilib istifadəyə verilməsi, Şərur Sərhəd Komendantlığının bir hərbi hissə kimi yenidən qurulması həyata keçirilmişdir. 2007-2012-ci illər ərzində isə ən müasir tələblərə uyğun doqquz sərhəd zastavası kompleks şəkildə tikilmiş, Culfa Sərhəd Komendantlığı yenidən qurularaq istifadəyə verilmişdir. Yeni inzibati binaların və zabit-gizir ailələri üçün nəzərdə tutulmuş mənzillərin mebel, məişət avadanlıqları və istiliklə təmin olunması, sərhəd zastavalarında əsaslı təmir işlərinin aparılması dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkilinə öz müsbət təsirini göstərmişdir. Hazırda hərbi hissənin yaşayış şəhərciyinin binaları, anbarları əsaslı təmir edilir, avtomobil saxlancları, qarovul və qazanxana binaları inşa edilir.
“Naxçıvan” Sərhəd Diviziyasının maddi-texniki bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi, şəxsi heyətin təminatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi şəxsi heyət qarşısında mühüm vəzifələr qoyur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.
“Şərq qapısı”