23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya arasında üçtərəfli görüş keçirilib.
Görüş başa çatdıqdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşdə müzakirə olunan məsələlər barədə məlumat verərək bildirib ki, üçtərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin altı aydan bir növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi barədə qərar qəbul edildi.

Azərbaycan Respublikasının müdafiə naziri hər üç ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşı­lıqlı əməliyyat uyğunluğunun əldə olunması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsinin əhəmiyyətli hesab edildiyini bildirərək deyib ki, həmçinin birgə seminar və konfransların, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatının yaradılması, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçilməsi məqsədəuyğun hesab olunub. Bununla əlaqədar üç ölkə mütəxəssislərinin ekspert qruplarının mütəmadi görüşləri təşkil olunacaq.
Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz çıxış edərək bildirib ki, görüşdə Cənubi Qafqazla bağlı bütün məsələlərə dair mövqeləri üst-üstə düşən dövlətlərin müdafiə nazirləri olaraq əməkdaşlığımızın gələcək inkişafını nəzərdən keçirdik, bölgədə gedən prosesləri müzakirə etdik. Xüsusən Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün lazımi addımların atılması məsələsində razılıq əldə etdik.
Türkiyənin Azərbaycan və Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə tam dəstək verdiyini bəyan edən İsmət Yılmaz deyib ki, görüş zamanı bir daha bölgədəki münaqişələrin sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğu vurğulandı.
Türkiyə Respublikasının milli müdafiə naziri qeyd edib ki, üç ölkənin birgə əməkdaşlığı bölgəni cazibə mərkəzinə çevirib. Bu çərçivədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələr bütün dünyanın diqqətini cəlb edib. Bu mənada hər sahədə qarşılıqlı əməkdaşlığımızın inkişafı mühüm əhəmiyyət kəsb edir. İsmət Yılmaz görüşün təşkilinə, qonaqpərvərliyə və müdafiə nazirlərinin üçtərəfli görüşünü təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana səfər etməkdən və qədim Naxçıvanda olmaqdan məmnun olduğunu bildirərək deyib ki, Azərbaycan və Türkiyə ölkəsinin çox əhəmiyyətli strateji tərəfdaşlarıdır. Bu mənada müdafiə nazirlərinin üçtərəfli görüşü Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.
İrakli Alasaniya vurğulayıb ki, görüş zamanı ölkələrimiz, həmçinin region üçün çox əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinin qorunması məsələsi diqqət mərkəzində oldu. Qeyd edilib ki, biz birgə əməkdaşlığımızla regionda mövcud olan münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmağa, bölgədə sülh və sabitliyi təmin etməyə çalışırıq.

*   *   *

Mətbuat konfransından sonra Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun “N”hərbi hissəsində olublar, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin məzarüstü türbəsini, Duzdağ Fizioterapiya Mərkəzini, Möminə xatın türbəsini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq və Naxçıvan Dövlət Xalça muzeylərini ziyarət ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR