23 Dekabr 2024, Bazar ertəsi

Bunu Babək rayonunun timsalında bütün çalarları ilə görmək mümkündür

Babək rayonu 1978-ci il ok­tyabrın 23-də ümummilli lideri­miz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Ötən dövr ərzində Babək rayonu hərtərəfli qayğı ilə əhatə olunub, sürətli inkişaf yolu keçib. Rayon mərkəzi, kənd yaşayış məntəqələri muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan böyük layihələr hesabına öz simasını tamamilə dəyişib, Babək müasir Azərbaycan rayonuna çevrilib. Babək rayonu 2014-cü ilin birinci yarısını da böyük nailiyyətlərlə başa vurub. Həmin nailiyyətlərin arxasında dayanan başlıca amil insana qayğı olub. Bu yazını hazırlayarkən rayon sakinləri ilə həmsöhbət olduq. Onlar da yaradılan şəraitdən razılıqlarını bildirdilər. Sakinlərin söhbətini bir qədər sonra sizə təqdim edəcəyik.

Yeni quruculuq ünvanları

Məlumat üçün bildirək ki, 2014-cü ilin birinci yarısında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 32 milyon 767,5 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyanın həcmi 31 milyon 231,9 min manat təşkil edib.

Bəhs olunan dövrdə 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab avtomobil yolu yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Babək qəsəbəsində rayon mərkəzi xəstəxanası və uşaq bağçası üçün yeni binalar tikilib. Həmin obyektlər müasir avadanlıqlarla təmin olunub, onların yerləşdikləri ərazilər abadlaşdırılıb. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası yenidən qurularaq müasir görkəmə gətirilib.
Cəhri kəndində sahə xəstəxanasının, 1 nömrəli tam orta məktəbin binaları yenidən qurularaq, xidmət mərkəzi üçün yeni bina tikilərək istifadəyə verilib. Həmin yaşayış məntəqəsində 2,8 kilometr uzunluğunda kənddaxili yola asfalt örtük salınıb. 1200 metr uzunluğunda qapalı drenaj xətti çəkilib, 2020 metr uzunluğunda içməli su xəttində təmir-bərpa işləri aparılıb. Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə mövcud avtomat telefon stansiyası 1024 yerlik yeni nəsil avtomat telefon stansiyası ilə əvəz edilib, Cəhri və Gülşənabad kəndlərini əhatə edən 256 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılıb.
Hazırda Babək qəsəbəsində rayon Rabitə İdarəsi üçün yeni bina tikilir. Bu quruculuq tədbiri “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. Obyektdə yaradılan şərait hesabına ötən müddət ərzində xeyli inşaat işi görülüb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada dəmir-qəlib, zirzəmidə hörgü, suvaq və alçı işləri başa çatdırılıb. Həmin işlər hazırda birinci mərtəbədə davam etdirilir. İkinci və üçüncü mərtəbələrdə hörgü işləri aparılır.
Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı Nehrəm kənd 2 nömrəli tam orta məktəb binasının yenidən qurulması ilə məşğuldur. Yeni layihəyə əsasən, zirzəmi ilə birlikdə 3 mərtəbə nəzərdə tutulmuş binaya 2 korpus əlavə edilir.
Güznüt kəndində də həyata keçirilən kompleks quruculuq tədbirləri sürətlə davam etdirilir. Həmin tədbirlər “Naxçıvan Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətinin inşaatçılarına həvalə edilib. İş icraçısı Adil Baxşəliyevdən aldığımız məlumata görə, bu yaşayış məntəqəsində kənd mərkəzi, həkim ambu­latoriyası və xidmət mərkəzi üçün binalar inşa edilir. İki mərtəbədən ibarət olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri əsasən başa çatdırılıb.
Həkim ambulatoriyası üçün inşa edilən bina da 2 mərtəbədən ibarətdir. Kənd sakinlərinə böyük dövlət qayğısının daha bir ifadəsi olan bu obyektin inşasında da keyfiyyət amilinə ciddi diqqət yetirilir.
Yeni obyektlər sırasında 1 mərtəbədən ibarət xidmət mərkəzi də var. Hər 3 obyektin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.
Kənd tam orta məktəbinin binası da yenidən qurulur. Qısa müddət ərzində burada qapılar və istilik sistemi dəyişdirilib, döşəmə-tavan yenilənib. Hazırda su xətti yenisi ilə əvəzlənir, həyətyanı sahə genişləndirilir.
Quruculuq tədbirlərindən Qoşadizə kəndinə də pay düşüb. Adıçəkilən tikinti təşkilatının inşaatçıları tərəfindən bu yaşayış məntəqəsində 2 mərtəbədən ibarət kənd mərkəzi, 1 mərtəbədən ibarət xidmət mərkəzi inşa olunur. Kənd tam orta məktəbinin binası yenidən qurulur. İndiyədək ikimərtəbəli olan məktəb binasına 1 mərtəbə də əlavə edilib. Həmçinin mövcud korpuslardan biri sökülərək yenidən tikilir. Həmin korpus zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq.
Rayonun Qahab kəndində kənd və xidmət mərkəzləri, həkim ambu­latoriyası üçün yeni binalar tikilir, kənd tam orta məktəb binası isə yenidən qurulur. Naxışnərgizdə isə kənd mərkəzi və məktəb üçün yeni binalar inşa edilir.
Rayonun yol təsərrüfatında da quruculuq işləri sürətlə davam etdirilir. Babək qəsəbə-Qoşadizə-Naxçıvan Beynəlxalq Hava Limanını birləşdirən yol genişləndirilir, Yarımca-Qahab-Naxışnərgiz avtomobil yolunun tikintisi aparılır.
Göründüyü kimi, “Muxtariyyət ili”ndə muxtar respublikamızın digər bölgələri kimi, Babək rayonunda da xeyli quruculuq tədbirləri həyata keçirilib və bu işlər davam etdirilməkdədir. Bütün bunları babəklilər regionumuzda davamlı xarakter almış sosial-iqtisadi inkişafın yeni bəhrələri kimi dəyərləndirirlər.

İqtisadiyyatın inkişafı insanların rifah halını yaxşılaşdırıb

Muxtar respublikanın ən böyük bölgələrindən olan Babək rayonunda iqtisadiyyatın inkişafı bu gün ən yüksək önəm verilən sahələrdən biridir. Çünki hər bir babəkli öz həyat səviyyəsinin yaxşılaşmasını iqtisadiyyatın inkişafında görür, dövlətimizin yaratdığı şərait­dən istifadə edərək məhsul bolluğu yaradılmasına çalışır. Bir neçə statistik rəqəmə diqqət yetirsək, babəklilərin çəkdikləri zəhmətin hədər getmədiyini görərik. Bəhs olunan dövrdə 15 min 664 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 351 hektarını kartof, 1932 hektarını tərəvəz bitkiləri, 1505 hektarını bostan, 10 min 531,8 hektarını dənli və dənli-paxlalı bitkilər, 91 hektarını qarğıdalı, 85 hektarını günəbaxan, 711 hektarını cari ildə əkilmiş çox­illik ot, 457,2 hektarını isə ötən illərdə əkilmiş çoxillik ot təşkil edir.
Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən ilin payızında və cari ilin yazında 2014-cü ilin məhsulu üçün torpaq mülkiyyətçiləri 10364,8 hektar sahədə taxıl əkiblər. Bunun 7777,8 hektarı buğda, 2587 hektarı arpa olub. Bu sahə ilə məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb. Çəkilən zəhmət isə Babək taxılçılarının xeyli gəlir əldə etmələrinə imkan verib. Sahələrdən 31725 ton məhsul götürü­lüb ki, bunun da 24164 tonu buğda, 7561 tonu arpadır. Hektarın orta məhsuldarlığı 30,6 sentner təşkil edib. 2014-cü ilin nəticələri babəkliləri 2015-ci ilin bol məhsulunun əsasını qoymağa bir daha ruhlandırıb. Onlar payızlıq taxıl əkinini optimal müddətdə başa çatdırmağa çalışırlar.
Bölgədə ciddi önəm verilən sahələrdən biri də kartofçuluqdur. İlin ilk 6 ayı ərzində 351 hektar kartof əkini sahəsinin 16 hektarından 198 ton kartof tədarük edilib. Rayon əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Bölgənin torpaq mülkiyyətçiləri həm öz tələbatlarını ödəmək, həm də daxili bazara töhfələrini vermək üçün səylərini artıraraq uğurlu nəticələr qazanıblar. Barverən meyvə bağlarından 1038 ton meyvə, 1932 hektar tərəvəz əkini sahəsinin 30 hektarından 310 ton məhsul tədarük edilib. Aqrar sahədə qazanılan bütün bu uğurlar belə deməyə əsas verir ki, babəklilər ən qiymətli sərvət olan torpağı özlərinin daimi iş yerinə çeviriblər.

*    *    *

Rayonda insanlara xeyli gəlir gətirən sahələrdən biri də hey­vandarlıqdır. Neçə illərdir ki, bu sahəyə qayğı hesabına babəklilər öz tələbatlarına uyğun ət, süd və süd məhsulları istehsal etməklə yanaşı, muxtar respublikanın daxili bazarına da töhfələrini verirlər. Rayonda 8378 baş iribuynuzlu, 146 min 450 baş xırdabuynuzlu heyvan saxlanılır. Hər il heyvanların baş sayının artırılması qayğısına qalınır. Ona görə də bu sahə ilə məşğul olanlara kreditlər verilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə baytarlıq xidmətinin səviyyəsi yüksəldilir. Bu da babəklilərin heyvandarlığa marağının artmasında mühüm rol oynayır. Bəhs olunan dövrdə rayonda diri çəkidə 1305 ton ət, 7265 ton süd istehsal edilib.
Məlumat üçün bildirək ki, cari ilin ilk 6 ayında da torpaq mülkiyyətçilərinə müxtəlif yardımlar olunub. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 nəfərə taxılçılığın, 6 nəfərə kartofçuluğun, 1 nəfərə meyvəçiliyin, 57 nəfərə heyvandarlığın, 13 nəfərə arıçılığın, 1 nəfərə quşçuluğun inkişafı, 16 nəfərə bostan məhsullarının əkini üçün, ümumilikdə, 272 min 800 manat kredit verilib.

Rayonun bütün təşkilatları “Muxtariyyət ili”nə töhfələrini verməyə çalışıblar və ya babəklilərin ürək sözləri

Bəhs olunan dövrdə rayonun bütün təşkilatları öz fəaliyyətlərini qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində qurublar. Əhaliyə verilən elektrik enerjisinin davamlılığını təmin etmək üçün xətlərdə cari və əsaslı təmir işləri aparılıb. 307 yeni dayaq basdırılıb. 12 min 280 metr yeni elektrik xətti çəkilib. Altı yeni transformator yarımstansiyası quraşdırılıb, 6 transformator yenisi ilə əvəz olunub. Qaz təsərrüfatında da görülən işlər insanların məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. 2540 ədəd sayğac yenisi ilə əvəz edilib, 87 mənzilə qaz xətti çəkilib. Bəhs olunan dövrdə 191 yeni abonentə telefon xətti, 403 abonentə isə genişzolaqlı internet xətti çəkilib. İlin birinci yarısında rayonda ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına diqqət daha da artırılıb. 12 hektar sahədə meşəbərpa işləri aparılıb, 3 hektar sahədə yeni meyvə bağı salınıb, 2100 ədəd müxtəlif meyvə ağacları əkilib. Bu vəzifələrin yerinə yetirilməsi bəhrələrini verib. Babəklilər bu bəhrələri həyat və yaşayış səviyyələrində hər an görürlər. Onlar rayonda keçirilən tədbirlərdə fəallıq nümayiş etdirir, bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər. Çünki görülən işlərin onlar üçün olduğunu dərindən başa düşürlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar həkim Hüseyn Niftəliyev:
– O yerdə insanın yaşamaq, qurub-yaratmaq əzmi yüksək olur ki, orada insan hərtərəfli qayğı görür. Bu gün fəxrlə demək olar ki, rayon sakinlərində belə əzmkarlıq yüksək səviyyədədir. Sevinirik ki, rayonumuz sürətlə inkişaf edir. Burada yeni emal və istehsal müəssisələri açılır, iş yerləri yaradılır. Bu da əhalinin məşğulluğunun təmin olunmasında, daxili bazarda yerli məhsulun xüsusi çəkisinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Rayonda sahibkarlığın inkişafına geniş meydan verilməsinin nəticəsidir ki, onlarla emal, istehsal və xidmət müəssisəsi fəaliyyət göstərir.
Babək Rayon Ekoloji Tərbi­yə Mərkəzinin direktoru Ramiz Babayev:
– Muxtar respublikamızda bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, böyük uğurlar qazanılmasın, yüksək nəticələrə nail olunmasın. Babək rayonu da hərtərəfli dövlət qayğısı hesabına günü-gündən gözəlləşməkdədir. Hər il rayonun müxtəlif ünvanlarında geniş yollar salınır, fərdi yaşayış evləri tikilir. Son illər yaşıllıq sahələrinin genişləndirilməsinə diqqət daha da artıb. Müasir işıqlandırma sistemi rayon mərkəzinin gecəsini gündüzə çevirib.
Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova:
– Babək rayonu bu gün muxtar respublikanın digər bölgələri kimi sürətlə inkişaf edir, füsunkar gözəlliyə qovuşur. Bu gözəlliyin asanlıqla başa gəlmədiyini bilirik. Ona görə də hər bir sənət və peşə adamı səy və bacarığını əsirgəməyərək çalışdığı sahədə böyük uğurlara nail olmalı, göstərilən qayğıya əməli işlə cavab verməlidir. Elə bunun üçün də hər cür imkanlarımız var. Bu imkanlardan səmərəli istifadə edən insanlar rayonumuzun, muxtar respublikamızın, nəticə etibarı ilə, ölkəmizin inkişafına töhfələrini vermiş olacaqlar.

Qarşıdakı dövrdə görülən işlərin həcmi daha çox olacaq

Dünya yaranandan hər açılan sabah həyatın davam etdiyinin göstəricisi olub. Babək rayonunda da hər açılan sabah bir yeniliklə müşahidə edilir. Elə ilin ilk 6 ayında qısaca bəhs etdiyimiz yeniliklər “Muxtariyyət ili”nin Babək rayonuna töhfələridir. Bu yeniliyi yaradanlar Babəkin müasir tarixinə öz imzasını yazan insanlardır. Odur ki, onların əməyi öz yurdunu qəlbən sevən, yaşadıqları yurd yerinin sabah daha gözəl olacağına inanan babəklilər tərəfindən yüksək dəyərləndirilir. Onlar görürlər ki, təşəbbüskarlıq, sabaha cavabdehlik və tapşırılan vəzifəyə məsuliyyət hissi vətəndaşlıq borcuna çevrilən yerdə hər şeyə nail olmaq mümkündür. Bu isə belə deməyə əsas verir ki, qarşıdakı dövrdə Babək rayonunda görülən işlərin həcmi daha çox olacaq, bölgə sakinləri 2014-cü ili böyük uğurlarla başa vuracaqlar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR