Qəhrəmanlıq bir anın bəhrəsi deyil... Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.
Yaşadığımız ömrün müxtəlif məqamlarında bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən, bir anın içində əridib yox edə bilən hadisələrlə rastlaşırıq və bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir. Sözsüz ki, bu olaylar, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımız olur. Kapitan Ceyhun Orucəliyevin cəbhə bölgəsində şəhid olması xəbəri bizi bizdən ayırdı, qəlbimizi göynətdi. Sözsüz ki, şəhid olması xəbərini eşidənlərin, kədər hissi ilə onu ananların heç də hamısı Ceyhun Orucəliyevi şəxsən tanımır. Ancaq bu kədəri duyan hər kəs bildi ki, özünü zaman və bəşəriyyət qarşısında məsul sayan, ətrafında baş verən hadisələrə cavabdehlik hissi ilə, səfərbərliklə cavab verən bu qəhrəman Vətən oğlu anadan igid doğulubmuş. Əvvəldə dediyim kimi, qəhrəmanlıq heç də təsadüflərlə bağlı olmur.
Tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib. İnana-inana xəyanət görmüşük, satqınlıq görmüşük. Bu qədər fəlakətin qarşısında nə inamımızdan, nə amalımızdan, nə də Vətənimizdən əl çəkmişik. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Və illərin, əsrlərin dolaylı yollarında yol gələ-gələ şəhidlər vermişik. Bu xalqın Ceyhun kimi qəhrəman oğulları onu çiyni üzərində qərinələrdən-qərinələrə aparıb. Buna görədir ki, min illər boyu qəm dəyirmanlarını gur işlədən ermənilərin “arzuları” ürəklərində qalıb. Əlimizi kağız-qələmə uzatmaq istəyəndə – bir əlimiz qələmdə, bir əlimiz kitabda olanda belə, qılınc qurşanmalı olmuşuq. Sülhü, əmin-amanlığı, dostluğu, qardaşlığı tərənnüm etdiyimiz zaman bir namərd bıçağı kürəyimizə sancılıb. Amma yenə də Vətən adlı bir and yeri olduğunu unutmamışıq. Şimşək kimi üfüqdən-üfüqə şığıyan atların qanadında da, düşmən üzərinə çalınan qılıncların parıltısında da, bir parça torpaqda kök atan çinarın tənha duruşunda da “Bu vətən əmanətdir” düşüncəsini görmüşük.
Bu ruha köklənən Ceyhun Pirəli oğlu Orucəliyev də nə düşməndən, nə mərmidən, nə döyüşdən, nə ölümdən qorxmadığını hələ ulu öndərin növbəti Naxçıvan səfəri zamanı – 2001-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının ilk kursantı kimi çıxışında da demişdi: “Biz Vətənimizə sadiq olacağıq, yurdumuzu işğaldan azad edəcəyik. Azərbaycan xalqının tarixi qəhrəmanlıq tarixidir. Bu xalqın tarixində yenilməzlik rəmzi olan qəhrəmanlar var. Biz azad, müstəqil Azərbaycanı qoruyacağıq, ölkəmizin bütövlüyünü təmin edəcəyik”. Çıxışını bir parça şeirlə yekunlaşdıran Ceyhun, yəqin ki, hələ onda qəhrəmanlıq edəcəyini, “biz azad, müstəqil Azərbaycanı qoruyacağıq”, – deyə şəhid olacağını, bir ananın oğulluğundan çıxıb Azərbaycan oğlu olacağını düşünməmişdi. Düşündüyü o olmuşdu ki, Vətəni onun kimi qəhrəman oğullar qorumalıdır. Və elə buna görə də belə bir müqəddəs vəd vermişdi. Düşünmüşdü ki, ulu öndərin memarı olduğu müstəqil Azərbaycanın sərhədlərini qorumaq bir hərbçi kimi onun da borcudur. Bu borcu belə erkən – gənc yaşında qanıyla, canıyla şərəflə yerinə yetirəcəyini, yəqin ki, düşünməmişdi. Axı qəhrəmanlıq planlaşdırılmır. O, bir anın içində doğulur. Ceyhun Orucəliyev cəbhə bölgəsində sinəsini düşmən gülləsinə sipər edərək 2014-cü ilin 26 aprel tarixinə öz adını şəhid adı ilə qoşa yazdırdı Vətən daşına.
Şahbuz rayonunun Mahmudoba kəndində 1983-cü ilin 31 oktyabrında müəllim ailəsində dünyaya göz açan Ceyhun elə bu kənddə uşaqlığını keçirərək Vətən kəlməsinin mənasını bu balaca kəndin dağında, dərəsində, çayında, çeşməsində ürəyinə hopdurmuşdu. Azərbaycanımızın ən ucqar bölgəsi olan bu kəndin bir vaxtlar zığlı-palçıqlı, solğun çöhrəli mənzərəsində ürəyinin işığı ilə rəngbərəng çəmən çiçəklərini görmüşdü. Vətən güllərindən dərib dostuna-tanışına hədiyyə etmişdi. Qoyun-quzu otardığı allı-güllü yamacların vurğununa çevrilmişdi. Bir parça torpağın yetirdiyinə, bitirdiyinə heyran olmuşdu. Onu qəhrəman ruhda böyüdən də elə bu vurğunluğu idi.
Ceyhunu mənəvi ucalığa aparan yolun başlanğıcı bu kənddən dünyaya açılmışdı. Bu yolun onu böyük dünyaya aparacağını bilən Ceyhun Orucəliyev hərbçi olmaq üçün ürəyinin səsinə qulaq asmışdı. Ulu öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı keçirilən tədbirdə öz səmimi çıxışı ilə gələcəyin nüfuzlu, yetkin bir zabiti olacağından xəbər verən Ceyhun döyüş bölgəsinə gedəndə də Vətənə xidmət yolunu tutmuşdu.
Döyüş bölgəsi... Bu iki kəlmə özündə müharibə alovunu, odsaçan mərmilərin nişangah olduğu yerləri ehtiva edir. Bu iki kəlmə insana şəhid qanı ilə suvarılan bu torpağa tuşlanan hər bir mərminin, hər bir güllənin bir ürəkdən keçə biləcəyini, bir nəfəsi susdura biləcəyini diktə edir. Bütün bunları Ceyhun da bilirdi. Kapitan kimi döyüş bölgəsindəki ayrı-ayrı təlim mərkəzlərində müxtəlif hərbi tapşırıqları yerinə yetirərkən nələr görməmişdi. Amma yenə də yolundan dönməmişdi. Vətənə içdiyi andın müqəddəsliyini unutmamış və aldığı hər bir tapşırığın məsuliyyətini dərk edərək onu yüksək səviyyədə yerinə yetirmişdi. Elə buna görə də Ceyhun Orucəliyevin qəhrəmanlığı yüksək rütbəli zabitlərin imzaladığı sənədlərdə öz əksini tapır.
Kəşfiyyat bölük komandirinin müavini, kapitan Ceyhun Orucəliyevin bu dünyada iki əmanəti var: qızları Duyğu və Aylin. Bu gün hələ atalarının kim olduğunu, şəhidliyin nə demək olduğunu bilməsələr də, onlar analarının göz yaşı ilə atalarının yoxluğunu yetərincə anlayırlar. Şəhid olan, qəhrəman adlanan, Vətən yolunda canından keçən Ceyhun qızlarının anası üçün ər, saçlarını övlad yolunda ağardan anası üçün övlad, atası üçünsə bir dayaq idi. Ana övladını, qadın ərini, ata dayağını, övlad atasını itirəndə insanın qəlbinə çökən kədəri yalnız göz yaşları ovundura bilir. Amma qürurla, fəxarətlə Vətən yolunda şəhid olan övlad üçün ağlayır o gözlər. Çünki ayrılıq özü göz yaşıdır. Amma zaman hər dərdin dərmanı olduğu kimi, bu dərdə də məlhəm olacaq. Ceyhun öz qəhrəmanlığı ilə tarixin yaddaşına qızıl hərflərlə bir ad yazdı ki, o adı zaman tarixdən-tarixə, əsrdən-əsrə özü ilə yaşadacaq. O ad Duyğu və Aylinin ömür yolunda bir çırağa dönəcək. Zaman-zaman qəhrəmanlıq dastanı kimi oxunacaq, qürur verəcək. Ceyhun kimi qəhrəman övladlarımızın şəhidlik zirvəsinə ucalması xəbəri bir xalqın acısına, kədərinə, fəxarətinə səbəb olur. Minlər, milyonlar bu xəbərdən sarsılır. Şərəfli ömrün uzunu, qısası olmur. Ceyhun Orucəliyev də belə bir şərəfli ölümlə xalqının qəhrəmanına çevrildi.
Bu yazıda Ceyhun Orucəliyevin timsalında Vətən uğrunda şəhid olan qəhrəman Azərbaycan oğullarının qeyrətindən, vüqarından, Vətən, torpaq təəssübündən, vətənpərvərliyindən söhbət açdım. Əgər bacarsaydım, belə oğulların ürəyinin heykəlini qoyardım. Onu elə yaradardım ki, baxan hər kəs bilərdi ki, bu ürək Vətən həsrətilə döyünüb, Vətən torpağında vüsala yetib...
Şəhla NƏBİYEVA