23 Dekabr 2024, Bazar ertəsi

Şərur Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla əlaqədar yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, avqust ayının 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması və payız-qış mövsümünə hazırlıqla əlaqədar Şərur rayonunda müvafiq işlər görülüb, bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Rayonda əhalinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilib. Bundan başqa, alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində müəyyən işlər görülür.

Vurğulanıb ki, rayon elektrik şəbəkəsi mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğuna nəzarəti gücləndirməli, istifadə müddəti başa çatmış elektrik dirəkləri və elektrik xətlərini yeniləməli, sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri davam etdirməlidir. Elektrik enerjisində texniki itki minimuma endirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Rayon Qaz İstismarı İdarəsi də payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün qaz təsərrüfatına mütəmadi olaraq texniki baxış keçirməli, yaradılmış mal-material ehtiyatından səmərəli istifadə olunmalıdır. Qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilməli və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Qarşıdan gələn payız-qış mövsümü dövründə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz işini təmin etmək üçün 104 min 940 litr ağ neftə, 265 kvadratmetr şüşəyə, 252 ədəd şiferə, 469 metr polietilenə ehtiyac vardır ki, bu da bölgü əsasında həmin müəssisələrə çatdırılacaqdır.
“Şərur şəhərində 17 çoxmərtəbəli bina, 64 idarə və müəssisənin inzibati binası, o cümlədən rayon üzrə 41 təhsil, 41 tibb və 69 mədəniyyət müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaq”, – deyən icra başçısı əlavə edib ki, bunun üçün 157 ədəd fərdi qazanxana mövcuddur. Qazanxanaların çoxluğu bu sahəyə ciddi nəzarət olunmasını tələb edir. Ona görə də qazanxanalarda işləmək üçün indidən mütəxəssislər hazırlanmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi qayğısı sayəsində son dövrlər Şərurda 840 ton tutumu olan 4 soyuducu anbar quraşdırılıb, indiyədək həmin anbarlara 207 ton kartof tədarük edilib. Bu işlər bundan sonra da davam etdirilməli, rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsi soyuducu anbarlara meyvə və tərəvəzin tədarükünü nəzarətdə saxlamalı, bu işdə sahibkarlara əməli köməklik göstərməlidir. Əhalinin içməli su təminatı da daim diqqət mərkəzində saxlanılmalı, tərtib olunmuş qrafikə ciddi əməl edilməlidir. Sıradan çıxmış subartezian quyularının yenidən istismara verilməsi vaxtlı-vaxtında öz həllini tapmalıdır. Rayon Rabitə İdarəsi payız-qış mövsümündə əhaliyə rabitə xidmətinin lazımi səviyyədə təşkili üçün tədbirlər müəyyənləşdirib həyata keçirməlidir.
Sonra məruzə ətrafında payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı aid təşkilatların nümayəndələrinin çıxışları olub.
Müşavirəyə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR