23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan və Acarıstan muxtar respublikaları arasında qarşılıqlı faydalı münasibətlərin davamlı inkişafı bu əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verir

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bugünkü inkişafı iki ölkə arasında daim güclənən strateji tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsində xüsusi rol oynayır. Bu gün beynəlxalq aləmdə nüfuzu durmadan artan Azərbaycan Respublikası strateji müttəfiqləri ilə əlaqələrini genişləndirir, özünün milli maraqlarını ön planda tutaraq qarşılıqlı əməkdaşlığı müasir dövrün tələbləri çərçivəsində daim inkişaf etdirir, mehriban qonşuluq münasibətlərinin qurulmasına xüsusi önəm verir. 

 Gürcüstan Azərbaycan üçün xüsusi əhəmiyyətə malik strateji tərəfdaşdır. Reallıq budur ki, bir sıra qlobal və regional məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, dövlət mənafelərimiz qarşılıqlı əlaqələrin inkişafını tələb edir. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərməkdədir. Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərlərinin reallaşmasında və fəaliyyətində rəsmi Tbilisinin tutduğu mövqe də önəmli olubdur. Bu gün həmin qlobal əhəmiyyətə malik kəmərlər Gürcüstanın həm enerji təhlükəsizliyinin qorunmasında xüsusi rol oynayır, həm də tranzit xərclərdən ölkə büdcəsinə xeyli miqdarda vəsait daxil olur. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın birgə işbirliyi ilə reallaşdırılan və tarixi İpək Yolunun canlanmasına xidmət edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkələrimizi nəqliyyat dəhlizinə çevirməklə regional inkişafın davamlılığını təmin edəcəkdir. Yəni bu gün Azərbaycan ilə Gürcüstan arasında mövcud əlaqələr həm gürcü, həm də Azərbaycan xalqlarının maraqlarına tam cavab verir. Buna görə də ölkələrimizin prezidentləri tərəfindən müəyyən olunmuş siyasi kurs strateji tərəfdaşlıq istiqamətində davam etdirilir.

Respublikamızla Gürcüstan arasında inkişaf edən münasibətlərin Cənubi Qafqazın gələcək taleyinin müəyyənləşməsində xüsusi rol oynadığını bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki ölkənin bir-birinə sıx dəstək verdiyini demişdir: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik”.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə bəyan etmişdir ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. O vurğulamışdır ki, biz daim siyasi sahədə tərəfdaşlığımızı həyata keçirir və inkişaf etdiririk. Bu, Gürcüstan üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk.
Müstəqil Azərbaycanla Gürcüstanın taleyində müəyyən bənzərliklər olduğu kimi, Naxçıvan və Acarıstan muxtar respublikaları da oxşar tale yaşayıblar. 1921-ci ildə imzalanan beynəlxalq Moskva və Qars müqavilələrinə əsasən, Naxçıvan Azərbaycanın, Acarıstan isə Gürcüstanın tərkibində qalıb. Daha sonra hər iki məkan muxtar respublika statusu qazanmaqla siyasi, hərbi təhlükəsizliklərini, o cümlədən gələcək sosial-iqtisadi inkişaflarını təmin ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “Həm Azərbaycan, həm də gürcü xalqı oxşar siyasi talelər yaşamış, 1918-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə həm Gürcüstan, həm də Azərbaycan xalqları ilk demokratik respublikalarını elan etmişlər. Bundan sonra – 1921-ci ildə imzalanmış beynəlxalq Moskva və Qars müqavilələrinə əsasən, Gürcüstanın muxtar qurumu olan Acarıstan Muxtar Respublikası və Azərbaycanın muxtar qurumu olan Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Hazırda Naxçıvanla Batumi, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi üçün yaxşı əsaslar vardır”.
İnamla demək olar ki, bu gün Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələr müasir dövrün çağırışlarına uyğun olaraq sürətlə inkişaf edir. Siyasi ekspertlərin ümumi fikri belədir ki, bu əlaqələrin möhkəmlənməsində məhz qədim yurdumuzun göstərdiyi təşəbbüslər həlledici rol oynayıb. Belə ki, 2012-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Gürcüstanın Acarıstan Muxtar Respublikasına 3 günlük işgüzar səfəri ikitərəfli əlaqələrin inkişafının başlanğıcı olmaqla yanaşı, münasibətlərin möhkəmlənməsinə böyük töhfə verib.
2012-ci ilin iyun ayında Acarıstan Hökumətinin Sədri Levan Varşalomidzenin rəhbərlik etdiyi Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri də yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən görüş zamanı ikitərəfli əlaqələrin daha sürətlə inkişafı üçün bir çox sahələr üzrə müzakirələr aparılıb. Görüşdə Naxçıvanla Batumi, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf perspektivləri müzakirə edilib, mədəniyyət, turizm, kütləvi informasiya vasitələri, təhsil sahəsində əlaqələrin inkişafı üçün imkanların olduğu vurğulanıb, gələcəkdə Naxçıvan-Batumi avtobus və təyyarə reyslərinin açılması barədə fikir mübadiləsi aparılıb, iş adamları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Həmin görüşdə Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanıb. Bu müqavilə muxtar respublikalar arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdığını sübut edən əsaslı sənəd kimi diqqəti cəlb edir.
Təsadüfi deyil ki, Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Levan Varşalomidze muxtar respublikamıza işgüzar səfərindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ünvanladığı məktubda bir daha vurğulayıb ki, Naxçıvan və Batumi şəhərləri arasında imzalanmış Qardaşlıq və Qarşılıqlı Əməkdaşlıq haqqında Memorandum ölkələrimizin sıx qarşılıqlı münasibətlərinin dərinləşməsi üçün daha bir mühüm addım olacaqdır. Acarıstan Muxtar Respublikasında astma-bronxit xəstəliyindən əziyyət çəkən uşaqların bir qrupunun Batumidən Naxçıvana gələrək Duzdağ Fizioterapiya Mərkəzində yüksəksəviyyəli müalicəsini xatırladan Levan Varşalomidze onlara göstərilən diqqətə görə dərin təşəkkürünü bildirib.
Bu il iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə səfəri isə bir daha göstərdi ki, hər iki muxtar respublikanın qarşılıqlı əlaqələrinin bütün sahələr üzrə genişləndirilməsi üçün münbit şərait və real imkanlar mövcuddur. Batumi Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadzenin şəxsən qarşılaması isə Naxçıvana xüsusi münasibətin, dərin hörmətin növbəti təzahürü kimi qəbul edilir.
Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və hökuməti adından Acarıstan Muxtar Respublikasının əhalisinə, bütün gürcü xalqına ən xoş arzularını çatdıraraq demişdir: “Əsası 2012-ci ildə qoyulmuş əlaqələrimizin hazırkı səviyyəsi bizdə məmnunluq doğurur. 2012-ci ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olmuş, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanmışdır. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələrimiz əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir. İnkişaf edən əlaqələrin nəticəsi olaraq muxtar respublikanın sahibkarlıq subyektləri Acarıstan Muxtar Respublikasının iqtisadiyyatına birbaşa investisiya qoyuluşunda iştirak edirlər”.
Aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının xeyli güclənməsi, maliyyə imkanlarının genişlənməsi nəticəsində naxçıvanlı iş adamları ticarət əlaqələrini genişləndirirlər. Bu baxımdan Naxçıvan və Batumi arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir, rəsmi nümayəndələrlə yanaşı, muxtar respublikamızdan iş adamları da zaman-zaman Batumiyə tanışlıq xarakterli səfərlər edirlər. 2012-ci ildə Batumi şəhərində “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların sərgi-satış yarmarkası”nın təşkili də bu mənada əhəmiyyətli olub. Həmin yarmarkada Naxçıvan Muxtar Respublikasında istehsal olunan müxtəlif çeşidli məhsullar – “NAZ-Lifan” avtomobilləri, mebel avadanlıqları, tikinti sektorunda geniş istifadə olunan travertin, mərmər və daş, yerli sənətkarlar tərəfindən hazırlanmış misgərlik məmulatları, meyvə şirələri, içkilər, konservləşdirilmiş qida məhsulları, şirniyyatlar, mürəbbələr, bal, çay və tütün məmulatları nümayiş etdirilib. Yerli əhali, eyni zamanda Acarıstanın biznes dairələri sərgiyə çox böyük maraq göstəriblər. Təbii ki, bütün bunlar qarşılıqlı əlaqələrimizin inkişafına mühüm töhfələr verir.
Muxtar respublikalar arasında humanitar və elmi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və qarşılıqlı səfərlər yeni-yeni əməkdaşlıq imkanları yaradıb, iki ölkənin mədəni və elmi ictimaiyyətinin bir-birini tanımasına və birgə layihələrin həyata keçirilməsinə kömək edibdir. 2012-ci ildə Naxçıvan Dövlət Universiteti ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın həyata keçirilməsi və əlaqələrin inkişafına dair müqavilənin imzalanması bu sahədə mühüm nəticələrin əldə edilməsinə rəvac verib.
Həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fəxri doktoru olduğu Batumi Dövlət Universitetinin tələbələrinin istifadəsi üçün ali təhsil ocağına yeni kompüter dəstlərini, notbukları, elektron lövhələri və proyektorları hədiyyə etməsi, universitetdə Azərbaycan dilinin tədrisi üçün ayrıca auditoriya yaradılması Acarıstanın elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Hazırda Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxışları humanitar sahədə əlaqələri daha da genişləndirib. Batumi Dövlət Universitetində yaradılmış “Acarıstan-Naxçıvan Muxtar Respublikası” Dostluq auditoriyası dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsidir.
Bu il iyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivi ilə görüşdə bu məsələyə toxunaraq demişdir: “Azərbaycan və Gürcüstan sıx əməkdaşlığa malikdir. Bu əməkdaşlığın ruhuna uyğun olaraq hər iki ölkənin muxtar qurumları arasında, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında da qardaşlıq və əməkdaşlıq əlaqələri genişlənməkdədir. Biz əlaqələrimizin genişlənməsində ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət veririk”.
Batumi Dövlət Universitetində keçirilən görüşdə Ali Məclisin Sədri universitetin müəllim və tələbələrinə kompüter dəstləri hədiyyə edib.
Acarıstanın elm xadimləri bu diqqəti yüksək qiymətləndiriblər. Batumi Dövlət Universitetinin prorektoru İrakli Baramidze universitetin fəxri doktoru – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirilən görüşdən məmnunluğunu ifadə edib. İrakli Baramidze Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlığın, aparılan qarşılıqlı tələbə və elmi informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb, ali təhsil ocaqları arasındakı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib. Batumi Dövlət Universitetinin müəllimləri və bu universitetin mübadilə əsasında Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələri ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə min­nətdarlıq ediblər.

Dünyanın siyasi tarixinə nəzər yetirdikdə bir daha anlaşılır ki, dostluqlar, əməkdaşlıqlar dərin tarixi köklərə söykəndiyi zaman daha etibarlı, sıx və davamlı olur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələr də məhz dərin tarixi köklərə söykəndiyi üçün bu gün çox sürətlə inkişaf edir, möhkəmlənir. Hər iki tərəfin əməkdaşlığa verdiyi yüksək qiymət isə, əminliklə deməyə əsas verir ki, muxtar respublikalar arasındakı qarşılıqlı, faydalı münasibətlər bundan sonrakı mərhələdə daha sürətlə inkişaf edəcəkdir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR