23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda son illər tikinti-quruculuq işlərinin həcminin daha da artırılması, coğrafiyasının genişləndirilməsi qədim diyarımızın hüsnünə sözlə ifadə edilməsi mümkün olmayan gözəlliklər bəxş edib. Bu yeniliklər Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərindən başlayaraq, ən ucqar dağ və sərhəd, həmçinin ən kiçik kənd yaşayış məntəqələrini də əhatə edir. Müxtəlif dövlət proqramlarının uğurla icra olunması isə muxtar respublikada qaynar bir həyatın təmin olunmasından soraq verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın təsdiq edilməsi haqqında” Sərəncamı bu istiqamətdə həyata keçirilən tədbirlərə daha bir stimul olub. Pro­qrama əsasən, inzibati binaların tikintisi və təmiri, istilik, su təchizatı və kanalizasiya, elektrik enerjisi və qaz təchizatı, yol təsərrüfatı və nəqliyyat, yaşıllaşdırma və abadlıq, gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət, yaşayış sahələrinin tikintisi və təmiri, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infrastruktur təminatı sahələri üzrə genişmiqyaslı tədbirlərin reallaşdırılmasına başlanılıb.

Ötən dövr ərzində qəzetimizin səhifələrində müxtəlif istiqamətlərdə görülən işlər barədə ətraflı məlumat vermişik. Daha dəqiq desək, şəhərimizdəki 11 nömrəli tam orta məktəbin binasının, Gənclər Mərkəzinin, Naxçıvançay vadisində Əyləncə və İstirahət Mərkəzinin tikintilərinin başa çatdırılması barədə yazılar dərc olunub. Bu yazımızda Naxçıvan şəhərində və şəhərin tabeliyində olan kənd yaşayış məntəqələrində proqrama əsasən hazırda həyata keçirilən quruculuq tədbirlərindən bəhs edəcəyik. Həmin quruculuq tədbirlərindən biri bayrağımıza böyük ehtiram əlaməti olaraq Naxçıvan şəhərinin qərb istiqamətindən girəcəkdə, ən yüksək zirvədə inşa olunan Dövlət Bayrağı Meydanı və Muzeyidir. Şəhərimizə xüsusi yaraşıq bəxş edəcək meydanın tikintisində əsas inşaat tədbirlərinin böyük bir hissəsi başa çatdırılıb. Bu ünvanda paralel olaraq həm də Fəxri Xiyaban, şəhərin Kalbalıxan küçəsində isə azadlığımız və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərə ehtiramın ifadəsi kimi Şəhidlər Muzeyi tikilir. Hər iki obyektdə sürətli iş ahənginin təmin olunması tikintilərin vaxtında başa çatdırılacağına zəmanət verir.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hər il regionumuzda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Proqrama əsasən, bu işlər 2014-cü ildə daha geniş vüsət almaqla davam etdirilməkdədir. Bu da təbiidir. Belə ki, il ərzində muxtar respublikada, orta hesabla, 4 mindən çox gənc ailə qurur. Gənc ailələrin bir qismi fərdi ev inşa etməyə, digər böyük bir hissəsi isə hazır mənzil almağa üstünlük verir. İl ərzində Naxçıvan Muxtar Respublikası üzrə əhalinin şəxsi vəsaiti hesabına tikilən, orta hesabla, 300 min kvadratmetr yaşayış sahəsinin də məhz böyük bir hissəsi belə ailələrin payına düşür.
Proqrama əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisinə start verilib. Dövlət dəstəyi hesabına tikilən yaşayış kompleksinin hər cür kommunal-məişət şəraiti olacaq. Tikinti işləri 2 il müddətində başa çatdırılacaq və mənzillərin satışı ipoteka yolu ilə həyata keçiriləcək. Bu da gənclərin tez bir zamanda mənzillə təmin olunmalarına imkan verəcək. Hazırda ərazidə ikisi 9 mərtəbəli və ikisi 11 mərtəbəli olmaqla, 4 bina inşa olunur. Binalardakı ikiotaqlı mənzillərin sahəsinin 60-77 kvadratmetr, üçotaqlı mənzillərin sahəsinin isə 104-142 kvadratmetr olması nəzərdə tutulub. Yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılacaq, 323 yerlik yeraltı avtomobil dayanacağı yaradılacaq.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsində isə yaşayış binalarının əsaslı şəkildə təmiri davam etdirilir. Hazırda “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 87 nömrəli binada son tamamlama işləri görülür. Binanın eni 3 metr artırılıb. 33 mənzildən ibarət binanın dam örtüyü yenilənib, kommunikasiya xətləri dəyişdirilib, qapı-pəncərələr salınıb. Fasad hissə üzlük daşla üzlənib. Digər 91 nömrəli binada isə yenidənqurma işlərinə başlanılıb. 36 mənzilli bu binanın da eni 3 metr artırılıb.
Atatürk küçəsinə də quruculuq tədbirlərindən pay düşüb. Bu küçədə inşa olunan yeni yaşayış binası zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarətdir. Həmin ünvanda 5 nömrəli yaşayış binası da əsaslı şəkildə yenidən qurulur.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində isə 9 mərtəbəli yaşayış binasının tikintisi sürətlə davam etdirilir. 36 mənzilli bu binada hazırda fasad hissə boyanır, 8-ci mərtəbədə arakəsmələr hörülür, digər mərtəbələrdə suvaq işləri aparılır, elektrik xətlərinin çəkilişi davam etdirilir. Bir məsələni də vurğulayaq ki, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində kəhrizlərin təmiri davam etdirilir, su-kanalizasiya qurğuları tikintisinin vaxtında başa çatdırılması məqsədilə quruculuq tədbirləri gücləndirilir, ictimai yaşayış binalarında su-kanalizasiya sistemlərinin yenidən qurulması, müasirtipli fərdi qazanxanaların tikintisi davam etdirilir, Naxçıvan şəhərində 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri müvafiq gərginlikli kabel xətləri ilə əvəz olunur.
Paytaxt şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinə, musiqi məktəblərinə də hər il tikinti-quruculuq tədbirlərindən pay düşür. Hazırda Naxçıvan Özəl Universiteti üçün tədris, inzibati və yataqxana binalarından ibarət kompleksin tikintisi, Naxçıvan Dövlət Universitetinin “baytarlıq” ixtisası üçün binanın və ali təhsil ocağının poliklinikasının yenidən qurulması, 2 nömrəli Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi davam etdirilir.
Qeyd edək ki, quruculuq tədbirlərindən yol təsərrüfatı da bəhrələnib. Hazırda İslam Səfərli küçəsində avtomobil parkının tikintisi aparılır. Həmin ərazidəki yolun əsaslı yenidən qurularaq genişləndirilməsi də quruculuq tədbirləri sırasındadır. Məlumat üçün bildirək ki, bu ünvandakı fərdi mənzillər də dövlət tərəfindən ya təmir olunur, ya da yenidən qurulur.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, qəsəbə və kənd yaşayış məntəqələrində də xeyli quruculuq tədbirlərinə start verilib. Əli­abad qəsəbəsi yenidən qurulur. Ötən illərdə qəsəbədəki ictimai yaşayış binaları yenidən qurulub və ya əsaslı təmir edilib. Hazırda qəsəbəarası yollara qara örtük salınır, digər abadlıq tədbirləri həyata keçirilir. Naxçıvan şəhərinin Qaraçuq və Bulqan kəndlərində inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün inzibati binaların və xidmət mərkəzlərinin tikintisi sürətlə davam etdirilir. Qaraçuq kəndində həmçinin 9 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunur, Uşaq Musiqi Məktəbinin binası yenidən qurulur. Bu yaşayış məntəqəsində həm də həkim ambulatoriyası üçün bina tikilir. Proqrama əsasən, Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərinin yollarına asfalt örtük salınacaq.
Adıçəkilən proqramın qəbulundan cəmi 7 ay keçib. Bu müddətdə görülən və görülməkdə olan işlərin hamısı barədə ətraflı məlumat vermək imkan xaricindədir. Ancaq o var ki, görünən dağa bələdçi lazım deyil. Bu gün proqramın icrası istiqamətində həyata keçirilən tədbirləri naxçıvanlılar insana qayğının ifadəsi kimi dəyərləndirirlər. Burada bir məqamı da vurğulamaq yerinə düşər ki, sayı-hesabı bilinməyən quruculuq tədbirləri mövcud problemləri həll etməklə yanaşı, Naxçıvan şəhərinin qəsəbə və kəndlərinə müasir görkəm verir, tikinti aparılan ünvanlarda yüzlərlə adam özünə iş yeri tapır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR