Torpaq – o, əsrlərdən bəri insanın üzərində yaşadığı və hətta bir çox məqamlarda insanın başlanğıcını götürdüyü məkandır. İnsanın cismi, təni torpaqdan yaradılıb. Bəlkə, elə buna görədir ki, üzərində yaşadığımız torpağı VƏTƏN adlandırırıq. Torpaq parçası o zaman Vətənə çevrilir ki, sən ona sahiblik hissini yaşadırsan. Elə bu səbəbdən də milli sərhədlər daxilindəki hər qarışı xatırlamaq, onun bizə məxsus olduğunu təkrarlamaq lazımdır. Lazımdan daha çox vacibdir!
Avqustun 31-i isə tarixin bütün dövrlərində azərbaycanlılara məxsus olmuş və Azərbaycanın olacaq bir yurd yerinin – Qubadlının işğalı günüdür. O QUBADLININ ki o, dünya sufizm fəlsəfəsinə Mirhəmzə Seyid Nigari kimi filosofu, Azərbaycan elminə Mirmehdi Xəzani kimi maarifçini, çarizmə qarşı azadlıq mübarizəsi tarixinə isə Qaçaq Nəbi kimi qəhrəmanı bəxş edib.
Deməli, 1993-cü il avqustun 31-də Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı təkcə 30 mindən artıq əhalinin öz yurd-yuvasından didərgin düşməsi, rayon mərkəzi və 94 kəndin qarət edilməsi, 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəbin, 2 texniki-peşə, 2 musiqi məktəbinin, 7 məktəbəqədər müəssisənin, 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsinin, 125 ticarət, 96 iaşə, 21 rabitə obyektinin düşmən əlinə keçməsi demək deyil. Həm də milli-mənəvi kimliyimizə qarşı təcavüzdür. Çünki Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 5 mindən çox nadir eksponat məhv edilib, Qubdalının qədim mədəniyyət abidələri tar-mar edilib.
Qubadlının işğalı XIX əsrdən başlayaraq dənizdən-dənizə “böyük Ermənistan” yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi, Qarabağ müharibəsi fonunda isə Ermənistan-Dağlıq Qarabağ dəhlizinin ikinci xəttinin açılması idi. Qubadlı, əslində, erməni təcavüzü ilə Dağlıq Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlılıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi, əslində, münaqişənin örtülü olsa da, bünövrəsini qoymuşdu. 1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisyandan, Qafandan, Gorusdan deportasiya edilən azərbaycanlıların acı taleyinin ilk şahidi məhz Qubadlı oldu. Erməni işğalçılarının Qubadlıdan Qarabağın dağlıq hissəsinə dəhliz yaratmaq cəhdləri özünü hələ 1989-cu ilin sentyabr ayında büruzə verdi. Sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşması xəbəri əhalini ayağa qaldırdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.
1989-cu ilin axırları rayonda vəziyyət son dərəcə ağırlaşdı. Sərhəddə keşik çəkən, düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, qubadlılılar adicə ov tüfəngləri ilə düşmənə müqavimət göstərirdilər.
Erməni silahlı birləşmələrinin Qubadlını ələ keçirmək cəhdləri getdikcə daha da güclənirdi. 1993-cü il avqust ayının 30-da erməni hərbi birləşmələri Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi. Əsas qüvvə Xanlıq kəndi istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona daxil olan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.
Avqustun 31-də mülki əhali məcburiyyət qarşısında qalıb rayonu tərk etməli oldu. Həmin gün Qubadlı bütünlükdə işğal olundu. Qubadlının işğalı zamanı rayon sakinlərindən 146 nəfəri əlil oldu. Rayonun 826 kvadratkilometrlik ərazisinin işğalı nəticəsində hazırda 50 mindən artıq Qubadlı sakini respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.
Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla, 238 nəfər şəhid oldu. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində ölkəmizə, ümumilikdə, 1,5 milyard dollar həcmində maddi ziyan dəyib.
Bu gün qüdrətlənən Azərbaycanın 47 şəhər və rayonunda məskunlaşmış qubadlılılar inanırlar ki, Azərbaycan tarixinə Qubadlının işğaldan azad edilməsi tarixi kimi düşəcək gün elə də uzaqda deyil. Bu inam isə Azərbaycanımızın müasir inkişafından doğur.
Elnur KƏLBİZADƏ