23 Dekabr 2024, Bazar ertəsi

Bu günlərdə “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb. Ümummilli lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” fikirlərinin işığında nəşr olunan jurnalda bu dəfə də oxuculara maraqlı materiallar və məqalələr təqdim edilib. 

Jurnalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ölkə Prezidentinə 7 yanvar 2014-cü il tarixli müraciəti, “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı və həmin Sərəncamla təsdiq olunmuş Tədbirlər Planı oxuculara təqdim olunur. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ölkə Prezidenti cənab İlham Əliyevə 7 yanvar 2014-cü il tarixli müraciətini Naxçıvan tarixinin böyük proqramı hesab etmək olar. Milli dövlətçilik nöqteyi-nəzərindən Naxçıvanın əhəmiyyətini, sözün tam mənasında, ortaya qoyan müraciətdə muxtariyyət dövrü tarixinin dövrləşdirilməsi ilə bağlı son söz deyilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqi Naxçıvanın keçdiyi tarixi inkişaf yoluna verilən böyük siyasi-tarixi qiymətdir. Ölkə Prezidentinin nitqinin jurnalda təqdim olunmuş tam mətnində Naxçıvanın gələcək inkişafı ilə bağlı fikirlər də diqqət çəkir: “Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışının mətni də jurnalın oxucularına təqdim edilib. Bu çıxışı isə Naxçıvanın son 18 ildəki intibah dövrünün ali hesabatı hesab etmək mümkündür.
Jurnalın 28-ci sayında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyət statusu naxçıvanlıların inadlı mübarizəsi nəticəsində əldə edilmişdir”, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin “Muxtariyyət ərəfəsində Naxçıvanın erməni təcavüzündən qorunmasında əhali amili”, Vəli Baxşəliyevin “Naxçıvan Milli Komitəsinin müstəqillik uğrunda mübarizəsi”, Qadir Qədirzadənin “Muxtariyyət ərəfəsində Naxçıvan və çevrəsində erməni zülmü (Osmanlı arxiv mənbələri əsasında)”, türkiyəli tarixçi, tarix elmləri doktoru İbrahim Ethem Atnurun “İmperialist güclərin Ermənistan naminə Naxçıvana yiyələnmək cəhdləri (1919-1920)”, rusiyalı tədqiqatçı, tarix elmləri namizədi Oleq Kuznetsovun “1921-ci il Moskva və Qars müqavilələrinə görə Naxçıvanın beynəlxalq hüquqi statusu (müqayisəli-hüquqi təhlil)” məqalələri də Naxçıvan tarixinin fundamental tədqiqi baxımından xüsusi maraq doğurur. Qeyd etmək lazımdır ki, təqdim edilən elmi məqalələrdə Azərbaycan, türk, rus, ingilis, fransız dillərində olmaqla, çoxsaylı arxiv sənədlərinə, elmi ədəbiyyat nümunələrinə, dövrü mətbuat səhifələrindən götürülmüş faktlara istinad edilmişdir. Jurnalda həmçinin müxtəlif fotoşəkillər və tarixi sənədlərin fotosurətləri də oxuculara təqdim olunmuşdur.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR