23 Dekabr 2024, Bazar ertəsi

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələr və cari ilin ilk 6 ayında görülən işlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib. Səhiyyə naziri Niyazi Novruzov sessiyada qarşıya qoyulan vəzifələr barədə məlumat verdikdən sonra bildirib ki, Səhiyyə Nazirliyi 2014-cü ilin birinci yarısında öz işini təsdiq olunmuş iş və tədbirlər planına uyğun quraraq nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirib, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması istiqamətində fəaliyyətini davam etdirib.
Sonra nazirliyin Tibbi statistika və informatika şöbəsinin müdiri Kəmalə Həsənova cari ilin ilk 6 ayında görülən işlərlə əlaqədar məruzə ilə çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə hər il olduğu kimi, bu ilin ilk 6 ayı ərzində də muxtar respublikamızda səhiyyə binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi aparılan quruculuq işlərinin tərkib hissəsinə çevrilib.

Bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikasında əhaliyə 237 səhiyyə müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 734 həkim, 2 min 94 orta tibb işçisi çalışır ki, bu da muxtar respublika üzrə hər 10 min nəfərin 17 həkimlə, 48 orta tibb işçisi ilə təmin olunması deməkdir.
Ötən müddət ərzində muxtar respublika ərazisində epidemioloji vəziyyətin sabit olduğunu deyən məruzəçi vurğulayıb ki, bu dövrdə zoonoz və digər təhlükəli infek­siyalar qeydə alınmayıb. Ərazi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən ərzaq ticarəti obyektlərinə baxışlar keçirilərək aşkar edilən nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib, 3613 obliqat qrupu müayinədən keçirilib.
Şöbə müdirinin sözlərinə görə, tibb müəssisələrinin ambulatoriya bölmələri xidmətin əhatə dairəsini genişləndirib, pasiyentlərin USM, EKQ, EXO-kardioqrafiya, parametr üzrə laborator, EEQ, rentgenoloji, flüoroqrafik müayinələri ötən ilin müvafiq dövrünə nisbətən xeyli artıb. Kompüter-tomoqraf aparatı vasitəsilə 1828, nüvə maqnit-rezonans aparatı ilə 498, mammoqrafiya aparatı ilə 412, qastroskopiya aparatı ilə 470, kolonoskopiya aparatı ilə 115 diaqnostika məqsədli müayinə aparılıb.
Qeyd olunub ki, bu il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı muxtar respublikamızda da uğurla icra olunub. Bu aksiyanın mütəşəkkil keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanıb, dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilib, şəhər və rayon tibb müəssisələrində maarifləndirici seminarlar keçirilib. Bu dövr ərzində muxtar respublikada 273 min 555 vətəndaş tibbi müayinədən keçirilib, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb ediliblər.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi ilə birlikdə bir sıra tədbirlər həyata keçirilib, ayrı-ayrı ixtisaslar üzrə həkim briqadalarının Naxçıvanda fəaliyyətləri təşkil edilib. Sosial layihələr çərçivəsində cari ilin ilk 6 ayında yüksəkixtisaslı həkimlər tərəfindən, ümumilikdə, 156 cərrahi əməliyyat, o cümlədən 44 nəfər xəstədə açıq ürək, 1 nəfər xəstədə periferik damar, 6 nəfər xəstədə plastik, 39 nəfər xəstədə göz əməliyyatları aparılıb.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərib, muxtar respublika əhalisinin sayı 1 iyun 2014-cü il tarixə bir il öncəyə nisbətdə 6 min 196 nəfər artaraq 437 min 67 nəfər olub.
Tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə 13 nəfər həkim və 2 orta tibb işçisi Türkiyə Respublikasının müxtəlif xəstəxanalarına, 8 həkim və 1 orta tibb işçisi Bakı şəhərinə, 38 nəfər orta tibb işçisi Naxçıvan Tibb Kollecinə kurs keçmələri üçün göndərilib.
Mart ayından orta tibb işçilərinin sertifikasiyasına başlanılıb, iyun ayının sonuna kimi imtahanda 240 nəfər iştirak edib, bunun 167 nəfəri uğurlu nəticə göstərib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Göz Xəstəxanasının, Kardioloji Mərkəzin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları mütəmadi olaraq ayda bir dəfə müxtəlif yaşayış məntəqələrində əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçiriblər.
İclasa Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov yekun vurub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən kollegiya iclasında tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyətlərinin və tibbi sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ də müzakirə edilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə keçirilən birgə kollegiya iclasında pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılması ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi sosial ekspert komissiyasının sədri Qadir Əliyev ötən yarımildə rayonlar üzrə tibbi sosial ekspert komissiyasına göndərilən müraciətlər, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, imtina olunan xəstələr haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyətlərini təhlil edib, tibbi sosial ekspert komissiyasına göndərişlərin vəziyyəti haqqında danışıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov iki nazirliyin birgə əməkdaşlığının muxtar respublikada əlilliyin təyin olunması vəziyyətinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Kollegiya iclasında müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR